Ev Bədii Sevgidən ucada heçcə nə yoxdu – Ehtiram İlhamdan yeni şeirlər

Sevgidən ucada heçcə nə yoxdu – Ehtiram İlhamdan yeni şeirlər

292

Bu da 54…

* * *
Gəlib bu yaşa da çatdım,
Nə zulum yaşdı, İlahi!
Şükür verdiyinə…dərdlərin
Başımdan aşdı, İlahi!

Vardım soluna, sağına,
Uydum şirin nağılına.
Çıxammadım axırına –
Yarıdan qaçdım, İlahi!

Haqq axtardım, doğru gəzdim,
Dözdüm, hər cəfana dözdüm.
Bə mən də adamam, bezdim –
Yolumu çaşdım, İlahi!

Baxdım, könüllərə baxdım,
Yaxdım, bu könülü yaxdım.
…Ehtiramda ilham yoxdu,
Nəyi var, boşdur, İlahi!

* * *
Halalın qisməti göylərdən gəlir,
Doğru adamlardan haram gözləmə.
Sevgidən ucada heçcə nə yoxdu,
Eşq adlı nə varsa, varam, gözləmə.

Aç da gözlərini, bax da bir görək,
Bu boyda dərdləri nə boyda çəkək?
Kopayoğlu şeydi – sevmək, sevilmək,
Sevdada sızlayır yaram, gözləmə.

Kimin ki, gözünün işığı puldu,
Eləcə nə varsa – laldı ya kordu…
İlhamı Ehtiram adına quldu –
Bu qul Ehtiramdan ilham gözləmə.
03.07.2022

* * *
Tanrısını unudub, şeytana boyun əyir,
Bu nə sayaq məmləkət, bu nə millətdi, Yahu?
Haqdan əlini üzüb, nahaqqa can söyləyir,
Ruhuna yerikləyən nə cür lənətdi, Yahu?

Can deyənin canını alır, “uf” da demədən –
Qabağa gedənləri – quru kötük, boş bədən…
Nə qardaşa qovuşdu, anası ölmüş Vətən,
Balasının çəkdiyi bu nə zillətdi, Yahu.

Onu bir eşq yaşatdı, ona sevgi tuş oldu,
Dosta elə bağlandı, əl-ayağı boşaldı.
Düşmanlar səf-səf olub, cərgəsinə qoşuldu,
Dörd bir yanı bürüdü, tutdu sərhədi, Yahu.

Hər halınla əzizsən…sevməmək olarmı heç?
Səndə bu gözəlliyi görməmək olarmı heç.
Yolunda canı qurban verməmək olarmı heç –
Bu nə şirin duyğudu, nə səadətdi, Yahu?!
02.07.22

* * *
…Bax elə bu imiş dünya dediyin!
Nə Allah yar olur, nə iman, nə din.
Bir ömrə şükür de, hər günə sevin –
Canı salamat ol, mən dəli olsam.

Nə çıxıb getdiyim o yollara bax,
Nə yaxın yerini eləmə uzaq.
Nə bir şimşək kimi guruldayıb çax,
Nə bulud kimi dol, mən dəli olsam.

Heç kəsi sayına salmagınan da,
Heç yandan heç vədə qalmagınan da,
Heç nəyi vecinə almagınan da,
Sevməsən də sevil, mən dəli olsam.

Ehtiram dönəndə bir qara daşa
Canını qorxudub, salma təlaşa.
Ağlını başına yığıb da yaşa,
Nə ağla, nə üzül, mən dəli olsam.
31.05. 22

Adam olardın

Sən də öz hayına qalsaydın əgər,
Baxıb vicdanına Adam olardın.
Gecənin sozalan Ay işığına,
Səhərin danına Adam olardın.

Yaxşı Adam olmaq ayrı aləmdi,
Açılan üfüqdü, göyərən dəndi.
Sabahdı, bu gündü, bir də dünəndi –
Baxıb heyranına, Adam olardın.

Ehtiramdan özgə nə gözləyirsən?
Bir belə dərdlərə dayanıb dözən…
Yazıq, bir də yazıq bu məmləkətdən,
Ağrıyan canına…
Adam olardın.
28.05.2022.

Nəsir Əhmədliyə

* * *
Gözünə ağ salıb –
Gözə gələn kişi.
Gözünü bağlayıb,
Gözü görən kişi.

Üzünə baxmayıb,
Üzündən saxlayıb.
Üzündə ağlayıb –
Üzü gülən kişi.

Sözünə düyülüb,
Sözündə döyülüb.
Sözündən öyülüb –
Sözü bilən kişi.

Özünə qısılıb,
Özündə basıllb,
Özündən asılıb –
Özü ölən kişi.
26.04.2022

* * *
Hər ananın gül ağzında bir dua,
Şükür, – gördük, Zəfərimiz mübarək!
Türk adının qüdrətini dünyaya
Biz göstərdik, Zəfərimiz mübarək!

Qamətimiz əyilmişdi,.. düzəldi,
Vətən eşqi hər sevdadan əzəldi.
Bu torpağın hər qarışı gözəldi,
Sinə gərdik, Zəfərimiz mübarək!

Şəhidlərin qanı axdı torpağa,
O al qanın rəngi hopdu bayrağa.
Bu bayrağın sevgisinə varmağa
Ömür verdik, Zəfərimiz mübarək!

Qırx dörd günün şəfəqiylə sökdü dan,
Bu günlərə yol gəlirdik nə vaxtdan.
Bu millətə canımızı hər zaman
Qurban dedik, Zəfərimiz mübarək!
18.04.2022

Adam oluruq

Biz dəli bir Eşqin tamarzısıyıq,
Bizi Eşq ovudur, adam oluruq.
Sevib seviləndə çıxırıq üzə,
Bizi sevda udur, adam oluruq.

Biz bir Eşq adına varmışıq yola,
Düşmüşük qabağa, keçmişik dala.
Ya tez-tez, ya yavaş, ya bala-bala
Hər şey sevgi dadır, adam oluruq.

Ay göydə doğanda aldatmalıydıq,
Yuxudan qalxanda aldatmalıydıq,
Biz Eşqi çoxdandan aldatmalıydıq,
Eşq bizi aldadır, adam oluruq.

Sevgisiz nə payız, nə qış, nə bahar,
Harda qönçə solur… çiçəkləyir nar?
Odu qiymətinə alır hər nə var –
Ömrü ucuz satır, adam oluruq.

Yazımız sevgidə, sevgi zamanda,
Yaxşı da, əyri də, düz də, yaman da…
Əlimiz hər şeydən üzülən anda
Sevgi haya çatır, adam oluruq.

Haqdan yaranmışıq, haqq deyib, durduq,
Gəlib səcdəsinə, haqqa qul olduq.
Ehtiram, sonuna çəkib apardıq –
Bu ömür sevdadır, adam oluruq?!
27.03.22

* * *
Dur, təkcə özündən danış,
Sən ki, özünü öyənsən.
Xalq yolunda, el yanında
Səy-səy gözünü döyən sən.

Nəfsin fələklə yarışır,
Canına qurtlar daraşır,
Sənə həcvlər yaraşır…
Sən tək özündən deyənsən.

Elə bilirsən ki, haxsan,
Sən başdan-ayağa nahaqsan.
Qıraqdan özünə baxsan –
Özünə vurul, bəyən sən.

Xəyalda taxt-tac qurursan,
Nə bezib, nə yorulursan.
Adamlıqdan dəm vurursan,
Get, adamlığı öyrən sən.
30.01.22

* * *
Eh…səni torpaqmı çəkdi,
Allahmı götürdü səni?
Gördü imam övladısan,
Göylərə yetirdi səni.

Ömrünü sürdün ər kimi,
Sevdin, gördünsə hər kimi.
Dünya da bir gövhər kimi
Qoynunda bitirdi səni.

Haqq işin adına getdin,
Doğmaykən yadına getdin.
Fələyin badına getdin,
Gözəmi gətirdi səni?

…Səndən deyəcək bir nəsil,
Adını ötəcək dil-dil.
Təkcə əzizlərin deyil,
Bir millət itirdi səni.
29.01.22

* * *
Tayların-tuşların prezidentdilər,
Sən çörək dalınca qaçırsan hələ.
Düzlük gəzə-gəzə düzdə qalıbsan,
Bir kömək dalınca qaçırsan hələ.

Nə vaxtdan bir qarış aşağı oldun,
Nə də zəmanənin uşağı oldun,
Arzularının göy qurşağı oldun,
Xoş dilək dalınca qaçırsan hələ.

Boynunu soxmağa yer tapammadın,
Bir qara daşa da düşmədi adın.
Alıb bircə ömrü taledən satın –
Yüz fələk dalınca qaçırsan hələ.

Qalsa da üzündə bir cocuq arın,
Ələnər saçına dən narın-narın.
Oğul-qız böyüdür həmyaşıdların,
Sən mələk dalınca qaçırsan hələ.

Başını tovlayıb xam xəyallarla,
Keçirdin gününü qalmaqallarla.
Əl-ələ yapışıb xallı güllərlə,
Kəpənək dalınca qaçırsan hələ.

Telini küləklər darayanda da,
Niyyətin içində qarıyanda da,
Qorudun birtəhər, qoruyanda da…
Qaç, ürək dalınca qaçırsan hələ.
06.01.2004

Tural Adışirinin təqdimatında