Ev Xəbərlər Elxan Zal Qaraxanlı “Bəxtiyar Vahabzadə” mükafatına layiq görüldü

Elxan Zal Qaraxanlı “Bəxtiyar Vahabzadə” mükafatına layiq görüldü

335

Tanınmış şair, publisist və tərcüməçi Elxan Zal Qaraxanlıya ədəbiyyata xidmətlərinə görə və 60 illik yubileyi münasibəti ilə Azərbaycan Yazıçılar Birliyinin “Bəxtiyar Vahabzadə” mükafatı verilib.

AYB-də keçirilən tədbirdə mükafatı təqdim edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar yubliyarı təbrik edərək onun haqqında xoş fikirlərini, ürək sözlərini paylaşıb.

Qeyd edək ki, Xalq yazıçısı Anar Elxan Zal Qaraxanlının 60 illik yubileyi münasibətilə “Ədəbiyyat qəzeti”ndə təbrik məqaləsilə çıxış edib. Həmin təbrik mətnini təqdim edirik:

“Əziz Elxan! Sənin də altmış yaşın olarmış. Elə bil dünən idi, sənin adın gənc şairlər sırasında çəkilirdi, məni isə həmişəki kimi siz gənclərə diqqətsizlikdə suçlayırdılar. Halbuki istedadlı cavanları – sən isə şübhəsiz onların sırasındasan – həmişə himayə etməyə çalışırdım və çalışıram. Oxuduğum şeirlərini özümün yüksək qiymətləndirdiyimdən başqa, ədəbi zövqünə və güzəştsiz münasibətinə inandığım əziz dostum Vaqif Səmədoğlunun da sənin yaradıcılığını yüksək qiymətləndirməsi mənimçün çox önəmlidir. Bu illərdə səni yalnız orijinal şair kimi deyil, həm də türk dünyasına, onun keçmişinə və indisinə, tarixinə və ədəbiyyatına dərindən bələd olan və bildiklərini səxavətlə oxucularla bölüşən adam kimi tanıdım. Odur ki, Mahmud Qaşqarlı Fondu yaradarkən səni onun əsas təşkilatçısı kimi görməyim əbəs deyildi.

Mənə bağışladığın son kitabın – “Ordu günü” qarşımdadır. İstər publisist yazılarınla, istər poema və şeirlərinlə tarixi Qarabağ zəfərimiz, bu zəfəri öncədən görən ulu öndərin ruhu, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, qardaş Türkiyənin Cumhur Başqanı Rəcəb Tayyib Ərdoğanın mənəvi və siyasi dəstəyi sənin qələminlə bir daha canlandırılır. Eyni zamanda başqa türk xalqlarının – əcdadlarımız – Mete-Oğuzdan Qazaxstan lideri Elbaşı Nursultan Nazarbayevə qədər türk böyüklərini tərənnüm etməyin, türk dünyasına marağın və sevgin mənə çox doğma, çox tanış, çox məhrəm hisslərin ifadəsidir.
Bir neçə il bundan qabaq Yazıçılar Birliyi Türkiyə, türk dünyasıyla Azərbaycanın ədəbi əlaqələrinin inkişafı yolunda xidmətləri olanlara təqdim etmək üçün böyük şairimiz Bəxtiyar Vahabzadə adına mükafat təsis etmişdi. İndiyədək bu mükafata yalnız Türkiyəli ədiblər layiq bilinib. Sən “Bəxtiyar Vahabzadə” mükafatını alan ilk azərbaycanlı qələm sahibisən və sənin buna tam haqqın çatır”.

AYB.az