Ev İctimai Türkçülüyün yeni nəslinin sözü

Türkçülüyün yeni nəslinin sözü

46

(Odər Qutluərin “Türkçülüyün məsələləri” bitiyi üzərinə bir neçə söz)

Şabrandayam. Bakıdan özümlə bir neçə bitik (kitab) götürmüşəm, onlardan yalnız birinin yazarı – Odər Qutluər məndən cavandır. Bu səfərki seçimim: Qədim dünya ədibləri, bilginləri Aristotelin “Poetika”sı, Bualonun “Poeziya sənəti”, imzası XX yüzildə parlamış Murad Acının “Avropa. Türklər. Böyük çöl”ü, “Yevgeni Tarlenin “Taleyran”ı, Prof.Dr. Məmmədhüseyn Hüseynovun “Xəttin şifrəsi” əsəri və
yeni nəsil bilgini Qutluərin “Türkçülüyün məsələləri” bitiyi… “Şabran”ın Yazıçılar, Rəssamlar və Bəstəkarlar silsilələrindəki kotejlərdə də xeyli kitab var.
Əlbəttə, adıkeçən bitiklərin hamısını bir səfərə oxumaq mümkün olmur; üstəlik, bitiklərin mövzuları da, türlər də çox fərqlidir; lakin an gəlir də, əlin, ürəyin (və ruhun!) səni bitiklərdən birinə yönəldir, odaqlayır və bir də görürsən, həm oxuyur həm də yazırsan…
Masamın üzərindəki bitik bu dəfə “Türkçülüyün məsələləri”ydi…

Elə insanlar var, yazdıqları bitik onların özkeçmişinin davamı, xarakterlərinin aynası, mənəvi kimliklərinin yazıya çevrilmiş halı sayılır. Bəzən yazılanı yazandan ayırmaq olmur. Odər Qutluərin “Türkçülüyün məsələləri” bitiyini vərəqləyərkən ilk hiss etdiyim də bax, bu oldu.

Bu ürək sözlərinin yazarı hələ Odər yaşlarından da cavan olan vaxtlar belə bir qoşqu qaralamışdı:

Göyüzündə dövran Aya keçibdi,
köhnə dərdlər təzə aya keçibdi;
Elə bil qələmə ayə keçibdi,
gözümü kağızdan ayırammıram.

Bir olub iki can – bir doğulmuşuq,
“sıfır” – ölüm demək, bir – doğulmuşuq;
Elə bil anadan bir doğulmuşuq,
özümü kağızdan ayırammıram.

Mən “ölüm” yerinə – “özüm” yazmışam,
çölümə qış demə, özüm – yazmışam;
Baxma ki, indicə özüm yazmışam,
sözümü kağızdan ayırammıram…

Mən bu bitiyin yazarını çoxdan tanıyıram.
Adı gözəl…
Yolu qutlu…
Ülküsü gözəl…
Dərdi qutlu bir türk aydınıdır o…

Onu hələ Azərbaycan gənclər hərəkatının, Dünya Gənc Türk Yazarlar Birliyinin çalışmalarından, ilkin araşdırma yazılarından tanıyıram. Sonralar Azərbaycan–Türkiyə elmi, ədəbi, mədəni və gənclik bağlarının inkişafı adına gördüyü işləri, bitikləri, çevriləri ilə dəfələrlə diqqətimi çəkib. Mənim üçün o, bir bilgin olaraq yeni nəslin milli düşüncə məsuliyyətini daşıyan işıqlı nümayəndələrindən biridir.

Onun ocaq bağında türk ruhunu bəsləyən ən azı iki böyük qaynaq görünür.
Ana babası – sazı və sözü ilə ulusun yaddaşında yaşayan sənətkar, Koroğlu havalarının ustad ifaçısı – Aşıq İmran Həsənov;
atası isə l Qarabağ savaşının qazi zabitlərindən olmuş rəhmətlik Elşən Əlizadə.
Belə bir ocaqda, şennikdə böyüyən yazarın tarixə, milli kimliyə və dövlət düşüncəsinə biganə qalması mümkünsüzdür. Ona Odər adı verilməsi də gələcəyinə verilən yön deyildimi?.. Odər çıxdığı ulu yolun fərqində olduğu üçün Qutluər təxəllüsünü seçdi…

Odərin “Türkçülüyün məsələləri” ilk baxışdan nəzəri bitik təsiri bağışlayır; lakin bitiyin “Ürək sözüm” bölümünü oxuyanda Odərin nə istədiyi aydın görünür.
O, elmi termini mümkün qədər sadələşdirərək türkçülüyü bilginlərin dartışdığı nəzəri yön olmaqdan ötə, hər bir türkün anlaya biləcəyi milli düşüncə sistemi kimi təqdim etmək istəyir.
Bu seçimin təsadüfi olmadığını bilirik.
Onsuz da türkçülük tarix boyu yalnız ideologiya olmayıb; o, həm də tərbiyədir, mədəni yaddaşdır. – Kimlik şüurudur, milli məsuliyyətdir türkçülük.
Odər Qutluər də bax, bu xətti davam etdirməyə çalışır.

Yazar mövzunu emosional yanaşma ilə birgə, nəzəri sistem kimi qurmağa çalışmışdır. – Bitiyin məzmunu bunu səhih göstərir.
Başlıqların ardıcıllığı da diqqətçəkicdir.
Öncə türkçülüyün mahiyyəti və qaynaqları yorumlanır.
Sonra türk adı, turançılıq, millət anlayışı, Azərbaycanın bütövlüyü, Borçalı, Qarabağ, vİranın Azərbaycan siyasəti, “Dildə, fikirdə, işdə birlik” düsturu, düşüncə sistemləri savaşı, türk kimliyi, milli hiss, dil, ad məsələləri kimi mövzular bir-birini tamamlayan şəkildə təqdim olunur.
Bu ardıcıllıq yazarın esse ustalığından irəli gələn vərdişdən daha çox, konseptual əsər yazmaq istəyinin göstəricisidir.
Bitiyin diqqət çəkən özəlliklərindən biri də zəngin qaynaq bazasıdır.
Ziya Göyalp, Əli bəy Hüseynzadə, Yusuf Akçura, İsmayıl bəy Qaspıralı, Əhməd Ağaoğlu, Atsız, Zəki Vəlidi Doğan və b. çoxsaylı bilginlərlə yanaşı Azərbaycan tarixçiliyinin, ictimai fikir tarixinin müxtəlif qaynaqlarına üz tutulması yazarın araşdırma dairəsinin yetərincə geniş olduğunu göstərir.
Əlbəttə, istənilən nəzəri bitik kimi burada da dartışmalı fikirlər, fərqli baxış istəyən məqamlar tapmaq mümkündür. Bu, elmi əsərin təbii özəlliyidir. Əsas olan yazarın sual kimi sual qoya bilməsi, düşüncə dartışmasına zəmin yaratmasıdır.

Gəlin elə bu yerdə bir məqamı ayrıca vurğulayaq. Bitik 44 günlük savaşdan sonra – 2022-ci ildə gün üzü görsə də, Qarabağ Zəfərinin Türk dünyasının yığvalına açdığı yeni üfüqlər burada əksini tapmayıb. Halbuki Şuşanın qurtuluşu təkcə bir şəhərin azad olunması deyildi; o, türk milli düşüncəsinin uzun illər özlədiyi mənəvi yüksəlişin rəmzinə çevrildi. Qarabağ Zəfərindən sonra Türk dünyasında inteqrasiya prosesləri də yeni sürət qazandı. Artıq Zəfərin ilk ilində Azərbaycan ilə Türkmənistan arasında uzun illər mübahisə doğurmuş “Kəpəz–Sərdar” yatağı üzrə anlaşma əldə olundu və Xəzərdəki “Dostluq” yatağı öz adı kimi dostluq və qardaşlığın rəmzinə çevrildi…

Sonra “Şuşa Bəyannaməsi“ (15.06.2021) Azərbaycan–Türkiyə qardaşlığını yeni müttəfiqlik mərhələsinə daşıdı, Zəfərin birinci ildönümü ərəfəsində Türk Gənəşi (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası) Türk Dövlətləri Təşkilatına çevrilərək, daha canlı siyasi-mədəni məzmun qazandı, Zəngəzur dəhlizi ideyası ortaq türk coğrafiyasının strateji xəritəsini dəyişdirən anlayışlardan biri oldu. Bütün bunlar nəyi göstərir? – Bəli, XXI yüzilin türkçülüyü artıq yalnız tarixi yaddaşa söykənən fikir sistemi olmaqdan çıxıb; o, həm də qalib dövlət təcrübəsi, gerçək geosiyasi işbirliyi və ortaq gələcək layihəsi üzərində yüksələn yeni mərhələdir.
Azərbaycan Respublikası öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etdikdən sonra Türküstanlı qardaş dövlətlərimizin öz arasındakı, eləcə də ümumən türk dövlətləri arasındakı
bəzi uzunmüddətli sorunların çözüm yoluna çıxmasını da təsadüfi saymırıq; bunlar bütövlükdə Türk dünyasının artan siyasi çəkisinin təzahürləridir.
“Türkçülüyün məsələləri”nin gələcək basqılarında bax, bu böyük dönüşün nəzəri incələnməsinin öz layiqli yerini almasını gözləyirəm. Belə olarsa, bitiyin çağdaşlıq nəfəsinin daha da qüvvətləndirəcəyinə inanıram.

Türk dünyasının daha sıx, möhkəm birləşməsi üçün onun bütün əməli çalışma sahələri üzrə – bütün kateqoriya və türdən olan gücünün artırılması lazımdır. Nə üçün? Bu, ilk sırada özümüzə, sonra dünyanın qalan bölümünə nə vəd edir? – Gəlin yığcam şəkildə sıralayaq:
-Nə zamanki türklər dünyada söz yiyəsiydi dünya belə bərbad deyildi;
-İki Dünya savaşının hər biri türklər qlobal meydanda geriləyəndən sonra baş verib;
-Türklər dünyada söz yiyəsiykən kütləvi qırğın silahları yaradılmamışdı yaxud o dönəmçün kütləvi sayılan qırğın silahları yalnız ədalətin, düzənin təmini üçün qullanılırdı. İddia edirəm, əgər türklər dünyada keçərli söz yiyəsi olsaydı, Xirosima və Naqasakiyə atom bombası atılmazdı, hətta hər iki Dünya savaşı ya baş verməzdi ya daha az itkilərlə, daha qısa müddətdə sonuclanardı;
-Türklər dünyada söz yiyəsiykən Türk dünyasından qıraqda qalanların öz aralarındakı qarşıdurmaları da türkün adının işığında çözümə qovuşa bilirdi. Haqsızlığa uğrayan tərəf məhz türkün ədalətinə sığınırdı, o ədaləti görürdü;
-Türkün fitrətində fəth var amma işğal yoxdur;
-Türklər fəth etdiyi şəhərlərin, ölkələrin ədalətli yönədilməsinə çalışırdı; türklər yerli əhalinin dil, din, gələnəklərinin dəyişdirilməsinə çalışmırdı, fəth olunan ərazilərin sakinlərinin öz yaşayış yerlərindən toplu sürülməsi olmurdu;
-Türklər haqsızın qarşısında, haqlının yanındaydı…

Siyahını uzatmaq da olar lakin sanıram, deyilənlər belə aydın təsəvvür üçün yetərlidir.
Hazırkı müstəqil türk dövlətləri də güclərinin yetdiyincə məhz bu xətti – dədələrimizin yolunu davam və inkişaf etdirməyə çalışır. Ancaq Türk dünyasının ictimai-siyasi, sosial-iqtisadi və hərbi gücünün daha da artırılması, qlobal meydanda sanballı güc mərkəzinə çevrilməsi baş vermədən sözümüzün kəsəri nə dədələrimizin sözü kəsərincə olar, nə də anti-türk gedişatı başlatmağa fürsət gözləyənləri peşman edə bilərik. Hələ 7-8 yüzil bundan öncə Hacı Bektaş Vəli demiş, “Bir olalım, diri olalım, iri olalım”!
Türk birliyi adına çalışmalarda Azərbaycan həmişə öndədir! – Bunu könül şadlığı ilə, qürurula vurğulayır, o biri qardaşlarımızın sanballı töhfələrini də şükranlıqla, qədirbilənliklə qarşılayırıq.
Məncə, “nə üçün türkçülük?”, “Türk birliyi nəyə xidmət edir?” kimi xoş və bədniyyətli suallara Odər Qutluərin iş bu kitabının gələcək basqılarında geniş yer verilməlidir.

Mən bu bitikdə bir cəhəti özəlliklə ayırardım. Burada keçmiş yalnız anılmır; bitik keçmişdən gələcəyə nəzər salmağa çalışır. Keçmiş – ulu, şanlı və ağrılı!.. Gələcək – dilədiyimiz böyük gələcək!.. Bir sözlə, “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə!”

Odər milli ideyanın XXI yüzildə hansı formada yaşamalı olduğu barədə düşünür. Bu isə yeni nəsil bilgini üçün sevindirici özəllikdir. – Bəli, tarix yalnız keçmiş haqqında danışmır. – Tarix gələcək üçün məsuliyyət hissi də yaradır.

“Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir.
…Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. BİZİM BAŞQA AİLƏMİZ YOXDUR. BİZİM AİLƏMİZ TÜRK DÜNYASIDIR”. – Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin antiterror tədbirlərindən 5 ay sonra (14.02.2024, Milli Məclisdə Andiçmədə) dediyi bu sözlər Bizim Yol xəritəmizdir. Yol xəritəmiz Ruh xəritəmiz əsasında şəkillənir. Söhbət Türk dünyasından gedirsə, daha hansı kateqoriya hadisə bizim üçün yetərli ola bilər ki? Biz dədələrimizin ruhunu şad edən Yolla yürüyürük – gələcək nəsillər üçün işıq gələn yolla!..

Bu baxımdan Türk dünyası doğrudan da yeni bir tarixi mərhələyə qədəm qoyur.
Türk Dövlətləri Təşkilatı artıq siyasi platformdan daha geniş anlam daşımağa başlayır.
Belə bir dönəmdə türkçülük mövzusunda yazılan hər bir ciddi əsər, özəlliklə də yeni nəsil araşdırmaçısının qələmindən çıxan əsər diqqətlə oxunmağı haqq edir.
Odər Qutluərin bu bitiyi da həmin istiqamətdə atılmış uğurlu addımlardan biridir.
İnanıram, bu əsər onun elmi yaradıcılığının son nöqtəsi deyildir.
Qutluərdə araşdırmaq həvəsi də görünür, mövzuya bağlılıq da, məsuliyyət də.

Mən Odər Qutluərdən bundan da sanballı, bundan da dərin, bundan da üfüqügeniş bitiklər gözləyirəm.
Onun qarşısında böyük bir yol açılır.
Bu yol elmi dərəcələrin yolu olmaqdan daha üstün – milli fikir tariximizə xidmət yoludur.

Qələmin iti olsun, Odər!
Düşüncəsi daim yenilənsin.
Türk dünyasının ortaq bilimsəl, mədəni məkanına yeni töhfələr verməkdə davam edəcəyinə inamım tamdır.

Adının anlamı kimi, yolu da qutlu olan insanların işi heç vaxt təkcə özlərinə aid olmur; onların yazdıqları, düşündükləri və qurduqları körpülər bütöv bir millətin mənəvi sərvətinə çevrilir.

Göybayrağa, Tanrıdağına əsənliklər!

Əkbər QOŞALI