Ev Bədii Kənddə mənsiz çiçək gülər, ot ağlar – Şeirlər

Kənddə mənsiz çiçək gülər, ot ağlar – Şeirlər

1446

Qoca Xalid

Kövşən iyi

Boyu balacadı sətrinə görə,
Bununçün kiməsə bir işi düşməz.
Mənim şeirlərim ətrinə görə−
Heç kəsin şeirilə dəyişik düşməz;
Kövşən iyi gəlir şeirlərimdən.

Ulu qaynaqlara bağlıdır kökü,
Di gəl ki, taleyi məni yandırır;
Hələlik birini özünə çəkib,
Yüzünün burnunu qıcıqlandırır−
Kövşən iyi gəlir şeirlərimdən.

Kəsir qabağımı küləklər bəzən,
Saçımdan yapışır, dizimə döyür.
İş elə gətirib, sevdiyim gözəl
Şeirimi oxuyub gözünü döyür;
Kövşən iyi gəlir şeirlərimdən.

Pərişan-pərişan susur çinar da,
Dərdini üzümə deyəmmir mənim.
Bəlkə kəndimizdə əkinçilər də −
Heç bircə misramı bəyənmir mənim;
Kövşən iyi gəlir şeirlərimdən.

Düşmən sevincini duydum uzaqdan,
Bezdim dinləməkdən dost gileyini…
Süni ətirlərin artdığı vaxtda
Sevən olacaqmı kövşən iyini?−
Kövşən iyi gəlir şeirlərimden.

Xatirələrdən yağan yağış

Çəmənə, çiçəyə, yarpağa yağar,
Son qoyar çöllərin sarı qəminə.
Gündüz yağan yağış torpağa yağar,
Gecə yağan yağış mənim qəlbimə.

Gecə də, gündüz də parlayıb, sönər−
Şimşəklər odlayar buludları da.
Gündüz yağan yağış daşlarda dinər,
Gecə yağan yağış –duyğularımda.

Bu yaz yağışının yolu uludu,
Yağar, göydən yerə xəbər gətirər.
Gündüz yağan yağış adicə sudu−
Gecə yağan yağış – həzin xatirə.

Damcılar nur olub qəlbimə axar…
Mən də kövrək-kövrək deyərəm hərdən
Gündüz yağan yağış buluddan yağar,−
Gecə yağan yağış xatirələrdən.

 

***
Mən necə unudum arxın üstünü,
Mən necə unudum o duzlu gölü?−
Axşam ocaqlardan çıxan tüstünü,
Səhər şeh altında parlayan çölü?..

Bütün səfərlərdən məni az qala
Həmişə saxlayar torpağa sevgim.
Ömrüm tükənsə də, tükənməz qalar
Ağaca, budağa, yarpağa sevgim.

Tarlanın üstündən bulud keçəndə.
Üfüq saralanda, durna köçəndə
Qəribə duyğular sarar canımı.

Ürək İlham üstə kökləyər məni,
Ən gözəl hisslərim təkləyər məni−
Şeirlə boğaram həyəcanımı…

 

***
Ay işığı altında yatır yaşıl çəmənlər,
Çinarların kölgəsi dağlara çatıb indi.
Bütün günü günəşdən bolluca nur əmənlər
Bu çöllərin qoynunda uyuyub yatır indi.

Hiss edirəm ətrini dursam belə uzaqda,
Saralan biçənəklər kövşən iyi qoxuyur.
Belə aylı gecədə, heç bilmirəm nə haqda−
Zilə çəkib səsini bildirçinlər oxuyur.

Səslərində giley var qəlblərinin qəmitək;
Hansı kövrək duyğunu ürəkdə bəsləyirlər?!
Eh, bəlkə də bu gecə bildirçinlər mənimtək−
Bu çöllərin adından günəşi səsləyirlər…

Ay işığı altıda çöllər gedib uyğuya!
Biçənəklər elə hey kövşən iyi qoxuyur.
Dəm tutaraq bayaqdan qəlbimdəki duyğuya,
Zilə çəkib səsini – bildirçinlər oxuyur…

 

***
Üfüqlərə qzıl halə çökəndə
Bu yerlərdən yana-yana gedirəm.
Əkinləri yaz suala çəkəndə
Mən şəhərə imtahana gedirəm.

Arxda suyun hər gecədən səhərə
Nəsə deyən axarını görmürəm.
Neçə ildi yollanıb bu səfərə,
Kəndimizin baharını görmürəm.

Sıxır məni şəhərdəki günlərim,
Görün, niyə dərdə-qəmə batıram?−
Mən gedəndə düymələnən güllərin
Qayıdanda, solmuşuna çatıram.

Kənddə mənsiz çiçək gülər, ot ağlar;
Ağacların budağına bar gələr…
İnstitutda qızla dolu otaqlar
Bahar çağı mənə yaman dar gələr.

Bir də geri qayıdarmı ötən an?−
Güllər bir də öz şaxını əyərmi?
Alnıaçıq qurtardığım imtahan
İtirdiyim bir bahara dəyərmi?!

 

***
Çatan kimi dərədəki çaylağa
Birdə gördüm kefim-zadım durulur.
… O sərt cığır göy meşəli yaylağa,
Bu çəp cığır Daşbulağa burulur.

Kim deyir ki qaya kardır, dərə key…
Kim deyir ki mənim mahnım oxunub?!
Gəlişimə qucaq açan Tərəkey
Mürgüləyən hisslərimə toxunub.

Göz oxşayır min çeşidli hər boya.
Dağdan enib, geniş düzə çıxıram;
Duyduğumu – ürək adlı torbaya,
Gördüyümü yaddaşıma yazıram.

Unutmuram bütün ağrı-acını;
Nə olsun ki girən yoxdu qoluma?−
Külək özü sığallayır saçımı,
Günəş özü nur çiləyir yoluma…

 

***
Şöhrət cığırları şəhərdən keçər..
M. İsmayıl

Gizləyə bilmirəm daha bu hissi,−
Daha dostlarım da mənə üz vurur;
İndi ürəyimdə şəhər sevgisi
Kövşənli çöllərlə üzbəüz durur.

Bürüyür qəlbimi həm də bir həsəd.−
Bəlkə də bu dərdi çoxusu çəkir;
Şairin şəklini şəhərdə − qəzet,
Kənddəsə − arxlardan axan su çəkir.

Göyərib həyətə tökdüyüm daş da,
Əkdiyim ağaclar kəsib qarşımı.
… Qayğılar yaxamdan yapışan yaşda−
Şöhrət duyğuları qatır başımı.

 

***
İşimdən-gücümdən söz salan yoxdu,
İlişib qalmışam kənddə-kəsəkdə.
Yox! Mənim adıma duz salan yoxdu −
İlişib qalmışam kənddə-kəsəkdə.

O xəbis yenə də üzümə güldü,
Zilləyib gözünü gözümə, güldü.
Qəribliyə salıb, sözümə güldü –
İlişib qalmışam kənddə-kəsəkdə.

Dostlar da cürbəcür işə qoşulub,
Köçdülər, köçəri quşa qoşulub…
Mən isə doqqazda daşa qoşulub
İlişib qalmışam kənddə-kəsəkdə.

Güvənə-güvənə taleyə, baxta
Burda birisini çıxartdım taxta.
Elə o zamandan üzüm danlaqda –
İlişib qalmışam kənddə-kəsəkdə.

Bir şəhər sevdası vardı başımda,
Öldü həvəsim də, ötdü yaşım da…
… Di gəl ki, yenə də əlim qaşımda –
İlişib qalmışam kənddə-kəsəkdə.

***
Sapsarıdı cığır, iz;
Xəzəl yağır başıma.
Gözləməzdim, belə tez−
Payız çıxar qarşıma…

Oyanıbdı necə də
Həm həsrətim, həm qəmim.
Ta gündüz də, gecə də
Küləklərdi həmdəmim.

Yan-yörəmdə dolanıb
Haray-həşir qoparır.
Xəyalımı elə hey –
Uzaqlara aparır.

Yapışaraq qolumdan
Pıçıldayır: “Gəl, gedək!”
Çıxardacaq yolumdan
Deyəsən, məni külək…

Yox! Küləyə qoşulmaq
Yaraşarmı yaşıma?
Onzuz da hara getsəm−
Payız çıxar qarşıma.

 

***
Aldadammaz ta məni,
o sevdalı baxışın.
Qəlbim, payız çəməni,
sevdan, payız yağışı.
Tutaq ki, lap süzüldü
damla-damla qəlbimə…
son qoymaz ki, qəmimə.
Bu yağışın suyundan
nə bir hissim oyanar,
nə duyğum pərvazlanar.
Bu yağışın suyundan
solan arzum göyərməz,
bitən arzum islanar.

Tural Adışirinin təqdimatında