Ev Bədii Bircə biləydim məni kimin qarğışı tutdu – Şeirlər

Bircə biləydim məni kimin qarğışı tutdu – Şeirlər

863

“Bölgələrdən səslər” layihəsində Şamxal Rüstəm

Bircə biləydim

Adını anmadığım babamın, nənəminmi,
Oduna yanmadığım qonşu qız Sənəminmi…
Eh, qəlbini qırdığım nə bilim, yüzmü, minmi,
Bircə biləydim məni kimin qarğışı tutdu.

Yetməmişəm çətində çox doğmamın dadına,
Çoxunu unutmuşam, çoxu gəlmir yadıma.
Bir quzu kəsilibmiş doğulanda adıma,
Bircə biləydim məni kimin qarğışı tutdu.

Hər çiçəyi, hər gülü leysan yağışı tutmaz,
Xata hər ömrü tutmaz, bəla hər başı tutmaz.
Süd əmmişəm döşündən, ana qarğışı tutmaz,
Bircə biləydim məni kimin qarğışı tutdu.

Siz məni heç nəyə tələsdirməyin

Vaxtında gəlibdi ürəyə ağrı,
Saçımın dəni də vaxtına düşüb.
Dünyada heç nədən gileylənmərəm,
Dünyaya gəlişim ağ günə düşüb-
Siz məni heç nəyə tələsdirməyin.

Vaxtında boşalar hər dolan bulud,
Şimşəklər nə bilər çaxmaqdan özgə.
İnsan sevincinə gecikmək olar,
İnsan harayına çatmaqdan özgə-
Siz məni heç nəyə tələsdirməyin.

Hələ nə yazmışam, hələ nəyim var.
Dağ yüklü bir ömrün enişindəyəm,
Hələ zirvələrlə döyüşməyim var-
Siz məni heç nəyə tələsdirməyin.

Vaxtında gəlibdi ürəyə ağrı,
Saçımın dəni də vaxtına düşüb.
Taledən hərəyə bir pay düşəndə,
Mənim də gecikmək baxtıma düşüb-
Siz məni heç nəyə tələsdirməyin.

O tay da uzaqdı, bu tay da uzaq!

Nə adla minmişdik bu qayığa biz,
Niyə düşünmədik bir azca qabaq.
Yenə dəli olub bu dəli dəniz-
O tay da uzaqdı, bu tay da uzaq!

Gedirik – gözlərdə yaş gilə – gilə,
Dönürük – arxada hər dalğa bir dağ.
Bəs, indi üz tutaq hansı sahliə?
O tay da uzaqdı, bu tay da uzaq!

Onsuz da yetişməz nə səda, nə ün,
Dostlara bir haray məktubu yazaq:
Amandır, biz gələn yerə gəlməyin,
O tay da uzaqdı, bu tay da uzaq!

Niyə qopdu tufan

Niyə qopdu tufan, niyə yağdı qar,
O, gələsiydi.
Niyə gözlərini sıxdı buludlar,
O, gələsiydi.

Gecikdi, yollara qar yağıbdı, qar,
Tənhayam, soyuğam, buzam, ay gecəm.
Gözləri yol çəkən de, necə yatar,
Bir şirin nağıl tək uzan, ay gecəm.

Sevəni qorxutmaz nə qar, nə yağış,
Sevirsə, deməli, boranda gələr.
Gözlərəm, dözərəm, səhərə yaxın,
Hicran ürəyimi sıxanda gələr.

Yollarda, izlərdə tufan var, hələ
Demək gəlişinə güman var, hələ.
Güman var hələ!

Ulduzdan od yanıb yanır asiman,
Göydə ay doğub.
Qapımı döydülər, odur ya tufan,
Deyəsən odur.

Bu dünyanın ölümü var min cürə

Durnaların qatarında gözüm var,
Ürəyimdə neçə qatar sözüm var.
Bu dünyada mənim bircə üzüm var,
Ha varaqla, ha soraqla, ha sına.

Dünya bənzər bir qalacıq bürcünə,
Sığınmışam bir balaca küncünə.
Bu dünyanın ölümü var min cürə,
Mən görəsən tuş olacam hansına.

Belə qəmli dayanma

Görüşünə gəlmişəm,
Sən ey gözü bənövşə.
Gözü nəmli dayanma,
Belə qəmli dayanma.

Səninlə dindi dünya,
Sevin, sənindir dünya.
Sevənlərindir dünya,
Belə qəmli dayanma.

Var soyuğu, var odu,
Bu yol sevgi yoludur,
Ürək sözlə doludur,
Belə qəmli dayanma.

Könlüm, bulud deyilsən,
Sınıq ümid deyilsən.
Sən ki, sükut deyilsən,
Belə qəmli dayanma.

Çiçək açsın üzündə,
Günəş gülsün üzündə,
Bir sevinc tap özündə,
Belə qəmli dayanma.

Şəmkir

Tural Adışirinin təqdimatında