Ev Bədii Əlimi əlinə öyrətmə belə – Şeirlər

Əlimi əlinə öyrətmə belə – Şeirlər

95

Musa YAQUB
Xalq şairi

Öyrətmə özünə, öyrətmə məni

Taleyin qisməti rast saldı bizi.
Yolumuz hardasa qırılacaqsa,
İtirəcəyiksə bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa.
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa
Sən allah, özünə öyrətmə məni,
Hicran qoxusuyla göynətmə məni…
Əlimi saçına öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə;
Üzümü üzünə öyrətmə belə…

Mən bir az baharlı budaq kimiyəm,
Bir az da sadəlövh uşaq kimiyəm.
Bala anasına qovuşan kimi,
Leylək yuvasına yovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam,
Amma ki, sönməyim çox çətin olur –
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə, öyrətmə məni.

Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi;
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur.
Bu şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni.

Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi, haça budağı
Ayırmaq olmursa biri-birindən,
Məni də ayırmaq çətindir axı.
Öyrətmə özünə, öyrətmə məni;
Yox buna taqətim, yox buna tabım
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım…
Yoxsa da, könlümün sınıqları var,
Hicranın köz basmış yanıqları var –
Mənim dərdlərimin ayaqları var –
Harda olsa gəlib tapacaq məni,
Yaxıb yandıracaq bu ocaq məni.
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə…

Onda biləcəksən

İndi nazın böyük, ürəyin aram,
Eh, mən də səninçün belə qalmaram…

Bir də görərsən ki, bir ərk yerin yox,
Qalmısan neçə yad baxışın altda.
Qəfil görəcəksən çətirin də yox,
Əsirsən bir qərib yağışın altda.
Günəşdə üstünə kölgə salan yox,
Tənhasan, amma heç yada salan yox.
Sönüb səndən ötrü o isti ocaq.
Onda bilcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq.

Könlün darıxanda, lap darıxanda,
Kimlərsə hardansa qoşa baxanda,
Bir də görəcəksən
Sən burda təksən,
Yanında boş qalıb bir sirdaş yeri,
Sızlayır könlünün həmin boş yeri.
O sözün, o səsin, o ərkin yoxdur,
Dərdin var, bu dərdə şərikin yoxdur.
Onda birdin-birə gözün dolacaq,
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq.

Məsələn, bir dəfə yeri gələndə,
Bir gizli vaxt tapıb güzgülənəndə
Bir də görəcəksən şümşad əllərin,
Çiyninə tökülmüş dalğın tellərin,
Bir gülər üzün var,
Amma bilən yox,
Bu xumar gözlərlə birgə gülən yox.
Yoxdur bu əllərin qədirbiləni,
Yoxdur bu tellərin qədirbiləni,
Çiynin boş, əlin boş, boş qalan qucaq..
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq.

Soraq almayanda eldən, mahaldan,
Yığa bilməyəndə gözünü yoldan,
Könlün bir qanadlı söz istəyəndə,
Ümid qanadıyla uçum deyəndə
Bir də görəcəksən qanadın yoxdur.
Çağrılır, deyilir, adı var,amma
Dilimdə şipşirin o adın yoxdur,
Bir nağıl, bir sevgi, həyatın yoxdur.
Gün keçib, vaxt ötüb, xatirəm uzaq…
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq…

Sən mənə verdiyin əzaba görə

Qapında əyilib suala döndüm,
Səndən alacağım cavaba görə.
Allahım heç sənə əzab verməsin,
Sən mənə verdiyin əzaba görə.

Üzüb hər ümiddən əlimi sənsiz,
Dünyanın gedimi,gəlimi sənsiz,
Daha istəmirəm könlümü sənsiz,
Baxıb biganələr xaraba görə.

Düşməzmi güzarım bir dost bağına,
Sevda çiçəklərim düşüb qırğına,
Yamanca tuş oldum el qınağına,
Təsəlli tapdığım şəraba görə.

Elə bil ürəklər daşdı,dəmirdi,
Bir üzü ağ küldü,biri kömürdü,
İlahi, bu necə yalqız ömürdü,
Qoymaram bu ömrü hesaba görə.

Öz eşqim yolunda sadiq canam mən,
Heyf oldum,həm yanan,həm yamanam mən,
Bəlkə də, birinci müsəlmanam mən,
Cəhənnəm çəkirəm savaba görə…

Allahım heç sənə əzab verməsin,
Sən mənə verdiyin əzaba görə.

Bir günah sənin, bir günah mənim

Bir gözün mən əydim, bir gözünü sən,
Niyə narazıyıq bu tərəzidən?..
Sən çeşmə qurudan, mən ağac kəsən
Bir günah sənindir, bir günah mənim.

Bu südə su qatıb hərə bir qaşıq,
Arını şəkərə dadandırmışıq.
Bazarın yağı şor, balı qarışıq
O mətah sənindir, bu mətah mənim.

Söz sözə gələndə sən nəfsi qıran,
Mən dünya malına göz yumub duran.
Amma ayrılıqda daşı da yaran,
Bir tamah sənindir, bir tamah mənim.

Görürük bu silah vurmur hədəfə,
Vurmur, ha atırıq mininci dəfə.
Əlimiz dolaşıb düşüb kələfə,
Bu əl gah sənindir, bu əl gah mənim.

Qoyma yalanımız qalxsın ayağa,
Hay deyirik, haya gəlmirik, qağa.
Sözü güləşdirib, əhdi danmağa,
Bir vallah sənindir, bir vallah mənim.

Yamanca ustayıq hər ehtiyatda,
Dostluq şirnisi də dilimiz altda.
Amma yaman günə əlimiz altda
Bir silah sənindir, bir silah mənim.

Ömür təsəllidi, ümid sabahdı,
İndi öz xeyrinə çoxu agahdı.
Hərə dolanışa bir cür nigahdı,
Bir nigah sənindir, bir nigah mənim.

Orda bulanıq su hopur torpağa,
Burda üzə çıxıb dönür bulağa.
Hələ ki, vaxtımız var durulmağa,
Bir sabah sənindir, bir sabah mənim.

Bu dünyanın qara daşı göyərməz

Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib, payız gəlib, qış qalıb.
Göy çəməndə ocaq yanıb, daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.

Nə o ocaq közərəsi, sönəsi,
Nə o günlər bir də geri dönəsi…
Qəm eləmə, könlümün bir dənəsi,
Bu dünyanın qara daşı göyərməz.

O gülyanaq bənddir bir xoş baxışa,
Körpə budaq əl açıbdır yağışa.
Min baharın hərarəti yığışa,
Bu dünyanın qara daşı göyərməz.

Ot göyərdib o cığırım, o izim,
Tufanlanıb çalxalanmaz dənizim.
Daha məndən sevgi umma, əzizim,
Bu dünyanın qara daşı göyərməz.

Araz boyu çox mənalar sezmişəm,
Elə bilmə əllərimi üzmüşəm.
Ürəyimə daş bağlayıb dözmüşəm,
Bu dünyanın qara daşı göyərməz.

Tural Adışirinin təqdimatında