Dilimizvarlığımız.az gənc şair Ayşən Qədirovanın şeirlərini təqdim edir.
“Mən bir qız tanıyıram”
Mən bir qız tanıyıram, oturub ağac altda.
Yuxuma tez-tez gəlir üzünü unudanda.
Gözlərin dikib mənə, elə bil ağlayacaq.
Söz desən gözlərində, damlalar parlayacaq.
Yalnızlıq var üzündə, dodaqları quruyub.
Səsi batıb elə bil, səs-səmirsiz oturub.
Kəsiblər saçlarını, qırılıb oyuncağı.
Yoxdu sanki heç kimi, yox anası, atası.
Unudulmuş bədəni üşüyür torpaq üstə.
Yaraları var sanki, dərinlikdə, qəlbində.
Duman var ətrafında, dayanıb mənə baxır.
Dili susub, amma ki, gözləriylə danışır.
Mən bir qız tanıyıram,oturub ağac altda.
Nə vaxtsa sən də görsən, saçlarını sığalla.
*****
“Bəlkə həyat mənə qışdır?”
Niyə gülmür artıq heç kim?,
Niyə çıxmır göyqurşağı?
Hava niyə belə soyuq,
Göyün üzü niyə ağdı?
Niyə geyib qara rəngi
Cavanlar yenə evdədi?
Sevinəcək xoş günlərə,
Payımız yenə kədərdi.
Saçlar bəyazdı 40 yaşda
Ömrün qalanı hardadı?
Sanki əvvəl xoşbəxt idik.
Sanki o vaxt hər şey vardı.
Axı niyə sevmir heç kim?
Görən sevmək günahdımı?
Niyə sevmir axı insan,
Öz qanından olanları?
Niyə gedir sevgililər
Niyə qalan ağlamadı?
O qədərmi adiləşib?
Yoxdumu həyatın dadı?
Bahar fəsli gəlib yenə.
Yenə qızılgül açmadı.
Bəlkə gözümdə pərdə var?
Bəlkə həyat mənə qışdı?
Bəlkə həyat mənə qışdı?
***
“Xatırlamaq istəyirəm!”
Xatırlamaq istəyirəm!
Olanları, keçənləri,
Bir də qəlbdə yara olub,
Heç bitməyən o illəri.
30 ilin həsrətiylə
Yanan kövrək ürəkləri,
Sevinc dolu fərəhiylə
Xatırlamaq istəyirəm!
Nazim, Hikmət və Nadiri,
İsaxan ilə Ramiqi.
Adını çəkmədiyim
Daha neçə şəhidləri,
Qazandığı zəfəriylə
Xatırlamaq istəyirəm!
Gecə yağan bombaları,
Fəryad edən anaları,
Dastan olan Xudayarı,
Gözündəki gülüşüylə
Xatırlamaq istəyirəm!
Payız fəsli, yağış yağır.
Su isladır bu torpağı.
Ağaclardan qopub düşən
O saralmış yarpaqları,
Yaşıllaşmış halı ilə
Xatırlamaq istəyirəm!
Vətənimin vahidliyi,
Sonsuz olan gözəlliyi,
Qazandığı bu zəfəri
Daim olsun istəyirəm.
Xatırlamaq istəyirəm!
Ölməz olan şəhidləri,
Xatırlamaq istəyirəm!