Ev Bədii Eşq vardırsa, kədər nurdu, qəm inci – Şeirlər

Eşq vardırsa, kədər nurdu, qəm inci – Şeirlər

74

Zahid SARITORPAQ – 65

* * *
Mən də keçib gedərəm… Sən də yoldan dönərsən…
Qürubun dodağında son söz kimi dinərsən…
Öz taxtından yenə də uzaqlarda enərsən
Çünki yaxınlar səni uca bilmiş həmişə…

Getmək qara xəbərmi? Ruhun nədən pərişan
O heç vaxt küsən deyil, barışandı barışan…
Adam – ocaq dəlisi, qarışqa – dən, arı – şan
Dar ayaqda hər biri uça bilmiş həmişə…

Ruh şimşək kimi çaxsa, çıxan deyil səs-səmir
Nədən könlün titrəyir, nədən için səksənir…
O nə ağrı-acıdır hey bir çocuqtək səni
Girib də ağuşuna quca bilmiş həmişə…

Boxçana xoş günləri ayrı çinlə, ayrı yığ…
Çox da ki, çox uzağıq, çox da ki, çox ayrıyıq.
Sevgi dil açan yerdə o qaragün ayrılıq
Dabanına tüpürüb qaça bilmiş həmişə…

Kimə sarı uzanıb gör fələyin qolları
Mən getdim… elə bilmə daha oldu yol yarı
Dərd ondadır, sevgilər qovuşduran yolları
Tərs kimi, ayrılıqlar haça bilmiş həmişə…
1983

* * *
yüyürmədik yıxılaq, yıxılmadıq dikələk
hər gözün çanağında bir ümid güllər dedik
zaman ölmüş bir atdı yalını öpür külək
gözünü göy üzünə nahaqdan zillər dedik
bilirdik buralartək oralar da boş olur

hamının yazısında bir dərviş var bir də yol
bir də bizə tuşlanan o sirri-xuda barmaq
dəli şeytan deməz ki yum gözünü rahat ol
onsuz da gözümüzə tökülən qara torpaq
dirilərin əlində təmasdan sərxoş olur

adamın göy üzündə çat verincə aynası
hər çatından bir surət düşüb yerə sərilər
əlifban faş olunca oxunan kimi yazın
adını ölü qoyur yanındakı dirilər
adam bilmir o zaman niyə dönüb daş olur

arınıb bu dünyadan pak olmaq istəyirik
amma nə göz çeşmədi nə də ovuclar ləyən
biz hər yaxşıya yaxşı hər pisə pis deyirik
gözümüzdən gəlirsə dilimizdən gəlməyən
demək belə çıxır ki haqq nahaqqa nuş olur

bu dolaşıq kəlamlar batırmaz bizi yasa
gülsək üzü göylərə süzər orda yüz pəri
bütün fəsillər boyu əllər uzanar yaza
yazın yaxasındasa hər gül – bir güllə yeri
ya qış keçir yaz gəlir, ya yaz dönüb qış olur…

* * *
köç başladı… “nəyin köçü?..” – deyirsən
sən hələ də Yeri Göylə söyürsən
ikisini iplik kimi əyirsən,
görərsən ki köçən nədir qalan nə

Göydən quşlar, Yerdən güllər sovrulur
gözə düşən köz içində qovrulur
sevgidə də qəfil elə dövr olur
adam bilmir doğru nədir yalan nə

göy üzünün buxağından öpür dağ
o da onu dumanına gömür, bax
ağzı açıq ömür adlı bu bardağ
bilmir cana boşalan nə dolan nə

səslər gəlir bir ağrılı məkandan:
“vaxt qısadı, tik sarayı tikandan!..”
yum gözünü…
kipriyinlə tək Ondan
soruş bizdə olmayan nə olan nə

qorxma daha, demə eşqdən can əsir
əsincə qoy düşsün ona can əsir
bağlansa da bir gün gözü, çənəsi
aşiq duymaz ölüm nədir filan nə…

* * *
dünyadı da… yapışmışıq beşəlli
yol gedirik əl çıraqlı, məşəlli…
bir də gördük, ruh – yalqızdı, yaş – əlli
ölüm ilən döyüşürük sipərsiz

deyən yoxdu eşqsiz bulub kim inci
eşq vardırsa, kədər nurdu, qəm inci
bilən bilir, kimin ruhu kiminçün
bir bağçadır, dörd tərəfi çəpərsiz…

biz əvvəldən bu dünyaya yadmışıq…
qafillərə göz yummuşuq, yatmışıq.
…şükür, sevda dəryasında batmışıq
həm sən məndən, həm mən səndən xəbərsiz…
2006

* * *
çırpınır pəncərəmdə bir küləkli qaranlıq
caynağından asılmış bir quş kimi çırpınır
nə zülməti çökdürür şamın ölgün işığı
nə də ki pəncərənin titrək aynası sınır

yellənir boz tavanda hisli hörümçək toru
köhnə tozlu güzgüdə çatlamış kimsəsizlik
ya biz doğulmamışıq ya ömür çoxdan keçib
bu çarəsiz yoxluğa ağlayır kimsə gizli

kimsə gizli ağlayır bizsə susub dururuq
karıq koruq bilmirəm bəlkə də lap biz lalıq
biz Tanrıya uzanan əllərə sarı gələn
ya mübarək bir cavab ya cavabsız sualıq…

* * *
harda görsək bir qaranlıq
gün kimi doğub gedərik
hər quraqlığa bir anlıq
yağış tək yağıb gedərik

biz gələrik sevə-sevə,
göz yumar O biz tərəfə
bir ömürdə bircə dəfə
üzünə baxıb gedərik

bir həyatdı min günahlıq
bir nəfəs qalıb son ahlıq
ömür adlı bu qonaqlıq
bitər də çıxıb gedərik
1997

* * *
çəkilir sözün tətiyi
can ölü düşür varağa
ömrün son nöqtəsi deyil
vergülü düşür varağa

niyə, susmalıyıq, niyə
gözlər dirənibdi göyə
dərd dərdə, sevgi sevgiyə
hörgülü düşür varağa

hər şey çökür çökür çökür
çökməyən nə var min şükür
fələk də mi zülüm çəkir
mürgülü düşür varağa

əl götürür bu cür məndən
hər şey hər şey köçür məndən
o boyda yaz keçir məndən
bir gülü düşür varağa…

Tural Adışirinin təqdimatında