Ev Bədii Mən birin içində minəm – Eldar Baxışın çap olunmayan şeirləri

Mən birin içində minəm – Eldar Baxışın çap olunmayan şeirləri

2560

1

Yer olam, yerlim olasan,
Göy olam, göylüm olasan.
Heç nəyə meylim olmaya,
Hər şeyə meylim olasan.

Kim ulduz əkib, kim dərib?
Bu dünya qürbət, mən qərib.
Məni Məcnuna döndərib,
Özün də Leylim olasan.

Demə, sən bağ, mən hasaram,
Demə, sən tərlan, mən saram.
Səni bağrıma basaram,
Lap belə ölüm olasan.

2

Xoş gəlib bu görüşümüz,
Xoş dayanıb aramızda.
Bu əl mənim, o əl sənin,
Boş dayanıb aramızda.

Bu yeri ya dağıt, ya düz,
Əl at göydən Gün üz, Ay üz,
Sən bir yazsan, mən bir payız,
Qış dayanıb aramızda.

Vaxt var, əyləyə bilmirəm,
Gül var iyləyə bilmirəm,
Heç nə eyləyə bilmirəm,
Yaş dayanıb aramızda.

3

Bu aranı açmaq gərək,
Ara neyləsin, neyləsin?
Gül deyir ki, gül deyiləm,
Arı neyləsin, neyləsin.

Dənizlə güləşən balıq,
Sahildə ilişən balıq,
Dəmir tora düşən balıq,
Tora neyləsin, neyləsin.

Mən demirəm, sən de, fələk,
İndi açılmayan ürək,
İndi deyilməyən dilək,
Sonra neyləsin, neyləsin?

4

Ora-bura baxma belə,
Sən zamanın gücünə bax.
Zaman o durna köçüdü,
Sən o durna köçünə bax.

Bir az o düzdən aparır,
Bir az bu sözdən aparır,
Bir az da bizdən aparır,
Əkinə bax, biçinə bax.

Bu sevgi nə, bu ölçü nə,
Bu ölçü nə, bu biçi nə?
Baxma gözümün içinə,
Ürəyimin içinə bax.

5

Qurban olum Yaradana,
Belə gözəl qız yaradıb.
Səni bir az gec yaradıb,
Məni bir az tez yaradıb.

Səni mənə tuş eləyib,
Məni sənə tuş eyləyib,
Bircəcə pis iş eləyib,
Üstümüzdə göz yaradıb.

Dodağa bax, yan içində,
Yanağa bax qan içində,
Ürək boyda can içində,
Sevgi boyda söz yaradıb.

6

Söz dilimin ucundadı,
Sözü deyə bilmirəm mən.
Səni necə sevdiyimi,
Düzü, deyə bilmirəm mən.

Demə, qorxuram, ürkürəm,
Mən bir Araz, mən bir Kürəm,
Dərd var içimdə çəkirəm,
Üzə deyə bilmirəm mən.

Bu yadların arasında,
Bu odların arasında,
Bu qurdların arasında,
Quzu deyə bilmirəm mən.

7

Gözüm gözünə sataşa,
Görəsən gözüm nə deyir.
Üzümü qoyam üzünə,
Görəsən üzüm nə deyir.

Həm belə əzizlənəsən,
Həm də qaçıb gizlənəsən,
Mənim kimi közlənəsən,
Görəsən közüm nə deyir?

Mənim üz-gözüm danışa,
Alovum-közüm danışa,
Səndə o dözüm danışa,
Görəsən dözüm nə deyir..

8

Mən üzdəyəm, bir Eldar var,
Hələ məndən içəridə.
Bu dünya məndən çöldədi,
Tale məndən içəridə.

Sevinc gəlir, qəm bilirəm,
Bu bir qəmi min bilirəm,
Nə çəkirəm, mən bilirəm,
Şələ məndən içəridə.

Mən birin içində minəm,
Mən sevinc içində qəməm,
Mən Kərəm oğlu Kərəməm,
Lələ məndən içəridə.

9

Dərdlərimi bölüşürəm,
Birin evə, birin işə..
Bulud gələ göy üzünə,
İsti hava sərinləşə.

Sənə olan təmiz sevgim,
Lalə sevgim, nərgiz sevgim,
Dərya sevgim, dəniz sevgim,
Dayazdırsa, dərinləşə.

Gəzib-gəzib tapam səni,
Gözlərimə təpəm səni,
Tutiyə tək öpəm səni,
Acı ağzım şirinləşə.

10

Sənin dodağın, bax, çiçək,
Mənim dodağım, bax, arı.
Çiçək orda, arı burda,
Bu da dünyanın axırı.

Uca boyum bəstə olub,
Sağlam canım xəstə olub,
Mənim ahım tüstü olub,
Mənim bədənim buxarı.

Məndən xanım, ağa dönüb,
Dəniz dönüb, dalğa dönüb,
Həsrətimiz dağa dönüb,
Qalxıb göylərdən yuxarı.

11

Elə bil ki, mən ovçuyam,
Elə bil ki, sən laçınsan.
Göz yaşın gözündən qaçır,
Sən də ki, məndən qaçırsan.

Aramızda yol az deyil,
Yol içində kol az deyil,
Ürək axı palaz deyil,
Niyə ağzımı açırsan.

Mən həm o dağam, həm bu dağ,
Mən həm o tağam, həm bu tağ,
Sevgi ağacdı, mən budaq,
Sən üstümüzdə puçursan.

12

Sevgi bitmir, istək bitmir,
Neynirəm bu şoran yeri.
Mənim könlüm dağ yeridi,
Sənin könlün aran yeri.

Toxum ver əkə bilirəm,
Ağrı ver çəkə bilirəm,
Özümə qiblə bilirəm,
Sən o yatıb-duran yeri.

Sənin o evin-eşiyin,
Sənin o itin, pişiyin,
Sənin o yorğan-döşəyin,
Dünyanın qurtaran yeri.

13

Sən say saydığını, canım,
Gör, indi fələk nə sayır.
Kim bilir ülgüc nə sayır,
Kim bilir dəllək nə sayır?

Yeyib min il yediyini,
Deyib min il dediyini,
Şaqqıldadır dimdiyini,
Ağacda leylək nə sayır?

Dünya səhradı, biz nərik,
Min ildi gedib gəlirik,
Şeytan nə sayır bilirik,
Bilmirik mələk nə sayır.

14

Çəkib aparır qarışqa,
Dəni aldada-aldada.
Sən də çəkib aparırsan,
Məni aldada-aldada.

Öz sözünü yeridir su,
İçəridən əridir su,
İrədir su, çürüdür su,
Çəni aldada-aldada.

Səhər günü götürür dağ,
Axşamacan gətirir dağ,
Axşam qətlə yetirir dağ,
Günü aldada-aldada.

15

Quş qonub budaq üstünə,
Quşun sözü budaqladı.
Şır-şırın yanı yarpızdı,
Yarpız şır-şır bulaqladı.

Sən az məni üz, – söylədim,
Ayrılığa döz, – söylədim,
Mən könlümə söz söylədim,
Könlüm səni soraqladı.

Uçdum gəldim zöhrə kimi,
O sən deyən yerə kimi,
Həsrətimiz pöhrə kimi,
Ağac kimi yarpaqladı.

Tural Adışirinin təqdimatında