Ev Publisistika ŞƏMŞƏDDİN ABDİNAZIMOV – 60

ŞƏMŞƏDDİN ABDİNAZIMOV – 60

1365

QARAQALPAQ XALQININ VƏ ELMİNİN
TANINMIŞ SİMASI ŞƏMŞƏDDİN ABDİNAZIMOV

Onunla iki dəfə rastlaşmışam. Türkmənistanın Aşqabad şəhərində və Berdak adına Qaraqalpaq Dövlət Universitetində. Aşqabad şəhərində keçirilən Türkmənistan Elmlər Akademiyası Milli Əlyazmalar İnstitutunda “Əlyazmalar – milli irsin öyrənilməsi əsas mənbəyidir” adlı beynəlxalq elmi konfransda (Aşqabad, 13-14 mart, 2013) tanış olmuşdum. Aradan 6 il keçəndən sonra professor Abdunazimovla yenidən görüşdük: 2019-cu il oktyabrın sonlarında Berdak adına Qaraqalpaq Dövlət Universitetinə mühazirə oxumağa (ustad dərsi keçməyə) dəvət olunmuşdum. Professor Aşqabadda görüşdüyümüzü xatırlatdı və bundan məmnun oldum.

Bu il Qaraqalpaq xalqının və elminin tanınmış siması Şəmşəddin Abdinazimovun 60 illik yubileyi ölkəsində yüksək səviyədə qeyd olunur. Həmkarıma dost hədiyyəsi olaraq bir tanıtım yazı hazırlayıb nəşr etdimək də mənim könlümdən keçdi.

Alimin tərcümeyi-halı ilə tanış olduqda təbii ki, heyrət içində qaldım. Bu sadə insanın zəngin tərcümeyi-halı ilə Azərbaycan həmkarlarının da tanış olmasını istədim. Çünki ədəbi əlaqələr baxımından belə təqdimatlara nə qədər böyük ehtiyac olduğunun, hətta zəruri olduğu düşündüm.

Şəmşəddin Abdinazimov 21 avqust 1961-ci ildə Qaraqalpaqıstan Respublikasının Çimboy rayonunda anadan olmuşdur. Milliyətcə qaraqalpaqdır. 1987-ci ildən Berdak adına Qaraqalpaq Dövlət Universitetinin Qaraqalpaq dilşünaslıq kafedrasında çalışır. Filologiya elmləri doktoru (2001), professordur (2010), 200-dən artıq elmi və elmi-metodiki işləri, o cümlədən ümumtəhsil məktəbləri üçün 4 dərslik, ali təhsil müəssisələri üçün 5 dərslik, 10 oxu kitabı və 3 monoqrafiyanın müəllifidir. Onun elmi işlərinin nəticələri ali və orta təhsil müəssisələrinin təcrübəsində geniş tətbiq olunur. Xüsusilə, alimin ali təhsil müəssisələrinin tələbələri üçün “Qaraqalpaq dili tarixi” dərsliyi üç dəfə (2006; 2014; 2018), “Dilçilik tarixi” dərsliyi dörd dəfə (2005; 2006; 2013; 2018), “ Müasir qaraqalpaq ədəbi dilinin fonetikası və leksikologiyası” (2018), “Linqvofolkloristika” (2018), “Linqvopoetika” (2020), “Linqvokulturologiya”(2020) dərslikləri nəşr edilmişdir.

Ümumtəhsil məktəblərinin 3-cü və 10-cu sinifləri üçün digər dildə təhsil alan şagirdlər üçün “Qaraqalpaq dili” dərsliyi nəşr edilmişdir. 10-cu sinif üçün “Qaraqalpaq dili” dərsliyi (2017), 11-ci sinif üçün “Qaraqalpaq dili” dərsliyi (2018) nəşr edilmişdir. Professor Şəmsəddin Abdinazimov qaraqalpaq dilinin praktiki problemlərinin həllində də fəal iştirak edir. 2016-cı ildə M.Dövlətov və A.Alniyazovla birgə müəlliflik etdiyi “Qaraqalpaq dilinin orfoqrafiya qaydaları”nın yeni nəşri hazırlanaraq təqdim edilmişdir. 2017-ci ildə “Qaraqalpaq dilinin orfoqrafiya lüğəti” (həmmüəllifləri M.Dövlətov, A.Dövlətova) hazırlanaraq nəşr edilmişdir. “Qaraqalpaq dilinin orfoqrafiya lüğəti” (həmmüəllifi M.Dövlətov) təkmilləşdirilərək 2020-ci ildə təkrar nəşr edilmişdir.

Professor Şəmsəddin Abdinazimov türk dünyasında səviyyədə tanınan alimdir: O, beynəlxalq tədqiqat layihələrində də iştirak edir. 1994-cü ildə Türk Dil Qurumu (Türkiyə Dili Komitəsi) tərəfindən Ankarada yaradılan bir elmi qrupun üzvü seçilmişdi. 2008-ci ildə Almaniyanın Mannheim şəhərində elmi təcrübəsini artırdı. Nur-Sultan şəhərindəki (Qazaxıstan) Avrasiya Universitetinin Türkologiya kafedrasının professoru M.Eskeeva ilə birgə hazırladıqları “Qazax və Qaraqalpaq dillərinin müqayisəli qrammatikası” kitabları nəşr olundu (Astana, 2017; Almatı, 2018). Bunlardan başqa, Pekin Dillər Universitetinin (2019) “Özbəkistan dil korpusunun formalaşması” adlı layihəsində iştirak etmişdir.

2019-cu ildə Çinin Mintsu Universitetində Uyğur və Qazax dili ixtisaslarının tələbələrinə və Avrasiya Milli Universitetinin (Qazaxıstan) tələbələrinə mühazirələr (ustad dərsləri) oxudu. Nukus, Mahaçqala, Aşqabad, Bişkek, Kazan, Nur-Sultan, Ankara, Sumqayıt, Bakı və Kazanda keçirilən beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir. İlk dəfə olaraq Qaraqalpaq dilində nəşr olunan (2018) “Kitabi-Quran”ın redaktorlarından biridir.

Professor Şəmsəddin Abdinazimov Nur-Sultan şəhərində yerləşən Lev Nikolayeviç Qumilyov adına Avrasiya Milli Universitetinin Beynəlxalq Ekspertlər Şurasının üzvüdür. Özbəkistan Respublikası İnnovativ İnkişaf Nazirliyinin 15 dekabr 2020 -ci il tarixli 215 nömrəli əmrinə əsasən, “Filologiya, Psixologiya və Pedaqogika Elmləri” sahəsi üzrə Elmi -Texniki Şuranın üzvüdür. Eyni zamanda, Qaraqalpaqıstan Respublikası Elmi -Texniki Şurasının üzvüdür.

Professor Şəmsəddin Abdinazimovun elmi əsərləri Qaraqalpaq dilçiliyində yeni bir istiqamətin – linqvofolkloristika, linqvopoetika və linqvokulturologiya sahəsinin formalaşmasında baza oldu. Onun əsasını qoyduğu elmi məktəbdə xeyli sayda gənc alimlər – tədqiqatçılar yetişir. Elmi rəhbərliyi altında indiyəcən 3 elmlər namizədi, 5 fəlsəfə doktoru (PhD), 5 elmlər doktoru (DSc) hazırlanıb.

Professor Şəmsəddin Abdinazimov Qaraqalpaq Dövlət Universiteti nəzdindəki DSc / PhD.03 / 30.12.2019.Fil.20.01 ixtisasları üzrə Dissertasiya Şurasının sədridir. Özbəkistan Elmlər Akademiyası Qaraqalpaq şöbəsinin Bülleteni, Qaraqalpaq Dövlət Universiteti Bülleteni və “Elm və Cəmiyyət” jurnalının redaksiya heyətinin üzvüdür.

Professor Şəmsəddin Abdinazimovun elmi və pedaqoji fəaliyyəti dövləti tərəfindən yüksək qiymətləndirilmiş, 2015-ci ildə “Qaraqalpaqıstan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına, 2017-ci ildə “Qaraqalpaqıstan Respublikasının “Xalq təhsili əlaçısı” döş nişanına layiq görülmüşdür. Elmi fəaliyyətinin hüdudları hər tərəfə yayılan alim Qazaxıstan Xalq Assambleyasının Qızıl Medalı ilə (13 Noyabr 2019) təltif edilmişdi. 22 dekabr 2019-cu ildə Qaraqalpaqıstan Respublikası Ali Məclisinin deputatı seçilib.

Filologiya elmləri doktoru, professor Şəmsəddin Abdinazimovun elmi və ictimai fəaliyyəti ilə təmsil etdiyi xalqla yanaşı, türk xalqları elmi və təhsil sahələrində də yüksək dəyərləndirilməsi alın təri, zəhmətin uca Allahdan mükafatıdır: Gözəl ailə sahibidir: həyat yoldaşı və övladları (2 oğlu və 3 qızı) ali təhsillidir. Hər biri öz məqamlarında xalqına, dövlətinə qulluq etməkdən zövq alan ziyalılardır.

Almaz ÜLVİ BİNNATOVA

Filologiya elmləri doktoru
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
“Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi
əlaqələr” şöbəsinin müdiri