Tanınmış şair Rəsmiyyə Sabirin Qazaxıstanda “Şeir qadın” adlı kitabı işıq üzü görüb. Kitabın redaktoru tanınmış qazax şairi, Əməkdar mədəniyyət xadimi, ictimai xadim, alim və pedaqoq Dövlətgərəy Kapoğludur. Kitabı qazax dilinə Qazaxıstan Yazıçılar Birliyinin üzvü, “Ayböz” Milli Ədəbi Mükafatı laureatı, şair və tərcüməçi Asem Erejeqızı uyğunlaşdırıb. Kitab “Foliant” nəşriyyatında çap olunub.
Kitabda Rəsmiyyə Sabirin zəngin poetik dünyasını əks etdirən seçmə şeirlər yer alıb. Müəllif insan ruhunun dərin qatlarına enərək vətən sevgisi, şəhidlik və azadlıq uğrunda mübarizə kimi əbədi mövzuları yüksək bədii dillə təqdim edib.
Kitabdakı şeirlərdə Qarabağ ağrısı, Şuşa həsrəti və qələbə sevinci ilə yanaşı, insanın daxili iztirabları, mənəvi axtarışları və həyatın faniliyi fəlsəfi baxımdan dərindən işlənilib. Müəllifin səmimi və təsirli üslubu oxucunu həm düşündürür, həm də duyğulandırır.
Rəsmiyyə Sabirin poeziyası yalnız Azərbaycanda deyil, bütövlükdə Türk dünyasında geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanır və yüksək dəyərləndirilir. Onun şeirləri müxtəlif dillərə tərcümə olunmuşdur.
“Şeir qadın” kitabı Qazaxıstan oxucusuna müasir Azərbaycan poeziyasını tanıtmaqla yanaşı, ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər fonunda türk xalqları arasında ədəbi körpü rolunu oynayır.








