Ev Bədii Əkbər Qoşalı – 50

Əkbər Qoşalı – 50

493

Əkbər Qoşalının 50 yaşına

Əkbər Qoşalının həm xalq şeirindən, folklordan qaynaqlanan, həm də sərbəst şeirimizin ənənələrinə söykənən poeziyası öz oxucusu ilə asanlıqla dil tapıb. Bəzən lirik səciyyəli, bəzən Vətənə, torpağa sevgidən ilhamlanan maraqlı şeirləri oxucularının qəlbini oxşayıb. Əkbər Qoşalı həm də o ədəbi isimlərdəndir ki, ömrünün düz yarısını yazıb-yaratmaqla yanaşı ardıcıl və məhsuldar şəkildə ədəbiyyatımızın təbliğinə, türkdilli ölkələr və xalqlar arasında ədəbi mübadilə işinin təşkilinə həsr edib. Bu işdə çoxlu uğurlar qazanıb.
Əsərləri onlarla dilə tərcümə edilərək nüfuzlu dərgilərdə, ayrıca kitablar kimi nəşr edilib. Prezident təqaüdünə layiq görülüb. Əkbər həm ədəbiyyata, sözə, həm də həqiqi vətəndaş və ziyalı kimi dövlətə və xalqa səmimiyyətlə xidmət edib.
Çağdaş Azərbaycan şeirinin istedadlı nümayəndəsi Əkbər Qoşalının 50 yaşı tamam olur. Əkbəri təbrik edirəm. Qoy ömrü bundan sonra da elə əvvəlki kimi dolğun, yaradıcılıq coşqusu ilə keçsin.

Hörmətlə,

ANAR,
Xalq yazıçısı,
Azərbaycan Yazıçılar Birliyinin sədri

* * *

Əkbər Qoşalı-50

Hörmətli Əkbər müəllim!
Sizi – tanınmış şair və yazıçı-publisisti 50 illik yubileyiniz münasibətilə təbrik edirik.
Siz ədəbi fəaliyyətə ötən əsrin 90-cı illərində başlamısınız. İlk qələm təcrübələriniz mətbuatda işıq üzü görmüş, ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Siz onlarla ədəbi, bədii, elmi-publisistik kitabın: “Ömür qoyub gedənlər”, “Qar çiçəyi”, “Türkün səsi”, “Azərbaycan türkologiyası” (bibloqrafiya, ortaq), “Altun bitik”, “Ölümlərin ötəsi”, “Ölü yuxusu”, “Səs. Söz. Rəng”, “Çağdaş Azərbaycan ədəbi qurumları”, “Yeni nəsil Azərbaycan aşıqları” (2 c.), “Azərbaycan gənclər hərəkatı”, “Gəldik. Gördük. Yazdıq”, “Bölgələrdən səslər” (3 c), “Can Azərbaycan”, “Yeni nəsil tatar şeiri antologiyası”, “Yeni qazax şeiri antologiyası”, “Özbək şeir çələngi”, “Gənc qırğız şeiri antologiyası”, “Qəlbdəki və qələmdəki Qarabağ”, “Ürək daşı”, “Xəyalımı çağırdım”(özbəkcə) və s. müəllifi, həmmüəllifi, tərtibçısı və redaktorusunuz. Bugünlərdə Ankara, Astana və Kazanda yeni kitablarınız nəşr olunub. “Nobel qardaşlarının ilk uğuru”, “Stalinin qaranlıq keçmişi”, “100 illik şərəfli ömür”, “Xəta və xatirə” filmləri sizin redaktorluğunuz ilə çəkilib. Sözləri sizə, musiqisi B.Nəsibova aid olan “Əziz Şuşa” mahnısı ilk dəfə Mədəniyyət və İncəsənət Universitetinin “Xəzər” xorunun Kamera və Orqan Musuqisi zalındakı konsertində ifa edilib (28.12.2022). Şeirlərinizə F.Sadiq, R.Bəhmənli, E.Mədətoğlu, İ.Əsgəroğlu, S.İncə musiqi bəstələyib. Şeirləriniz ingiliscəyə, ruscaya, vyetnamcaya, gürcücəyə çevrilib, qardaş türkcələrə uyğunlaşdırılıb və ölkə xaricindəki nüfuzlu ədəbi portal, dərgi, qəzet və antologiyalarda yayımlanıb. Sizin uyğunlaşdırmanızda qardaş ölkələrin bir çox yeni nəsl şairinin və klassikinin şeirləri azərbaycanca yayınlanıb. Türk dünyasının böyük klassiklərindən Əhməd Yəsəvinin “Divani-Hikmət”ini (T.İrfanla birgə) azərbaycancaya çevirmisiniz. Kitab Mədəniyyət Nazirliyinin xətti ilə ötən il nəşr olunub. Görkəmli Azərbaycan şairi Əli Kərimin Mədəniyyət Nazirliyi xətti ilə nəşr olunan ikicildlik “Seçilmış əsərləri”nin məsləhətçisi, şairin Ankarada (BENGÜ”, 2021) çıxan “Seçmə şeirləri”nin redaktorusunuz.

Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüsüz. Öncəki illərdə AYB Nəzarət təftiş komissiyasının sədr müavini olmusuz.
Siz Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) qurucususunuz. 2022-ci ildən Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvüsünüz. 2020-ci ildən Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, 2021-ci ildən Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavinisiniz. Daha öncə Gənclər və İdman Nazirliyində baş təlimatçı, Atatürk Mərkəzində şöbə müdiri vəzifələrində çalışmısınız.
Siz respublikamızın “Gənclər mükafatı” (2002). “Rəsul Rza” Beynəlxalq mükafatı (2009), “Vektor” Beynəlxalq Elmlər Akademiyasının “Şahmar Əkbərzadə” Beynəlxalq Poeziya mükafatı (2006), Qazaxıstanın “Töleqen Ayberqanov” (2016), nüfuzlu “Alaş” Beynəlxalq Ədəbiyyat mükafatının (2001) laureatısınız. Azərbaycan yazıçılarının son üç qurultayının məruzəçılərindənsiniz.
2015-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı, 2018-ci ildə Azərbaycan Prezidenti adından Müdafiə Nazirliyi tərəfindən “Azərbaycan Ordusu-100” yubiley medalı ilə, Gənclər Təşkilatları Milli Şurasının Azərbaycan Gənclər və İdman Nazirliyi ilə ortaq təsis etdiyi “Fəxri Gənc” Qızıl nişanı, Azərbaycan Jurnalistlər Birliyinin “Zərdabi” Diplomu, TÜRKSOY-un “Molla Pənah Vaqif” medalı, Beynəlxalq Türk Akademiyasının “Gümüş medalı”, Qazaxıstanın I Prezidentinin imzası ilə “Qazax Xalqı Assambleyası-25” yubiley medalı, Qırğız Respublikasının “Toktokul Satılganov”, Qırğız Milli Yazıçılar Birliyinin “Xidmətlərə görə”, Əmir Teymur Fondu”nun “Turan birliyi”, Tatarıstan Respublikası Mədəniyyət Nazirliyinin “Mədəniyyət sahəsində uğurlara görə”, Qazaxıstaın “Gültekin”, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akaremiyası”nın “Altun yıldız” medalları, RF Arxangelsk Vilayət Hökuməti Mədəniyyət Nazirliyi, Saxa (Yakutiya) Respublikası Mədəniyyət Nazirliyi, Saxa Parlamenti, Saxa Dövlət Başçısı Administrasiyasının Humanitar siyasət şöbəsinin “Təşəkkürnaməsi”, Rusiya Yazıçılar Birliyinin “Fəxri Fərmanı” ilə təltif olunmusunuz, eləcə də, AGİN, Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatı Respublikası Komitəsi, Milli QHT Forumu, Quzey Makedoniya Mədəniyyət Nazirliyi, Tatarıstan Dövlət Şurası Təhsil, mədəniyyət, elm və milli məsələlər Komitəsi, Tatarıstan Yazıçılar Birliyi, Qaqauz Yazıçılar Birliyi, Saxa Yazıcılar Birliyinin və b. fəxri fərman və diplomlarına layiq görülmüsünüz.

Hörmətli Əkbər müəllim!
Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.

Azərbaycan Yazıçılar Birliyi