Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının lOO illiyinə həsr edilmiş “Xalqın sənəti, elin hikməti” adlı Lalə, Toğrul və İsgəndər Sərdarlıların əsərlərindən ibarət sərginin əks sədası hələ də gəlməkdədir. Sərginin son illərin bu formatda keçirilən ən uğurlu sərgilərindən biri olduğunu nəzərə alıb mötəbər ekspert rəylərini də diqqətinizə çatdırırıq.
Əziz dostumuz Əməkdar incəsənət xadimi, xalq rəssamı Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, hörmətli Çingiz Fərzəliyev adı çəkilən sənət ocağına rəhbərlik edəndən sonra bu məkanda bir birindən maraqlı dünya tələblərinə cavab verən sərgilər keçirilməkdədir. Elə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Xalqın sənəti, elin hikməti”adlı Lalə, Toğrul və İsgəndər Sərdarlıların əsərlərindən ibarət sərgi də bu qəbildəndir. O zaman sərgidə Sərdarlılar ailəsinin özünəməxsus üslubda, bəzən də yeni texnika ilə işlənmiş maraqlı əsərləri nümayiş olunmuşdu. Onu da qeyd edim ki, mənim Sərdarlılar ailəsinin yaradıcılığı ilə tanışlığıma vaxtilə Azərbaycanın xalq rəssamı, tanınmış heykəltaraş Xanlar Əhmədov səbəbkar olub. 7-8 ay bundan əvvəl mənə onunla bir yerə getməyi xahiş etmişdi. Səbəbini soruşanda demişdi ki, ünvana çatanda hər şey sənə aydın olacaq. Bu minvalla Novxanı kəndində içərisində maraqlı memarlığı olan bir evin çox səfalı həyətinə qədəm qoyduq. Təbii ki, bu binanın zahiri görkəmindən çox onun daxilində rastlaşdıgım sənət nümunələri sözün əsil mənasında məni heyran elədi. İlk dəfə burada mən Sərdarlılar ailəsi, ata, ana və ogul ilə tanış oldum. Bildiyiniz kimi yarım əsrdən çoxdur ki, mən təsviri sənət məkanında baş verən prosesləri yaxından izləyirəm. Etiraf edim ki, burda gördüklərim qəbildə, bu səviyyədə, bədii estetik dəyərləri dünya standartlarına cavab verən əsərlərin ümumilikdə çox az yaradıldığını görmüşəm. Ona görə də Sərdarlılar ailəsinin yaratdıqları sənət əsərlərinin geniş ictimaiyyətə təqdim olunması, düşünürəm ki, Milli İncəsənət Muzeyinin ən xeyirxah tədbirlərindən biridir. Əsərlər haqqında fikir bildirməzdən əvvəl sizin nəzərinizə çatdırıb bölüşmək istədiklərim də var.
Uzun illərdir ki, sənət məkanında onu dəyərləndirəcək iki termin mövcud olmaqdadır. Bunlardan biri kulturadır, yəni mədəniyyət, o birisi isə subkulturadır, yəni alt mədəniyyət. Təəssüflər olsun ki, elə uzun illər boyu biz subkulturanı, alt mədəniyyət nümunələrini yüksək mədəniyyət nümunələri kimi təqdim etməklə özümüz özümüzü aldatmaqla məşğul olmuşuq. Əlbətdə indi nəzərinizə çatdırdıgım həm də bir etirafdır. Təbii ki, bu məsələnin zamanında gündəliyə gətirilməməsində elə biz sənətşünasların da az günahı yoxdur.
Amma hər halda mən gec də olsa bunu dilə gətirməliyəm. Bəla burasındadır ki, o əsil kultura, mədəniyyət nümunələri yaranmadıgından, yaradılmadıgından, o subkultura, yəni alt mədəniyyət nümunələri yüksək mədəniyyət nümunələrinin yerini tutublar. Belə proseslər başqa ölkələrdə də davam etməkdədir. Bununla da zaman zaman bizim zövqümüzü korlayıblar. Qeyd edim ki, bu təkcə rəssamlıqda deyil, ümumilikdə incəsənətin bir çox sahələrində özünü göstərməkdədir. Düşünürəm ki, bu çox agrılı məsələdir. Bu baxımdan Sərdarlılar ailəsinin sərgidə ictimaiyyətə təqdim etdiyi əsərlər tam məsuliyyətlə bildirirəm ki, əsil kultura, mədəniyyət nümunələridir. Ona görə də mən bu ugurlu sərgiyə görə həm mədəniyyətimizə, incəsənətimizə bağlı olan insanlarımızı, həm də Sərdarlılar ailəsini ürəkdən təbrik edirəm.
Sərginin ekspozisiyasında Sərdarlılar ailəsinin son illər ərsəyə gətirdikləri çoxlu sayda dekorativ tətbiqi sənət nümunələri nümayiş etdirilirdi. Bunlardan böyük əksəriyyəti mücrü, sandıqça və sandıq nümunələri idi. Ta qədim zamanlardan məmləkətimizdə hər kəsin evində bir mücrü olub. Ən qiymətli əşyalarımızı o mücrülərdə saxlamışıq, qorumuşuq. Sərgidə nümayiş olunan əsərlərə baxanda düşünürsən ki, insanda nə qədər təxəyyül olmalıdır ki, bu qədər bir birindən seçilən müxtəlif, bir birindən rənginə, formasına, məzmununa görə fərqlənən, dekorasiya baxımından da zəngin olan bu cür mücrüləryaradasan. Sərdarlıların yaratdıqları həm sandıq, həm mücrü, həm də zinət və bəzək əşyaları nümunələri göstərir ki, tarixən xalq sənətimiz el şöhrəti qazanıblar. Hələ qədim zamanlardan Azərbaycana üz tutan səyyahlar, diplomatlar və ya başqa nüfuz sahibləri ən azı buranı tərk edəndə özləri ilə bir qolbag, digər zinət əşyaları və s. aparıblar ki, sonradan onlara dünyanın tanınmış muzeylərdə, şəxsi kolleksiyalarda rast gəlinir. Düzdür bir çox hallarda biz fəxr edirik, qürur duyuruq ki, Azərbaycan sənətkarlarının əsərləri dünya muzeylərini bəziyir. Amma hər halda belə sənət nümunələrinin Azərbaycanda xeyli sayda olması daha ürəkaçan olardı. Odur ki, mən fürsətdən istifadə edib əlaqədar qurumlara müraciət edirəm ki, Sərdarlıların sərgisinin ekspozisiyasında nümayiş etdirilən əsərlərə sözün əsil mənasında yiyəlik etməliyik. Bu əsərləri başlı başına qoymaq olmaz. Düzünü deyim, elə indinin özündə də hansısa xarici ölkə vətəndaşları, diplomatlar bu əsərləri alıb aparırlar. Bu reallıqdır. Amma bu həm də bizim zəngin milli mədəni irsimizin inciləri, bizim sərvətimizdir. Onları beləcə asanlıqla paylaşmaq olmaz. Əslində bu cür əsərləri yetərincə qorumalı ona sahib çıxmalıyıq. Belə işlərdə bizim Heydər Əliyev Fondunun fəaliyyəti çox təqdirəlayiqdir. Ümumilikdə mədəni irsimizin qorunması, onun təbligi sahəsinə Heydər Əliyev Fondunun diqqət və saygısını həmişə hiss etməkdəyik. Eləcə də Mədəniyyət Nazirliyimiz haqqında da indiki davranışlarına,ayrı ayrı məsələlərə yanaşmalarına görə xoş sözlər demək olar. Yeri gəlmişkən qeyd edim ki, rəhmətlik Mədəniyyət nazirimiz Zakir Bagırovdan sonra hər zaman biz mədəniyyət naziri problemi yaşamaqdaydıq. Amma indiki təyinat artıq eşitdiklərimə, müşahidələrimə görə uğurlu təyinatdır.Ümidvaram ki, hörmətli Adil müəllim mədəniyyət sahəsindəki əvvəllər buraxılmış səhvləri aradan qaldırmaga nail olacaqdır.
O, bizim sahədə öz sözünü demiş müxtəlif insanlarla, o cümlədən mənimlə də görüşüb, söhbətləşib, fikirlərimizə diqqətlə qulaq asıb. İnanıram ki, biz zəngin tariximizə, keçmişimizə, qədim ənənələrimizə malik olan Azərbaycanımızın mədəniyyətini yenə də yüksəklərə, zirvələrə qaldıra biləcəyik. Xalqın, dövlətin ən böyük təbliğatçısı onun mədəniyyətidir. Bəzən yüz siyasətçinin, bir ordunun görə bilmədiyi işi, bir əsəri göstərməklə, dünyayantanıtmaqla o xalq haqqında düzgün fikir formalaşdırmaq, düzgün təsəvvür yaratmaq olur. O üzdən hesab edirəm ki, Sərdarlılar ailəsinin sevə sevə, yüksək zövqlə həm də böyük zəhmət bahasına ərsəyə gətirdikləri sənət nümunələrindən ibarət möhtəşəm sərgisi tarixi sərgi oldu. Bununla onlar sözün əsil mənasında müasir Azərbaycan dekorativ tətbiqi sənət irsinə böyük töhvələr vermiş oldular. Bu münasibətlə Sərdarlılar ailəsini bir daha ürəkdən təbrik edir, onlara yaradıcılıqlarında yeni yeni uğurlar arzulayıram.
Ziyadxan Əliyev
Əməkdar incəsənət xadimi, sənətşünas,
sənətşünaslıq üzrə fəlsəfə doktoru