Ev Bədii Üz-üzə 55-di, bir də Ehtiram İlham

Üz-üzə 55-di, bir də Ehtiram İlham

411

 

Ehtiram İLHAM – 55

***
Gözü gözəllik görəndə
Ənginlərə uçdu könül.
Minlərdən adlayıb, ötdü –
Birdi, üçdü, beşdi könül?!

Haralara düşdü yönü?
Kimlərə yetişdi ünü?
Çox axtardı bir xoş günü,
Tapmayıb da küsdü könül.

İçindəki doğan Aydı,
Aləmə nurunu yaydı.
Hər gələni heç kim saydı,
Hər sayanı seçdi könül.

Nə ki yalan var, öldürüb,
Dərdi ələmə güldürüb.
Gedənlə badə qaldırıb,
Hər gələnlə içdi könül.

Etdiyi nə əhddi belə?
Əhdi nə çox çəkdi belə?
Bu nə gecikməkdi belə,
Bu nə qaçaqaçdı, könül?

Ehtirama vaxt dardımı?
Nadanlar içrə vardımı?
Bu boyda da olardımı?
Bu da 55-di, könül.
09.12.23

***
Adam aşiq olan gündən
Gəzər haytalı-haytalı.
Qıymaz tapdasın – bir gülü
Üzər haytalı-haytalı.

Dərdi şəllənib dalında,
Əzabı qeylü- qalında,
Qara sevdalar yolunda
Əsər haytalı-haytalı.

İgid tutar savaşını,
Tökməz ətəkdən daşını.
Mərə düşmənin başını
Əzər haytalı-haytalı.

Bu can millət, qansız zaman
Ehtirama tutdu divan.
Canını üzən ağrıdan
Bezər haytalı-haytalı.
28.11.23

***
Canımda yüz ilin yorğunluğu var,
Yüz ildir canımı üzür yorğunluq.
Nə mən yorğunluqdan bezib, tükəndim,
Nə məndən tükənib, bezir yorğunluq.

Canı sağ olmuşlar cana dağ çəkir,
Dağı sinəm üstən cağbacağ çəkir.
Hər gecə dağlayır,
hər sabah çəkir,
Özünə bir yuva gəzir yorğunluq.

Ağrısını aldım, ağrı görməsin,
Mən gördüm, kimsənin bağrı görməsin.
Düşmən də yazıqdı, yağı görməsin,
Olsun dost yolunda yesir yorğunluq.

Ehtiram ruhunu endirib sözə,
Düşdü çox ağıza, gəldi çox gözə.
Ağrıyan canıyla qaldı üz-üzə:
Bir həsir, bir Məmmədnəsir yorğunluq.
19.11.23

***
Hər nə gördüm, gözümü elə qamaşdırdı ki…
Hər nə geydim, əynimin içinə dam-dardı ki…
Hər nə içdim, ağlımı nerəyə apardı ki…
Ömür bu qədərdisə.

Yuxu nədi, gecələr gözlərimdən süzüldü,
Tablayan ürəkdimi damarımdan üzüldü?
Sevgi nədi – ruhuma əlçim-əlçim düzüldü,
Ömür bu qədərdisə.

Harda pozuldu yazım, harda sındı qələmim,
Harda cücərdi dərdim, harda boy atdı qəmim?
Haralarda qalıbdı o sevincim, bu dəmim,
Ömür bu qədərdisə.

Sürdüyüm nə boydaymış, nə ağırmış sürdüyüm,
Gördüyüm taledəndi, qismətdəndi gördüyüm.
Qismətim bu
qədərmiş, qədərim bu ömürmüş,
Ömür bu qədərdisə.

Üz-üzə 55-di, bir də Ehtiram İlham.
Hər zulumdan keçsə də bir yol yemədi haram.
Bu məmləkət, bu dostlar, mən bu sevdamla varam,
Ömür bu qədərdisə.
18.11.23

Sevməz

Üzümüz qışadı – gəlib, yetişib,
Gecə – sonu gələn səhəri sevməz.
Üzü qara olsun qara üzlərin,
Nə anrı anlayar, nə bəri sevməz.

Odey…nə bələdçi görünən dağa,
Kimdi öz nəfsinə qoyan qadağa?
Nə sola burular, nə gedər sağa,
Nə dərdi, nə qəmi, nə səri sevməz.

Gözələ baxmaqdan göz heç doyarmı?
Doyanın bir zərrə allahı varmı?
Allahsız olana bu aləm darmı,
Nə göyü bəyənməz, nə yeri sevməz.

Ey kaş, sevinəydi bu can məmləkət,
Ya başına çarə qılaydı millət.
Sona yetişəydi bu son rəzalət,
Şər oğlu şər heç vaxt xeyiri sevməz.

Kim nədi, haçansa deyilməlidi,
Ehtiram üzünə söyülməlidi!
Şair də adamtək öyülməlidi,
Qoy olsun, hər şair şairi sevməz.
03.11.23

***
Zeynəb üçün

Heç nə istəmirəm – nə gözəl olub
Ömrüm bələnəndən dadına, qızım.
Yayın istisində titrəyən canım
Qış günü isinir oduna, qızım.

Elə şirinsən ki,.. balsan ki, elə…
Hər şeyə birtəhər dözürəm hələ.
Mən rahat yatacam qəbirdə belə –
Bircə yol düşərsəm yadına, qızım.

Ən ülvi duyğumsan, ən böyük arzum,
Gəl, hər gün bağrımın başına basım.
Adını qoydum ki, Anam yaşasın –
Canım qurban olsun adına, qızım!
01.11.23

***
Dünyada bir düz adam var,
O da sənsən, o da sənsən.
Düşmən gəzirsən – dostu seç,
Doğmana sən, yada sənsən.

Elə də çətin döy anmaq,
Qara sevdalara yanmaq.
Onu bir İlahi sanmaq,
Ona baxsan – O da sənsən!

Dərə-təpə, o yan-bu yan,
Kədərə yön, qəmə həyan.
Ömürə ömür calayan,
Ömrü verən bada sənsən.

Eh… bax nə zulumdu həyat,
Gözünü yum, qaşını çat.
Bir şey uydur, başını qat –
Nəvə, bala, ata sənsən.

Ölməyibsə gör Ehtiram,
Görməyibdi hələ haram.
Səndən gələn dərdə varam,
Mənə gələn qada sənsən.
29.10.23

Tapılacaq

Eh…biz də qocalırıq, nə qalıb vaxtımıza,
Bizim də qeydimizə qalanlar tapılacaq?..
Hansı hava üstündə içimiz kövrələcək,
Bizim də sazımızı çalanlar tapılacaq?

Nəyi yaşamışıqsa qarşımıza çıxacaq,
Kimə göz yetirmişik, üzümüzə baxacaq.
Bir balaca çırpıyla odamızı yaxacaq,
Ocaq nədi, kül nədi, bilənlər tapılacaq.

Görürdük çörək yoxdu, yenə bu yolu getdik!
Nə o döngədə döndük, nə də bu izdə itdik.
Düz dedik, haqq söylədik, həqiqətdən bəhs etdik,
Unamadıq, bu yolda yalanlar tapılacaq.

İlhamsız Ehtiramdı, 55-in içində,
Hələ ki, varıb gedir bu karvanın köçündə.
O yetim bacarmadı, siz sada bir seçin də –
Həmişə məslək üçün ölənlər tapılacaq.
27.10.23

****
Tale ki bu qədər mələdir səni,
Mən də bu yığvala gülərəm, dostum.
İçinə süzülən göz yaşlarını
Bircə baxışımla silərəm, dostum.

Çox da çəkilməz döy – dərd kopayoğlu,
Gözümüz qapalı, əlimiz bağlı.
Bir qara sevdadı aparan ağlı,
Sənə də bu eşqi dilərəm, dostum.

Gör, nə möhtəşəmdi o qarlı dağı…
Ruhunu oxşasın Vurğunsayağı.
Sənin ayağına dəyən daşcığı
Bu xəstə canımla dələrəm, dostum.

Həmən Ehtiramdı, ilhamı səssiz,
Barı bərəkətsiz,
çörəyi duzsuz.
Bir günü olmadı şeirsiz, sözsüz –
Sazsız həmin gün də ölərəm, dostum.
19.10.23

***
Əlvida, Türkün böyük övladı.
Bizim mələk bacımız.

Hamı da öz hayındaydı,
Heç nəyə ehtiyacımız yoxdu.
Allah ki yetmədi haya…
Bir özgə əlacımız yoxdu.

Yoxdu haqq deyilən heç nə,
Qoşuldu karvan köçünə.
Ax, bu nə yoldu, bu köç nə?..
Taa ağrı-acımız yoxdu.

Göylər bulud, göz yaşıydı,
Ürək özü boyda daşıydı.
Ata-ana, qardaşıydı –
Qənirə bacımız yoxdu.
28.09.23

***
Şeirin Şaiq Vəli ruhunda

..Yet ki, yeitsinlər,
İt ki, itsinlər.
Get ki, getsinlər,
Gəl ki, gəlsinlər…

Dan, danlasınlar,
Yan, yanlasınlar.
An, anlasınlar,
Bil ki, bilsinlər.

Bağla, bağlasın,
Saxla, saxlasın.
Ağla, ağlasın,
Gül ki, gülsünlər.

Sal ki, salsınlar,
Al ki, alsınlar .
Qal ki, qalsınlar,
Öl ki, ölsünlər.
13.09.23

Get

Mənim yollarıma daş dığarlanıb,
Mən dala gedirəm, sən qabağa get.
Havayı ötürdüm yaxşı nə varsa,
Sən ucuz tutmaynan ömrü, baha get.

Mən sızlayacam, sən güləcəksən,
Gözümün yaşını tək siləcəksən.
…Mən keçmişinəm, sən Gələcəksən,
Mən taa dünəndəyəm, sən sabaha get.

Adam bildiklərim saymadı məni,
Adam yerinə də qoymadı məni.
Tanrım adamlığa qıymadı məni,
Səni tapşırıram bir Allaha, get.
10.09.23

***
Məni tanıyanda biləssən, kiməm –
Biləndə özünü tanıyacaqsan.
Ocaq nədən yanır, kül niyə sönür –
Odunu-közünü tanıyacaqsan.

Günah taledəmi, belə yazanda?
Ya gözlərimdimi, yolu azanda?..
Yüzündən birini tanımasan da,
Birindən yüzünü tanıyacaqsan.

Qara sevdalardan solan bənizi,
Nə fələk açdırar, nə Eşqin bəsi.
Söyəndə yaxşını, öyəndə pisi,
Deyəndə sözünü tanıyacaqsan.

Ömrün çisək kimi səpən qarında,
Bir haqq savaşının dolaylarında,
Ehtiram İlhamın yas çadırında
Çalınan sazını tanıyacaqsan.
21.08.23

***
Elə əvvəlindən ağlım kəsmədi,
Biləndə – biləcəm,
vaxt yetişəndə.
Ürəkdən ağladım, bir də ürəkdən
Güləndə – güləcəm,
vaxt yetişəndə.

Dövran at səyirdir, qılınc çəkərək,
Baxtdan nə gördük ki,.. vaxtdan nə görək?
Əzrayıl deyilən o huri-mələk
Gələndə – gələcəm, vaxt yetişəndə.

Allandı, xallandı, ballandı üzlər,
Nənədir, dərdindən öldüyüm qızlar.
İçimdə arzular, ruhumda sözlər
Öləndə – öləcəm,
vaxt yetişəndə.
04.08.23

***
Gözəl-gözəl xanımların
Əlləri əlimdən çıxdı.
Qurudu, saraldı, soldu,
Gülləri əlimdən çıxdı.

Oğrun-oğrun, hürkək-hürkək,
Könül-könül, ürək-ürək…
Məxmər-məxmər, ipək-ipək
Telləri əlimdən çıxdı.

Nə ki sevdalar var, bitdi…
Ehtiram kamına yetdi.
Ömür diyirlənib, getdi –
İlləri əlimdən çıxdı.
03.08.23

***
Allah ömür versə, çatacam axır,
55-inə də bu fani ömrün.
Canımdan nə boyda can qoparıbdı –
İstəyinə yetib bu cani ömrüm.

Elə bu boydadı, çoxu qalmayıb,
Nişangahı boyda oxu qalmayıb.
Fəryadı tükənib, ahı qalmayıb,
Sevinci, nəşəsi bə hanı ömrün?

Gözünü də qırpma Ehtiram üçün.
Toyu yas olacaq, matəmi düyün.
Dünəni dünəndi, bu günü bu gün,
Tanrım, nə olacaq sabahı ömrün?
04.07.23

***
Görüb görəcəyim elə bu imiş,
Ömrün qışı, yayı, baharı mənim.
Ölüm nə rəngdəsə, eləcə gəlsin,
Qapqara, yamyaşıl, sapsarı mənim.

Dərdi ürəyimi perikləndirib,
Dəmi istəyimə sevinc əndərib,
Astarı üzünə elə döndərib,
Üzünə çevilib astarı məni.

Aşina yanında nə möhnət, nə qəm.
Dağlar hüzurunda at səyirdirəm.
…Dünyanın ən acı adamı mənəm,
Dünyanın ən şirin dostları mənim.
27.06.23

***
Əziz, doğma və istəkli Gədəbəy camaatına

Nə gözəl Vətənsən, nə şirin yurdsan,
Canım fəda olsun belə millətə.
Özünün özündən xəbərin yoxdu,
Durub da dözürsən hər məşəqqətə.

Bizim nəyimiz var, zulumdan betər,
Hər dərdə qatlaşan elimdən betər.
Belə yaşamaq da ölümdən betər,
Niyə göz yumuruq bu həqiqətə?

Ya yanıb kül olluq, ya da ki azad…
Ya abad olarıq, ya da ki, bərbad.
Nə belə yurd olmur, nə belə həyat…
Nədən boyun əydik bu rəzalətə?

Guya yurddan ötrü qurban gedirik,
Ya da canımızı fəda edirik…
Ya bizə deyirlər, ya biz deyirik,
Nə əzab veririk bu məmləkətə?!
22.06.23

***
Adam qocalanda elə qocalır…
Ağlına gəlmir ki cavan olubdu.
Yavan nə yeyirsə, doydurur onu,
Yediyi hər nə var, yavan olubdu.

Göz dikib boylanıb, gələn yollara,
Açır içini də hallı hallara.
Düşür sevgi adlı qalmaqallara,
Vurulub bir ruha, həyan olubdu.

Vara Eşq söyləyib, Eşqə var deyib,
Qara sevdalara könlünü verib.
Özünü bir yana gətirəmməyib,
Sonunda Ehtiram İlham olubdu.
20.06.23

***
… Sonra deyəcəksiz yola getmədi,
Sonra deyəcəksiz ağlı çatmadı.
Bircə ruhu vardı, göylərdə uçan,
Ona da dəyməyə əli yetmədi.
Qiymət söylədilər, baha dedilər,
Möhtacı olsa da hər an hər şeyə,
Heç kimi heç nəyə heç vaxt satmadı-
Silin, sevdasızlar könlündən məni.

Belə… nə olsun ki, yaxşılar azdı,
Belə… nə olsun ki, çoxdu yamanlar.
Bütün arzuları məhv eləyibdi –
Əlçatmaz duyğular, boş-boş yalanlar.
Yazıqlar, atamız, anamız oldu,
Bizi ömür boyu yıxdı yalanlar.
Asın doğruların dilindən məni.

Bu yurd sevgisidir, torpaq sevdası,
Keçibdi içimdən məmləkət mənim.
Bu Vətən bütövlük görməyənədək
Ya savaş yenəcək, ya həsrət məni.
O boyda ucadır, bu qədər əziz –
Başının tacıdır bu millət mənim.
Tanrı ayırmasın elimdən məni.

Qalmadı başıma gəlməyən bir iş,
Bir belə zülümü fələk tapmadı.
Hər şeyi yolunda qurban demişdim,
Sonra ha axtardım, ürək tapmadım.
Bir quş dimdiyində gəzdim nə qədər,
Sonra deməyin ki, çörək tapmadı –
Alın, bu ölümün əlindən məni.
31.05.2023

Bu qara sevdalar…

Keçdi ömrümüzdən dar ağacıtək
Çəkdi ruhumuzu dara sevdalar.
Nə yeri göy sandıq, nə də göyü yer,
Hayandan yol aldı hara sevdalar?

Yox, şükür bu günə – ölməmişiksə,
Nahaqqa haqq deyə bilməmişiksə.
Bu fani aləmə gülməmişiksə,
Güləcək sərvətə-vara sevdalar.

Yalan kimi harda gətirdi dizə,
Sözü bir Eşq sanıb, Eşq dedi sözə.
Hələ Ehtiramla durub göz-gözə –
Bu qara sevdalar, qara sevdalar.
20.04.2023

***
Yaxşılıqdan doyma, könül,
Yaman günü olan günü.
Kimin yadından çıxarsan,
Kim yadına salan günü.

Nə var sevib-sevilməyə,
Sevdiyinə can deməyə.
Bir də görüşə gəlməyə –
Görüşünə gələn günü.

Hər kimə ürək verərsən,
Onu canında görərsən.
Sevincindən hönkürərsən,
Dərd üzünə gülən günü.

…Bir gün məndən də doyarsan,
Məni də özün sayarsan.
Əlinə xına qoyarsan,
Ehtiramın ölən günü
10.04.2023

***
…Belə də bu ömrü puç yaşamadım,
Haqqa can söyləyib, hürr olan kımı.
Kimin allahı var, özünə qalsın,
Mən Tanrı deyəcəm, var olan kimi.

Sevda ayrı hoqqa, könül özgə şey…
Yaltaqlan nə boyda, yalan söylə heyy.
Sonda da heç kimə eyləmə giley,
Nə var, görünərsən göz görən kimi.

Kim öz taleyinə çəkib, yaşayır,
Kim dərdi içinə büküb daşıyır.
…Yaşadım, yaşayan necə yaşayır –
Öləndə öləcəm mən ölən kimi.
17.03.23

***
Hər ömrün bir ölümü var,
Nə çəkə bilirsən, apar.
Qalsa, bir xatirəm qalar –
Qalmamış kimi yox ollam.

Sevda nədir, bildim həmən,
Yapışdım dərddən, kədərdən.
Gördüm, doymadım heç nədən,
Görməmiş kimi yox ollam.

Bu da ömrün son mənzili,
Anı, günü, ayı, ili.
Hər ağrını, hər nisgili
Bilməmiş kimi yox ollam.

Tanrı eşqi, dost məlhəmi,
Hər alçaq könlün həmdəmi.
…Yox idim, olmamış kimi,
Olmamış kimi yox ollam.
12.03.23

Tural Adışirinin təqdimatında