Ev Bədii Mən fikirlər ustadıyam, fəzilətim bir ümmandır – Nizami Gəncəvi 880

Mən fikirlər ustadıyam, fəzilətim bir ümmandır – Nizami Gəncəvi 880

741

***

Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.

Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,
Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi?

Ona mən göz yetirib xəlvəti baxdım-baxdım,
Ovçunun ovlağına körpə şikar gəlmiş idi.

Uyuyub hər ikimiz rahət olub bir yatdıq,
Bəxtimin baxçasına güllü bahar gəlmiş idi.

Dedi: “Getmək dəmidir, söylə, nə istəyirsən yar?”
Bir öpüş istədim ondan…Yeri var gəlmiş idi.

Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,
Odlara yandı dilim, sanki şərar gəlmiş idi.

“Ey Nizami!” – dedi… Birdən ayılıb gördüm o yox
Demə röyada bizə çeşmi-xumar gəlmiş idi.

 

***

Ay üzlü nigarım, kimə mehman olacaqsan?
Bir söylə, kimin şəninə şayan olacaqsan?

Şahlıq çətiri var başın üstündə bu axşam,
Ənbər çətirinlə kimə sultan olacaqsan?

Şəkkər demərəm mən sənə, ondan da şirinsən,
Dilbər, necə bir bəxtəvərə can olacaqsan?

Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə,
Ey abi-həyat, sən kimə canan olacaqsan?

Getdin, necə bəs tab eləsin hicrə Nizami,
O xəstə ikən, sən kimə dərman olacaqsan?

 

***

Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!

Sənin ol cəlb eyləyən vəslinə and içdim inan,
Hicrinə yandı canım, yox daha taqət sənsiz!

Başqa bir yarı necə axtarım, ey nazlı sənəm?
Bilirəm sən də dedin: “Yox yarə hacət sənsiz!”

Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,
Sən əzizsən, mən ucuz, mən heçəm, afət, sənsiz!

Nə gözüm var arayım mən səni, bəxtim də ki yox,
Nə də bir qaçmağa var məndə cəsarət sənsiz!

Sən Nizamidən əgər arxayın olsan da, gülüm,
Gecə-gündüz arayıb olmadı rahət sənsiz!

 

***

Bu gecə yatmaq nədir, xoşdur kef etmək sübhədək,
Başqa gün mümkün yatıb məqsuda yetmək, sübhədək,

Gah səni canə çəkib, gah da göz üstə, ey nigar,
Gah sinəmdə, gah könüldə yer düzəltmək sübhədək.

Bir badamdır gözlərin, şirin şəkərdir ləblərin,
Aşiqə xoşdur səninlə işrət etmək sübhədək.

Ayrılıqdan mən dünən qəmlər yedim, olcaq gecə
Başıma vəslin bu gün tac qoydu gerçək, sübhədək,

Canı qurbanın dedim, indi sənindir ixtiyar,
Nəqş vur, meydan oxu, nərd oyna mərd tək sübhədək.

Zülfünü bük tövbə tək, şamə kimi gəl busə ver,
Tövbəni zülfün kimi sındır da, mey çək sübhədək.

Gəl bu axşam lütf elə, dinlə Nizami şerini,
Qapını bir kimsə açmaz, baxma, göz çək, sübhədək.

 

***

Gözüm aydın, gözümə surəti-canan görünür,
Mişki-ənbər saçaraq ətrlə əfşan görünür.

Allaha şükr edirəm, ey gözümün nuru, bu gün
Yar gəlib göz önünə, sərvi-xuraman görünür.

Ayrılıq zəhrini daddım, acı da olsa, visal
İki dünyayə dəyər, eylə ki, hicran görünür?

Səni bir dəfə görənlər güvənir eşqimizə,
Nə üçün gözlərin, ey dil, belə giryan görünür?

Eşqini canım ilə bəslədi birlikdə könül,
Onsuz, ey sevdiciyim, can evi viran görünür.

Ey sənəm, vəslin ilə, öylə ki, şad oldu könül,
Yırtdı qəm köynəyini, gül kimi xəndan görünür.

Şadlığından alışıb yandı Nizami, dedi ki:
“Gözüm aydın, gözümə surəti-canan görünür”.

 

***

Hər gecə tədbir görür könlüm sənin hicranına.
Sübh tezdən bənd olur eşqin şirin sultanına.

Könlümü verdim sənə, mən-sən ki, bir can olmuşuq,
Başqa bir can varmı, yetsin başqa bir cananına?

Günləri bayram kimi şirin keçər baxsan, gülüm,
Sübh tezdən sən nəzər salsan əgər qurbanına.

Varmı cür ət, qaldıram şəmşir sən tək atlıya,
Başım üstə tutmuşam, vur zərbəni qalxanına.

Məclisində mən kimi mehman gərək daim sənin,
Gövhəri töksün üzə, qəsd eyləsin öz canına.

Sən ciyər didməkdən əl çək, ey pəri, et imtina.
Yoxsa qərq eylər səni bir gün ciyər öz qanına.

Gözlərimdən sel kimi tökdüm ciyər suyun bu gün.
Ta Nizaminin qubarı qonmasın eyvanına.

 

***

Yenə tövbə evimi eşq xərab etmədədir,
Aşıq iftarını sevda meyi-nab etmədədir.

Könlümə bir mələyin sevgisi od saldı, adı,
Günü də Zöhrəni də göydə sərab etmədədir.

Onun eşq atəşi hər qəlbə girər, amma nədən.
Tək mənim qəlbimi atəşdə kəbab etmədədir?

Gözlərin baxdı mənə, söylədi: səbr et, səninəm.
Doğrusu, səbr edərəm, ömr şitab etmədədir.

Ahu gözlüləri yatmış zaman ovlar ovçu,
Əmr röyadə şikar olmağa tab etmədədir.

Məsləhətdir, məni qovmaqdan isə versin əzab,
Yar bunu yaxşı düşünmüşdür, əzab etmədədir.

Gər Nizamini xəta isə həlak etdirmək,
Aşiqəm, yar məni öldürsə səvab etmədədir.

Tural Adışirinin təqdimatında