Dostum-qardaşım, araşdırmaçı-yazar Eltən Törəçi bugünlərdə növbəti ilginc yazı ilə çıxış etdi: DİBRAR/DÜBRAR – BİR DAĞ ADININ YADDAŞI (https://cagri.az//xeber/dibrar-dubrar-bir-dag-adinin-yaddasi-2733). Doğrusu, daha öncələr bir çox toponimimiz, dəyişimə uğramış yer adlarımız haqqında düşünüb-daşınsam da,
nə Dübrar, nə də, örnəyi, Dübəndi haqqında düşündüyüm, yazdığım yadıma gəlmir. Hətta, indi
“Düdəngə (Şərurda yaşayış məntəqəsi), Düylün (Ordubadda kənd), Düyərli (Şəmkirdə kənd; Tərtər ərazisində də eyni adlı toponim var) adlarının etimologiyasını da eyni müstəviyə daşımaq olarmı?” deyə düşünməkdəyəm.
Gəlin hələlik Dübrara odaqlanaq.
Dibrar/Dübrar toponiminin etimologiyası haqqında qəti sonuca varmaq üçün tarixi xəritələrin, arxiv bəlgələrinin, dialektoloji materialların, mikrohidronimlərin və müqayisəli türk dili faktlarının birgə öyrənilməsinə ehtiyac vardır. Bununla belə, adın Azərbaycan-türk dil mühiti içində izahı üçün diqqətəlayiq dil faktları mövcuddur.
Byurun, görün bizim irəli sürdüyümüz yeddi tezis bu gümanı sistemli şəkildə araşdırılmağa layiq türkoloji hipotez kimi vurğulamağı haqq edirmi?
I TEZİS
Etimoloji araşdırmanın çıxış nöqtəsi “Dübrar”dan öncə “Dibrar” olmalıdır
Toponimin çağdaş forması Dübrar olsa da, tarixi qaynaqlarda Dibrar variantının varlığı etimoloji araşdırmada xüsusi önəm daşıyır.
Toponimlərin tarixi öyrənilərkən əsas metodoloji prinsiplərdən biri onların mümkün qədər qədim yazılı formalarının müəyyənləşdirilməsidir. Çünki yüzillər boyu saitlərin dəyişməsi, samitlərin “əriməsi”, başqa əlifbalarla yazılış, kartoqrafik transkripsiya və yerli deyiliş ədəbi formanı dəyişdirə bilər.
Çağdaş uluslararası coğrafi bazalarda belə, dağın Dübrar Dağ, Dubrar Dag, Gora Dibrar, Gora Dobrar, Gora Dyubrar, Дибрар kimi müxtəlif variantları qeydə alınır. Bax, bu faktın özü adın fonetik tarixinin ayrıca araşdırılmasının zəruriliyini göstərir.
Deməli, etimoloji sıra
“Dibrar” – “Dübrar” və digər variantlardan ilkin formaya keçid şəklində qoyula bilər.
II TEZİS
DİB/DİP/DÜP/TÜP türk dillərində eyni qədim semantik yuvaya mənsub formalardır
Dübrar məsələsində ən ilginc faktlardan biri dib sözünün türk dillərinin qədim leksik qatına aid olmasıdır.
Müqayisəli türkoloji materiallarda qədim tüp/tüb sözünün “dib, əsas, bünövrə, aşağı hissə, kök” semantikası ilə çox geniş coğrafiyada yaşadığı görünür.
Türk dilləri arasında müxtəlif fonetik variantlar qeydə alınır:
tüp – tüb – düp – dip – dib – tub – töp…
Örnəyi, türkoloji araşdırmalarda qədim türk tüp forması ilə çağdaş Türkiyə türkcəsinin dip, müxtəlif türk dillərinin tüb, tüp, düp, Xələc türkcəsinin dib formaları eyni tarixi söz ailəsi içində göstərilir.
Bu, olduqca önəmli faktdır.
Çünki belə olduqda Dibrar sözünün başlanğıcındakı dib- bölümünü türk dili baxımından araşdırmaq yalnız dışarı səs bənzərliyinə əsaslanan cəhd sayıla bilməz.
Əksinə, onun arxasında qədim türk dilinin gerçək və geniş yayılmış:
tüp/tüb/düp/dip/dib = dib, əsas, aşağı hissə, kök
semantik sırası dayanır.
Azərbaycan türkcəsində isə bu qədim söz dib şəklində bütün canlılığı ilə yaşayır:
dağın dibi, dərənin dibi, quyunun dibi, suyun dibi…
Toponimik baxımdan da məhz dağ, dərə və su hövzəsinin “dib” anlayışı ilə adlandırılması tamamilə təbii modeldir.
III TEZİS
ARIĞ → ARI türk dilinin bəlgələşmiş tarixi inkişaf xəttidir
Bəli, növbəti önəmli söz yuvası ar/arığ/arı çevrəsindədir.
Qədim türk yazılı abidələrində arığ sözü “təmiz, pak, saf” anlamlarında işlənmişdir. Yeri gəlmişkən, Gədəbəydə Arıqdam adlı kənd var. Quzey Kıprıslı dostumuz Erhan bəyin soyadı Arıklıdır və o, ulu babalarının Borçalıdan Kıprısa köçmüş olduğunu deyir.
Tarixi türk dillərində sözün sonundakı -ğ/-g samitinin zəifləyərək düşməsi nəticəsində arığ → arı inkişafı türkoloji ədəbiyyatda tanınan fonetik olaydır.
Orxon və qədim uyğur bəlgələrində arığ, sonrakı türk dili qatlarında isə arı formaları gözləmlənir. Türk dillərinin bir qismində qədim forma bu günədək arığ/arık tipində qorunub, digərlərində son samit düşüb.
Azərbaycan dilindəki:
arı – təmiz, saf, duru;
arınmaq – təmizlənmək;
arıtmaq – təmizləmək
sözləri bax, həmin qədim semantik sistemin yaşayan davamıdır.
Azərbaycan dilinin özündə də ünlü:
“Aydan arı, sudan duru” deyimi arı sözünün saflıq və duruluq semantikasını qoruduğunu göstərir. Sözçük bəlvələrində Azərbaycan arısı proto-türk arïg forması ilə bağlantılı sayılır.
Qədim türk yazısı üzrə araşdırmalarda da arığ “təmiz, arı, qüsursuz, qutsal”, arınmak “təmizlənmək”, arıtmak “təmizləmək” şəklində vurğulanır.
Deməli, arı komponentinin türkcəliyi dartışmalı sayılmamalıdır.
Dartışmalı, araşdırılmalı olan başqa məsələdir:
bu qədim söz Dibrar/Dübrar toponiminin içində iştirak edirmi?
IV TEZİS
DİB + ARIĞ / ARI modeli fonetik-semantik hipotez kimi araşdırılmağa layiqdir
İlk iki tezisi birləşdirəndə ilginc model yaranır:
dib + arığ
və yaxud sonrakı mərhələdə
dib + arı.
Semantik baxımdan bunu şərti şəkildə “dibdəki təmiz/saf su”, “dibdən gələn arı (saf) su” anlayışı ilə bağlamaq qayət mümkündür.
Burada Dübrar coğrafiyasının hidroloji özəllikləri önəm qazanır.
Dağlıq ərazidə bulaqların mövcudluğu, suyun dağın qoynundan çıxması və həmin su sisteminin bölgənin yaşamında önəmli yer tutması belə semantik model üçün doğal coğrafi zəmin yaradır; lakin bax, burada elmi çəkingənlik vacib sahıla bilər.
Dib + arığ → Dibrar keçidini hazırda fonetik qanunauyğunluqların tam zənciri ilə sübut edən tarixi ara forma hələ əlimizdə yoxdur.
Başqa sözlə:
dib türkcədir;
arığ/arı türkcədir;
hər ikisinin semantikası Dübrarın təbii mühitinə uyğundur;
amma
Dibrar = dib + arığ
eşitliyi hələ elmi hipotezdir.
Bu fərqin qorunması hipotezi öləzitmir – əksinə, onu ciddi elmi dartışmaya açır.
V TEZİS
BAR/BARI modeli Dübrarın relyefi ilə ikinci türkoloji izah imkanı yaradır
Dibrar/Dübrar adının başqa mümkün açılışı bar/barı sözü ilə bağlana bilər. Bu barədə məndən öncə, araşdırmaçı-yazar, türkoloq Eltən Törəçi də yazıb.
Azərbaycan dilində barı – “hasar, sınır, divar” anlamında işlənmiş sözdür. Çağdaş öyrətim-sözlük materiallarında belə hasar sözünün qarşılığı sırasında barı, sınır göstərilir.
Belə olan halda:
dib + barı
birləşməsi “barının/sınırın dibi”, “təbii divarın dibi” kimi coğrafi semantika yarada bilər.
Dübrar–Kolanı ərazisinin relyefi – dağ silsilələrinin yaratdığı təbii sınır, onların arasındakı dərələr – belə bir adlandırma modelini coğrafi baxımdan mümkün edir.
İlgincdir, Xızı bölgəsi haqqında yerli araşdırmalarda məhz Dibarı – Dib barı yozumu irəli sürülüb və bu, dağların yaratdığı doğal divarlarla bağlanıb. Ancaq burada da əsas qayğı eynidir. – Dibarı formasının Dibrardan daha qədim olduğunu göstərən erkən yazılı bəlgə hələ tapılacağı günü gözləyir.
Gələcək arxiv araşdırmalarında Dibarı, Dibari, Dıbarı və buna yaxın tarixi variantlardan biri üzə çıxarılınca, dib + barı hipotezinin elmi çəkisi önəmli dərəcədə artacaqdır.
VI TEZİS
“İki qardaş” izahı mümkün etimologiyalardan biridir, lakin bu da sübut edilmiş sonuc sayıla bilməz
Dübrarın fars dil materialı əsasında dü + birar/biror – “iki qardaş” kimi açıqlanması bəlli bir yozumdur.
Ancaq toponimik etimologiyada “söz bu dildə belə səslənir və coğrafi obyekt də buna oxşayır” arqumenti yetərli deyil.
Sübut üçün ən azı:
tarixi yazılış ardıcıllığı,
yerli qədim deyiliş,
fonetik irəliləmə,
oxşar toponimlər,
dilin həmin mikroarealdakı tarixi durumu və s. bir-birini tamamlamalıdır.
Əgər XIX yüzilin bəlgələrində Dibrar forması mövcuddursa, “iki qardaş” modeli ilk növbədə bu i saitini və bütöv tarixi formanı izah etməlidir. – Elə deyilmi?
Buna görə “iki qardaş” versiyası ən yaxşı halda, digər hipotezlərlə eyni elmi sınaqdan keçirilməli etimoloji güman kimi qiymətləndirilməlidir.
Bir yozumun uzun müddət təkrar edilməsi onun avtomatik olaraq elmi həqiqətə çevrilməsi anlamına gəlmir. – Əsas metodoloji tələb budur.
VII TEZİS
Dübrarın açarı bütöv toponimik landşaftın içində axtarılmalıdır
Ən önəmli tezis elə bu ola bilər.
Dübrar ayrıca götürülmüş, dil mühitindən çıxdaş söz deyil.
Onun çevrəsində:
Altıağac, Ataçay, Ağdərə, Aladaş, Qarabulaq, Güneyqışlaq, Taxtayaylaq, Quşçu, Təkəli, Kolanı və başqa Azərbaycan-türk toponimləri yaşayır.
Bu adlar relyefi, suyu, rəngi, köç yaşamını, elat-buduq sistemini əks etdirən bütöv bir toponimik ekosistem yaradır.
Dübrarın etimologiyası da həmin sistem içində araşdırılmalıdır – deyənlər qətiyyən haqsız sayılmaz.
Bu baxımdan gələcək araşdırmanın ən doğru yolu beş material qatını birləşdirməkdir:
tarixi kartoqrafiya, türk tarixi fonetikası, Azərbaycan dialektologiyası, hidronimi, etnotoponimi…
Ən qədim xəritələrdə Dibrar necə yazılıb?
Yerli əhali XX yüzilin əvvəllərində onu necə söyləyib?
Dağın bulaqlarının qədim adları nə olub?
Dib/dip/düp/tüp köklü başqa Azərbaycan və ümumtürk toponimləri varmı?
Arı/arığ komponentli bulaq, çay və yer adlarının paralelləri necədir?
Barı komponentli Azərbaycan toponimləri hansı relyef özəllikləri ilə bağlıdır?
Bax, bu suallar cavablandırıldıqdan sonra Dibrar – Dübrar tarixinin daha etibarlı fonetik-etimoloji modeli qurula bilər.
Beləliklə,
hələlik yazdıqlarımızın heç birini “Dübrarın qəti etimologiyası budur” şəklində təqdim etmək də, etməmək də suç olmaz. Lakin artıq başqa bir sönucu söyləmək üçün yetərincə əsas vardır:
Dibrar/Dübrar adının türk dili içində etimoloji yozumu təsadüfi söz oxşarlığı sayılmamalıdır; bu, qədim və geniş türk leksik qatlarına söykənən ciddi araşdırma yönüdür.
Dübrarın ən qədim gizlini sözün minillər içində itirdiyi bir-iki səsdə gizlənmiş də ola bilər.
Belə deyək: bir ğ düşüb… bir sait dəyişib… bir heca sıxılıb… amma budur dağ öz yerindəcə qalıb. Aydan arı su da yenə dağın dibindən çıxıb. Dil isə həmin su kimi yüzillərin daşları arasından özünə yol tapıb.
Ona görə Dübrarın etimologiyasını axtararkən türk dilinin dərin qatlarına enmək gərəkdir.
Çün bəzən bir dağın adını anlamağın yolu zirvəyə qalxmaqdan öncə sözün dibinə enməkdən keçir.
Suyumuz axar, dağımız baxar, ağacımız yaşıl olsun!
Axırımız su kimi durulsun!
Gedərkən arxamızca bir cam su səpən bulunsun!
Salam-sayğılarla,
Əkbər Qoşalı
P.S. Əziz oxucum, bu yazını türkoloji-toponimik araşdırma üçün ilkin elmi mülahizələr kimi də qəbul edə bilərsiz.








