Ev İctimai Birliyin və əməkdaşlığın yeni mərhələsi: – Azərbaycan diasporu ilə görüş

Birliyin və əməkdaşlığın yeni mərhələsi: – Azərbaycan diasporu ilə görüş

6
Azərbaycan Respublikasının Özbəkistandakı Fövqəladə və Səlahiyyətli Səfiri Rəşad Məmmədovun Azərbaycan diasporunun nümayəndələri ilə görüşü keçirilib
dilimizvarligimiz.az xəbər verir ki, Daşkənddə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Rəşad Məmmədovun Azərbaycan diasporunun nümayəndələri ilə görüşü keçirilib.
Görüşdə Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAzMMM) İdarə Heyətinin üzvləri, Mərkəzin fəalları və Özbəkistanda Azərbaycan diasporunun ictimai həyatında fəal iştirak edən nümayəndələr iştirak ediblər.
Görüşün əvvəlində Azərbaycanın Özbəkistandakı Fövqəladə və Səlahiyyətli Səfiri Rəşad Məmmədovun həyat yolu, diplomatik fəaliyyəti və bu yüksək vəzifəyə təyin olunması barədə iştirakçılara ətraflı məlumat verilib. Rəşad Məmmədov 24 iyul 2026-cı ildə Azərbaycanın Özbəkistan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edilib.
Daha sonra Səfir Rəşad Məmmədova söz verilib. Səfir çıxışında Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyəsindən, iki qardaş ölkə arasında strateji tərəfdaşlığın davamlı inkişafından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı göstərilən yüksək səviyyəli qarşılanmadan, iki ölkə arasında müxtəlif sahələrdə imzalanmış mühüm əməkdaşlıq sənədlərindən və qarşıdakı dövr üçün nəzərdə tutulan birgə fəaliyyət istiqamətlərindən danışıb.
Səfir xüsusi olaraq Azərbaycan ilə Özbəkistan arasında mövcud olan tarixi, mənəvi və mədəni bağların əhəmiyyətini qeyd edib və bu münasibətlərin daha da möhkəmləndirilməsində diasporun rolunu yüksək qiymətləndirib.
Görüşün əsas mövzularından biri Azərbaycan Səfirliyi ilə Özbəkistanda fəaliyyət göstərən diaspor təşkilatları arasında gələcək əməkdaşlığın istiqamətləri olub.
Səfir Rəşad Məmmədov qeyd edib ki, keçmişdə qalan məsələlər artıq arxada qoyulmalı, qarşıdakı mərhələ qarşılıqlı etimad, hörmət, səmimi dialoq və konstruktiv əməkdaşlıq əsasında qurulmalıdır.
O, gələcək fəaliyyət istiqamətlərinin diaspor nümayəndələri ilə birlikdə müəyyənləşdirilməsinin, daha sıx və sistemli əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıb. Görüş zamanı diaspor nümayəndələri tərəfindən müxtəlif suallar səsləndirilib, fikir və təkliflər bildirilib. Səfir bütün məsələlərə təmkinli və diplomatik yanaşaraq diqqəti daha çox gələcəyə, birliyə və birgə fəaliyyətə yönəldib.
Bu yanaşma iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Görüşdə Özbəkistanda Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin İdarə Heyətinin üzvlərinin və fəallarının iştirakı Azərbaycan diasporunun təşkilatlanmış şəkildə fəaliyyət göstərməsinin mühüm göstəricilərindən biri kimi diqqət çəkib.
RAzMMM olaraq hesab edirik ki, diaspor təşkilatlarının əsas vəzifəsi Azərbaycan xalqının milli-mədəni irsini qorumaq, gənc nəslə Azərbaycan dilini, tarixini və milli dəyərlərini aşılamaq, Azərbaycan həqiqətlərini təbliğ etmək və yaşadığımız Özbəkistan cəmiyyətinin ictimai-mədəni həyatına layiqli töhfə verməkdir.
Eyni zamanda diaspor Azərbaycan ilə Özbəkistan arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində mühüm körpü rolunu oynayır. Bu baxımdan bütün diaspor nümayəndələrinin ümumi milli maraqlar ətrafında birləşməsi, şəxsi fikir və yanaşmalardan daha çox ümumi məqsədlərə üstünlük verməsi xüsusi əhəmiyyət daşıyır.
Görüş zamanı Səfir Rəşad Məmmədovun xüsusi vurğuladığı məsələlərdən biri Azərbaycan dövlətçiliyinin, milli birliyin və dövlətçilik dəyərlərinin qorunması oldu.
Səfir qeyd edib ki, ata-babalarımızdan bizə miras qalan Azərbaycan dövlətini, dövlətçilik dəyərlərimizi və milli birliyimizi göz bəbəyi kimi qorumaq və bu böyük irsi gələcək nəsillərə layiqincə ötürmək hər bir azərbaycanlının müqəddəs borcudur.
Bu fikir diaspor fəaliyyəti üçün də mühüm istiqamət təşkil edir. Xaricdə yaşayan hər bir azərbaycanlı öz davranışı, mədəniyyəti və fəaliyyəti ilə Azərbaycanı təmsil edir. Buna görə də diaspor fəaliyyətində yüksək mədəniyyət, qarşılıqlı hörmət, məsuliyyət və həmrəylik əsas prinsiplər olmalıdır.
RAzMMM olaraq qarşıdakı dövrdə Azərbaycan diasporunun mədəni və ictimai fəaliyyətinin daha da genişləndirilməsini əsas prioritetlərdən biri hesab edirik.
Azərbaycan dilinin və milli mədəniyyətimizin gənc nəslə öyrədilməsi, bazar günü məktəbinin inkişaf etdirilməsi, milli rəqs və musiqi kollektivlərinin fəaliyyətinin genişləndirilməsi, milli mətbəx ənənələrinin yaşadılması, muzey və milli eksponat kolleksiyasının formalaşdırılması, gənclərlə işin gücləndirilməsi və Azərbaycan-Özbəkistan humanitar əlaqələrinin inkişafına yeni töhfələrin verilməsi qarşıdakı əsas istiqamətlər sırasındadır.
Əminik ki, Səfirliklə diaspor təşkilatları arasında açıq və konstruktiv əməkdaşlıq bu istiqamətlərdə yeni layihələrin həyata keçirilməsinə imkan yaradacaq. Görüşün sonunda Səfir Rəşad Məmmədov diaspor nümayəndələri ilə səmimi şəkildə salamlaşaraq gələcək görüşlərin daha tez-tez keçirilməsinin vacibliyini vurğulayıb və “Tez-tez görüşəcəyik” ifadəsini xüsusi qeyd edib
.
Bu sözlər, bizim fikrimizcə, Azərbaycan Səfirliyi ilə Özbəkistanda fəaliyyət göstərən diaspor arasında yeni, daha sıx və etibarlı əməkdaşlıq mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər.
RAzMMM olaraq biz bu yeni mərhələyə böyük ümidlə yanaşır və Azərbaycan-Özbəkistan qardaşlığının daha da möhkəmləndirilməsi istiqamətində öz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə hazır olduğumuzu bildiririk.
Birliyimiz gücümüzdür, milli həmrəyliyimiz gələcəyimizdir. Azərbaycan-Özbəkistan qardaşlığı isə bizim ortaq dəyərimizdir.
Mobil MƏMMƏDOV
Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin İdarə Heyətinin sədri
Reaksiya.az