Ev Bədii Ramiz Qusarçaylı – 65

Ramiz Qusarçaylı – 65

110
Ramiz Qusarçaylı – 65
Bu gün
tanınmış Azərbaycan şairi,
publisist və ictimai xadim,
Yazıçılar Birliyi Quba bölməsinin sədri Ramiz Qusarçaylının 65 yaşı tamam olur (Ramiz Mürsəl oğlu Həmzəyev; 25.12.1958, Çartəpə, Quba).
Ramiz Qusarçaylı indiyədək Qubada müxtəlif məsul vəzifələrdə çalışıb, o cümlədən bölgə yazarlarının təşkilatlanması, onlar üçün (yaxud onların iştirakı ilə) münbit ədəbi-mədəni mühit yaradılması yönündə səmərəli xidmət göstərib.
O, hələ 17 yaşındaykən, Xalq şairi Osman Sarıvəllidən uğurlu yol və “Qusarçaylı” təxəllüsünü alıb.
1993-cü ildə Qubada bölgə yazarlarını özündə birləşdirən “Ay işığı” adlı ədəbi məclisi Ramiz Qusarçaylı yaradıb. 1994-cü ildə “Ay işığı” ocağında Azərbaycan Yazıçılar Birliyi (AYB) Quba bölməsi qurulub. O, həmin ildən AYB-nin üzvü, 2002-ci ildən 2015-ci ilə kimi Birliyin Quba bölməsinin başçısı olub; 2022-ci ildən yenidən həmin vəzifəni daşıyır.
Görkəmli alimlər, şair-yazıçılar Ramiz Qusarçaylının yaradıcılığına həsr edilmiş sanballı yazılarla çıxış edib.
Şairin “Çörəyim daşdan çıxır”, “Ömür qapıları”, “Bir çiçək axşamı”, “Nə ğözəldi yolun, Allah”, “Almalı kitab”, “Gedəsən dünyanın axırınacan”, “Vətən”, “Göyəm ağacı” və b. adda şeir, poema, tərcümə kitabları, “Quba” foto-albomu, tərtibçisi olduğu almanaxlar, onlarla elmi, bədii və publisistik məqaləsi oxucuların marağına səbəb olub. “Azərbaycan bayrağı” şeiri müxtəlif dərs vəsaitlərinə, toplulara salınıb və təsadüfi deyil ki, onu “Bayraq şairi” adlandırırlar.
Ramiz Qusarçaylı “Ay işığı” ədəbi məclisinin rəhbəri kimi Dərbəndin ədəbi qüvvələri ilə sıx əlaqələr qurub; bu da, milli tərkibi müxtəlif olan bir bölgədə dostluğa, qardaşlığa və işıqlı sabaha xidmət edən ədəbi mühitin yaranmasına gətirib çıxarıb.
Şairin şeirləri qardaş ölkə və topluluqların türkcəsinə, Ukrayna, rus, ingilis, fars dillərinə və Dağıstan xalqlarının dillərinə çevrilib.
Prof.Dr. Vaqif Arzumanlının “Təbiət, qeyrət, həqiqət şairi”, Prof.Dr. Şahin Fazilin “Sözləri ecazdı Qusarçaylının”, şair-publisist Zakir Məmmədin “Haqqın cəlalı Qusarçaylı şeirində”, şair-publisist Gülarə Aydının “Məni yaman tutub şeir havası” və şair-rəssam Qərib Aşkarinin “Əlini ver, Qusarçaylı” adlı kitabları Ramiz müəllimin həyat və yaradıcılığınıza həsr edilib. Yaradıcılığı haqqında 700-dən çox məqalə, şeir, esse, kurs və diplom işi, dissertasiyalar yazılıb.
Şair “Azərbaycan bayrağı” şeirinə görə 2019-cu ildə “VEKTOR”un Şahmar Əkbərzadə adına Beynəlxalq ödülü, 2022-ci ildə “Vətən” poemasına görə Əhməd Cavad adına ödülü, yenə 2022-ci ildə “Aşıq Ələsgər–200” yubiley medalı ilə təltif olunub.
Ramiz müəllimi yaradıcılıq uğurları və yubileyi münasibəti ilə təbrik edir, yeni yaradıcılıq uğurları diləyirik!
Azərbaycan Respublikası
Milli Məclisinin Mədəniyyət Komitəsi