Ev Bədii Varağı örtün üstümə – Fikrət Sadıqın şeirləri

Varağı örtün üstümə – Fikrət Sadıqın şeirləri

745

Qismət

Hər kəsin qisməti gələndə bölünür.
Kiminə qoşa ovuc, kiminə tək ovuc.
Kim nə miqdar olsa əzəldən bilinir
Kiminə qoşa ovuc, kiminə tək ovuc.

Çox olan çox yedi, az olan az yedi.
Çox olan gizlədi, az olan gözlədi.
Göydən də bir mələk bunları izlədi.
Kiminə qoşa ovuc, kiminə tək ovuc.

Naşükür doymadı, artmağa cəhd etdi.
Durdu, zor işlətdi, zor əydi düz xətti.
Tanrıya ağ oldu, aləmi titrətdi.
Kiminə qoşa ovuc, kiminə tək ovuc.

 

***
Döyüşdə ölmədim deyəm,
Bayrağı örtün üstümə.
Üstündə son misram donmuş,
Varağı örtün üstümə.

Dön bax illərə, aylara,
Nəyim varsa para-para.
Qara günüm çoxdu, qara,
Torpağı örtün üstümə.

Ümidim yaralı bir quş,
Qolum-qanadım qırılmış.
Üşüyürəm, xəzəl olmuş,
Yarpağı örtün üstümə.

Göylər niyə zalım olsun,
Tale mənə zamin olsun.
Bir dərə məzarım olsun
Bir dağı örtün üstümə.

 

***
Sel deyir: – Gəlin gedək!
Torpaq dinmir.
Daş düşünür,
Çiçək başını bulayır.

Duman deyir: – Gəlin gedək!
Dərə dinmir.
Dağ düşünür,
Çəmən başını bulayır.

Tufan deyir: – Gəlin gedək!
Meşə dinmir.
Ağac düşünür,
Budaq başını bulayır.

Hicran deyir: – Gəlin gedək!
Ürək dinmir.
İnsan düşünür,
Məhəbbət başını bulayır.

Nəfs yıxan

Köhnə səfər atında
Zaman çapır irəli.
Köhnəlsə də köhləni
Dartıb çəkir illəri.

Gəlib-gedirlər daim.
İnsanlar nəsil-nəsil.
Sonda baxıb görürsən.
Bir şey olmayıb hasil.

Həyat öz axarıyla
Hey axır… Mütəmadi.
Yaşamaq, çox çətinmiş
Heç də deyilmiş adi.

Bu yalançı dünyada
Çox zalımdı adamlar.
Dost yıxan, rəqib yıxan,
Ev yıxan, qəlb yıxan var.

Şəhər yıxıb dağıdan,
Milləti yıxan da var.
Camaata qarışan,
Aradan çıxan da var.

Nə əcəb, indiyədək,
Yalnız dünyada bir kəs,
Cəhd eləyib yəni, öz
Nəfsini yıxa bilməz.

Bu – inqilab olardı,
Min ildə bir inqilab.
Gələcəyə qalmaqçın
Budur – ən doğru cavab.

Nə qədər çox olsaydı
Nəfsinə “dur” – deyənlər.
O qədər azalardı
Mərifət bilməyənlər.

Nə əcəb, mərd ürəkli
Bir pəhləvan tapılmır.
Dünya yıxılan yerdə
Bir nəfsi yıxan olmur.

Qayıtsın dilimizə
Yenə də “nəfsini bas”
Onda ikicə kəlmə
Dünyanı edər xilas.

Belə dünyanı neynirəm

Hər yerdə yol kəsir yolu,
Belə dünyanı neynirəm.
Yolu yolkəsənlə dolu,
Belə dünyanı neynirəm.

Adamları ikiüzlü,
Dili teyxa haça sözlü.
Üstü açıq, altı gizli,
Belə dünyanı neynirəm.

Otları var acı, şirin,
Məskənidir, xeyrin, şərin.
Adlatmasıdır bəşərin,
Belə dünyanı neynirəm.

Yolçu yolda – necə olar,
Günü – gündüz, gecə olar.
Yol qurtarar, o heç olar,
Belə dünyanı neynirəm.

Səfası çox, vəfası yox!
Cəfası çox, səfası yox!
Qadağa çox, rəvası yox!
Belə dünyanı neynirəm.

Haqdır, demir düz deyənə
İşıq vermir gözləyənə
Şərikdir şər söz deyənə,
Belə dünyanı neynirəm.

Bu gəraylı – yeddibənddi!
Birər dərddi hər bir bəndi.
Bu – açılmaz qıfılbəndi,
Belə dünyanı neynirəm!

Halbuki

Nə olsun çaylar dolub, çaylar dolub nə olsun,
Halbuki, meşə solub,meşə solub halbuki.
Nə olsun el dərdlidir, el dərdlidir nə olsun,
Halbuki, azad olub, azad olub halbuki.

Nə olsun qabda aş var, qabda aş var nə olsun,
Halbuki, gözdə yaş var, gözdə yaş var, halbuki,
Nə olsun yol hamardır, yol hamardır nə olsun,
Halbuki, yolda daş var, yolda daş var halbuki.

Nə olsun gün saçır nur, gün saçır nur nə olsun,
Halbuki, qanım donur, qanım donur halbuki.
Nə olsun göz doymayıb, göz doymayıb nə olsun,
Halbuki, ömür sönür, ömür sönür halbuki.

Və lakin

Bu dünyada sevinc də var,
Və lakin – kədərlə birgə.
Səadət – bağrı badaşdı,
Qəzavü-qədərlə birgə.

Bu dünyada qızılgül var,
Və lakin – tikanla birgə.
Bülbül aşıq timsalıdı,
Köksündəki qanla birgə.

Aydın səma, göy üzü var,
Və lakin – dumanla birgə.
Ümid dolu ürək də var,
Nigaran – gumanla birgə.

Bir də övlad fərəhi var,
Və lakin – dərdiylə birgə.
Hələ biçilməmiş – zəmi,
Dolu yağan göylə birgə.

Həyat da var dadlı, şirin,
Və lakin – ölümlə birgə.
Çox acı sözlərim də var,
Çox şirin dilimlə birgə.

Bu dünya bütövdür – guya,
Və lakin – kəsirlə birgə.
Kor-koranə ömür sürür,
İnsan min bir sirlə birgə.

Tarix qələmlə yazılıb,
Və lakin – qılıncla birgə.
Dua, alqış ərşə dirək,
Qarğışla, qaxıncla birgə.

Quru, torpaq adalar var,
Və lakin – dənizlə birgə.
Tərpənmir, amma fırlanır,
Dünya – bəndənizlə birgə.

Azadlığa da çıxmışıq,
Və lakin – izinlə birgə.
Sən azadsan – azad olsa
Özünlə, sözünlə birgə.

Bilmədim axı

Günü – gecə-gündüz, ili – ehtiyac,
Ömür imiş, demə, bilmədim, axı.
İnsan dedikləri yanmış bir ağac,
Kömür imiş demə, bilmədim, axı.

Bu şıltaq həyatda – biz ağır kitab,
Sual çox, amma yox suala cavab.
Bu qədər əzaba kim gətirər tab,
Dəmir imiş demə, bilmədim, axı.

Dünya özü boyda qapalı qəfəs,
Əsir-yesir olur qəfəsdə hər kəs.
Yerdə, suda, göydə bunca güclü səs –
Səmir imiş demə, bilmədim, axı.

Bu nə müsibətdi, varmı bir bilən,
Ya müqəvva imiş yaşayıb – ölən.
Yaşamaq özü də səmadan gələn,
Əmr imiş demə, bilmədim, axı.

Yalnız qocalanda bilirsən bunu

Qocalıq özü bir sirri-xudadır,
Yalnız qocalanda bilirsən bunu.
Ömrə yamaq olan dərdi-bəladır,
Yalnız qocalanda bilirsən bunu.

Sən istər-istəməz nimdaş olursan,
Sən dönüb qocaman dam-daş olursan,
Sənə söz deyirlər, sən daş olursan,
Yalnız qocalanda bilirsən bunu.

Yerişin səngiyir, səsin yumşalır,
Çiyninə atırlar ağır yun şalı.
Yaşın istəyinlə heç uyuşmayır,
Yalnız qocalanda bilirsən bunu.

Zəifləyib gözün, korşalıb beynin.
Güllər açılsa da açılmır eynin.
Özündən də əvvəl qocalıb əynin,
Yalnız qocalanda bilirsən bunu.

Ayaq ayaq üstə durmaq istəmir,
Əl nə istəyirsə, barmaq istəmir,
Qış düşüb, bu odun yarmaq istəmir,
Yalnız qocalanda bilirsən bunu.

Söhbətin tutmayır yaxın kəs ilə,
Hərdənbir “burdayam” – deyib səs elə!
Sənə təsəlliyçin nəvən bəs eylər,
Yalnız qocalanda bilirsən bunu.

Yanında dursa da baxmaz gözələ,
Yaxşı deyil, axı görən söz elər.
Heç nə bacarmırsan, barı göz elə,
Yalnız qocalanda bilirsən bunu.

Üzün xal-xal səpər, dərin büzüşər,
Çaşıb söz deyərsən evdə söz düşər.
Əlin yavaş-yavaş eldən üzüşər,
Yalnız qocalanda bilirsən bunu.

Düşmənin sevinər, dostun yan keçər,
Bu fani dünyadan bir insan keçər,
Səni də aldadıb bu dövran keçər,
Yalnız qocalanda bilirsən bunu.

Orda oğlun-qızın durub müntəzir,
Yorulmuş ataya rahatlıq gəzir.
Qarışıq dünyadan bir qoca bezir,
Yalnız qocalanda bilirsən bunu.

Yenə də Sabir

Əlimi kəsirsən,
deyirsən – “tərpənmə!”
Dilimi kəsirsən
deyirsən – “sus, dinmə!”
Yanıram, üstümə
su da çiləmirsən,
deyirsən – “yan, sönmə!”
Donuram, üstümə
qartopu atırsan,
deyirsən – “isinmə!”

Gün, çıx-gün, bat

Harda olsam
dan söküləndə,
gün çıxanda,
Mən də yenidən
doğuluram,
dünyaya gəlirəm elə bil.

İllah da ki, gün
dağın dalından boylana,
dənizin dibindən çıxa.

Harda olsam
şər qarışanda,
gün batanda,
Mən də birdən –birə
yerə çökürəm,
ölürəm elə bil.

İllah da ki, gün
dağın dalında gizlənə,
dənizin dibində bata.

Tövbə qapısı

Dünyada, təki bir fərd
tövbə edən tapılsın.
Göyə baxsın, açıqdır
göyün tövbə qapısı.

Bu məbəd gecə-gündüz
heç vaxt qapanmır əsla.
Tövbə edən, yaxın gəl,
Səni gözləyir Allah.

Əyri – düz

Əyriynən düz, ekiz qardaş
Çaşdırıbdı bizi əyri.
Düz adama daş atır daş,
Bəyənməyir düzü əyri.

Uşaq yaşından həmişə,
Seyrə çıxmaq istəmişəm.
Mən belə yer görməmişəm,
Dağı hamar, düzü əyri.

Görməyən də məni danlar,
Hardan gəlib bu adamlar.
Ağaclarda bu xislət var.
Bəzi şümal, bəzi əyri.

Əyridən alıb savadı.
Dincəlməyə yox saatı.
Düz oturub yalan satır,
Sandalı düz, mizi əyri.

Ha vuruşur, ha əlləşir,
Hər gün bir nəhs işə düşür.
Od tutur, yanır, alışır,
Ocağı – gur, közü – əyri.

Düzü görəndə kor olur,
Nə utanır, nə yorulur.
İstəsə düppədüz durur,
Yerişi düz, izi əyri.

Xeyir və şər

Xeyirdə xalis xeyir,
Şərdə də tam xalis şər.
Bir bilən varmı görən,
Nə qədərdir, nə qədər?!

Xeyrin zərif saçağı
Qarışıb şərə seyrək.
Şərin zəif saçağı.
İlişib xeyrə tək -tək.

Nə qədər ki, dünyada
Xeyir də var, şər də var.
Deməli, dünya da var.
Dünyada bəşər də var.

Allah, saxla sonrasını

Soyuq – isti, isti – soyuq,
Allah, saxla sonrasını.
Sözə baxma, mənaya bax!
Allah, saxla sonrasını.

Sözü keçən adama bax
And içib də dedi bayaq
Ağa qara, qaraya ağ,
Allah, saxla sonrasını.

Haqq qovuldu, qaldı nahaq.
Çör vurdu çöpə şapalaq.
Ayaq – baş tutdu, baş – ayaq,
Allah, saxla sonrasını.

Göydən yağış yox, yağdı daş,
Hətta səma qaldı çaşbaş.
Buzlaq qum oldu, səhra yaş,
Allah, saxla sonrasını.

Tikan gülü qoydu lağa,
Qurd-quş daraşdı bulağa.
İt başladı ulamağa
Allah, saxla sonrasını.

Əlləri qoynunda

İndi, hər çətin iş görülür pulla,
Tale – bir küncdə qalıb,
əlləri qoynunda.

Yaxşının bəxti yaman gətirib.
Əla – bir küncdə qalıb,
əlləri qoynunda.

Eləni elə şişirdiblər ki,
Belə – bir küncdə qalıb,
əlləri qoynunda.

İnsana zülm edən elə insandır
Bəla – bir küncdə qalıb,
əlləri qoynunda.

Cığır

Dərə keçib, dağ aşıram,
Yamaclara dırmaşıram.
Bir tərəfim çay, uçurum,
Bir tərəfim qalın meşə.
İllər boyu təkmi durum?
Fikirliyəm mən həmişə.
Mən ot basmış bir cığıram,
İnsan üçün darıxıram.

Yorğun gözüm yolda qalıb,
Dörd yanımı tikan alıb,
İstəmirəm itim-batım
Unudulmuş cığır kimi.
Nəyə lazım bu həyatım
Qıracaqsa ümidimi?
Mən ot basmış bir cığıram,
İnsan üçün darıxıram.

Ey insanlar, dəstə-dəstə
Gəlin çıxın sinəm üstə.
Mən də gülüm bu dünyada
İstəyimcə görüm sizi.
Addım, ürək ağrıtsa da,
Həyatımdır ayaq izi.
Mən ot basmış bir cığıram,
İnsan üçün darıxıram.

Dördlüklər

***
Adam özü-özünə elədiyin – yığışa
Külli-aləm də gələ, eləyə bilməz, haşa!
Adama gizli-açıq düşmən elə özüdür,
Özünü yıxa-yıxa ömrünü vurur başa.

***
Doğru deyib atalar, çiy süd əmibdi insan,
Adamı tanımaqçın gərək yaxın olasan.
Adam var, dar ayaqda sənə əl tutar – susar,
Adam da var, əl tutur, sonra deyir – borclusan!

***
Eynən bu münvalla xeyir də, şər də
Bir kökdən boy atıb cücərdi Yerdə.
Təbiət büründü ağa-qaraya,
İnsan da bölündü mərdə, namərdə.

Tural Adışirinin təqdimatında