Ev Xəbərlər BDU-nun Qazax filialında Dünya Gənc Türk Yazarlar Birliyinin tədbiri keçirilib

BDU-nun Qazax filialında Dünya Gənc Türk Yazarlar Birliyinin tədbiri keçirilib

624

BDU-nun Qazax filialında Dünya Gənc
Türk Yazarlar Birliyinin tədbiri keçirilib.

dilimizvarligimiz.az  xəbər verir ki, Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) “Nizami Gəncəvi irsi və gənclik” adlı layihənin icrasının davamı olaraq tədbirlər keçirir.

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihə ilə bağlı növbəti tədbir Bakı Dövlət Universitetinin Qazax filialında baş tutub.

Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvləri, filialın professor-müəllim heyəti və tələbələr iştirak edib.

Filialın direktoru Arif Rüstəmov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb, iştirakçılara uğurlar arzulayıb. Dünya Gənc Türk Yazarlar Birliyinin icra etdiyi layihə çərçivəsində növbəti tədbirin BDU-nun Qazax filialında keçirilməsinin əlamətdar hadisə olduğunu diqqətə çatdıraraq təşkilat rəhbərliyinə təşəkkür edib. A.Rüstəmov 2021-ci ildə ölkəmizdə Nizami Gəncəvi ilə bağlı önəmli silsilə tədbirlərin keçirilməsindən və bu tədbirlərin bu gün də davam etməsindən söz açaraq böyük mütəfəkkirin əsərlərinin gənc nəslin formalaşmasında mühüm rol oynadığını qeyd edib.

Bundan sonra tədbirin aparacılığını edən DGTYB-nin başqanı, şair-publisist İntiqam Yaşar çıxış edərək Nizami Gəncəvinin öz şeirlərində insanın kamilləşməsində elmə, biliyə, kitaba, tərbiyəyə yüksək yer verdiyini, şəxsiyyəti hər hansı bir rütbə deyil, yalnız elm, bilik, tərbiyə ucalda biləcəyini xüsusilə vurğulayıb, insanların təfəkkür səviyyəsinin formalaşmasında, elmli, intelektli gənc nəslin yetişməsində böyük rol oynadığından söz açıb. İntiqam Yaşar layihə çərçivəsində yeni nəsil araşdırmaçıların və yazarların Nizami Gəncəvi irsinə həsr olunmuş məqalələrindən ibarət olan “Nizami Gəncəvi irsi və gənclik” adlı kitabi təqdim edib.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən olduğunu qeyd edib, nəhəng sənətkarın parlaq irsinin əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxladığını bildirib.

Sonra filialın dil, ədəbiyyat və onların tədrisi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru İradə Arıxova, kafedranın baş müəllimi Mustafa Mustafayev, müəllim Türkan Carçıyeva, ictimai fənlər kafedrasının baş müəllimi Mübariz Süleymanov çıxış edərək Nizami Gəncəvi yaradıcılığından, onun dünya və Şərq ədəbiyyatının bədii fikir tarixində əhəmiyyətli rolundan söz açıblar. Tədbirdə filialın tələbələri N.Gəncəvinin şeirləri ifa ediblər.

İntiqam Yaşar tədbirin yüksək səviyyədə keçirilməsinə şərait yaradıb təşkil etdiyinə görə filialın rəhbərliyinə birliyin üzvləri adından minnətdarlığını bildirib.

Sonda A.Rüstəmov DGTYB-nin öz fəaliyyətini daha da genişləndirəcəyinə əmin olduğunu bildirib, gələcəkdə də filialda belə tədbirlərin keçirilməsini arzu edib.

Tədbirin sonunda tədbirin təşkilatçılarına DGTYB-nin diplomları təqdim olunub.

Elçin İsmayil,
BDU Qazax filialının Mətbuat Xidmətinin rəhbəri.