Ev Bədii Sən ağlatsan gülmək olmur, nədəndi? – Şeirlər

Sən ağlatsan gülmək olmur, nədəndi? – Şeirlər

1735

Əlibala Hacızadə

Qəlbimin qanıyla yazmışam, gülüm,
Adını ömrümün varaqlarına.
O qara gözlərin nur çeşməsidir,
Bənzəyir dünyamın çıraqlarına.

Mən necə əl çəkim bir cüt narından,
O ağ bədənindən – quzey qarından,
Öpdükcə doymuram dodaqlarından,
Şəkər səpilibdir dodaqlarına.

Sənsiz yaşamaram mən bircə an da,
Yolunda qurbandır bu baş, bu can da,
Ömürdən qiymətli nə var cahanda?
Mən onu atmışam ayaqlarına.

***
Gül nəfəsin gül qoxuyur, ay gülüm,
De gül nədir, çiçək nədir yanında.
Bu dünyada mələkdən də gözəlsən,
Huri nədir, mələk nədir yanında.

Nə qədər ki sən yoxlarsan, mən varam,
Nə qədər ki sən sevərsən yaşaram,
Bir gözələ göz ucuyla baxmaram,
Gözəl nədir, göyçək nədir yanında.

Sənsiz olsam, varlığımı sarar qəm,
Sənsiz olsam, bircə anda ölərəm,
Gözlərimi sənə qurban verərəm,
Bu can nədir, ürək nədir yanında.

***
Bu kövrək eşqimi, körpə eşqimi,
Bəsləyib böyüdüb qoç etmişəm mən.
Tanrım yazmışdı ki, bəxtim qaradı,
Tanrım yazanları heç etmişəm mən,

Könlümü vermişəm sənə, a dilbər,
Yolunda qurbandır bu can, bu gözlər,
Min bir əzab ilə ölsəm də əgər,
Demərəm ömrümü puç etmişəm mən.

Hicranlı, vüsallı dəmlər gözəldir,
Sevincli, nəşəli qəmlər gözəldir,
Bir gün eşidərsən bir xəbər gəldi,
Bu sənli dünyadan köç etmişəm mən.

***
Tapmışam ömrümün ağ gününü bil,
Xumar gözlərinin qarasında mən.
Səni görmək üçün sürünüb gəlləm,
Olsam, bu dünyanın harasında mən.

Eşqin varlığımda od qalayıbdır,
Dilim daim səni haraylayıbdır,
Qəlbini bir nadan yaralayıbdır,
Yaşaram qəlbinin yarasında mən.

Sənsiz yaman olur bilirsən halım,
Gözüm qan ağlayır, dönür əhvalım,
Qıyma ki, dayanım, qoyma ki, qalım,
Ömür yollarının yarısında mən.

***
Yandı məktublarım…Sən yandırdın, sən,
Bilmədim bu səndə nə həvəs idi?
Yaralı könlümə yaralar vurdun,
Mənə əzabların, gülüm, bəs idi.

Yandı ürəyimin səsi, fəryadı,
Gözümdən sel-sular axıb çağladı.
Ömürümün sütunu qopub laxladı,
Mən sonra anladım o nə səs idi.

Ağladım, dözmədim göz yaşına mən,
Səni bağışladım candan ürəkdən,
Peşəm yanmaq olub, özün bilirsən,
Taleyim əzəldən mənim nəhs idi.

***
Sən məni sevəndən tanrı olubsan,
Mən səni sevəndən “dəliyəm”, gülüm.
Sən mənim ömrümün solmaz baharı,
Mən sənin ömrünün gülüyəm, gülüm.

Sən məni sevəndən gülüb gözlərin,
Şəkərə, noğula dönüb sözlərin,
Mən səni sevəndən bu göyün, yerin,
Bahar yağışıyam, seliyəm, gülüm.

Sən məni sevəndən açıb çiçək, gül,
Şeirə, nəğməyə dönüb o könül,
Mən səni sevəndən yaşayıram bil,
Mən səni sevməsəm, ölüyəm, gülüm.

***
Nurdan yaranmısan, nurdu baxışın,
Ulduzlar göylərə gözündən düşüb.
Sevən ürəyimə bu atəş, bu od,
Sevən ürəyinin gözündən düşüb.

Səndən ayrı düşmək – ən böyük günah,
Ağaran saçıma baxıb çəkmə ah.
Yüz telim həsrətdən ağarıb, vallah,
Bircə dən bir acı sözündən düşüb.

Eşqinlə ucalan uca bir dağam,
Səni sevəcəyəm – nə qədər sağam.
Bir kəsi deməyə qoymayacağam –
Sevgilin qocalıb gözündən düşüb…

***
Bilməm nədən belə doğmasan mənə
Bir belə qohumun, yadın içində.
Tək sənin adını yazmışam gülüm
Qəlbimə min gözəl adın içində.

Eşqinlə çağlayan bir bülbül oldum
Sənə nəğmə oldum, qızılgül oldum,
Sən məni yandırdın, yanıb kül oldum
Mən səni qoymazdım odun içində…

***
Sən Allah, yuxuma girmə gecələr,
Qorxuram sevincdən öləm yuxuda.
Yaman istəyirəm hamıdan gizli,
Mən özüm yuxuda gələm yuxuna.

Gələm tufan kimi, gələm sel kimi,
Öpəm gözlərindən, dodaqlarından.
Uyuyum qoynunda qızıl gül kimi,
Nə səhər açıla, nə sökülə dan.

Sənə nəğmə deyəm incədən incə,
Ürəyim qəşş edə xoşbəxtliyindən.
Sərxoş dodaqların hey pıçıldaya:
“Sənsiz neyləyirəm xoşbəxtliyi mən?”

Beləcə, yuxunda yaşayam sənin,
Görmək istəmirəm kimi-kimsəni.
Dünyanın xoşbəxti say özünü sən
Mənim tək kim sevər, axı kim səni?

***
Ölüm bu dünyanın o üzündədi,
Bu üzü dünyanın güldü, çiçəkdi.
Ölməzlik məhəbbət zirvəsindədi,
Məhəbbət əbədi ömür deməkdi.

Sızlama ürəyim, sən dözümlü ol,
Bu dünya həm acı, həm də şirindi.
Bir gözlə sən ağla, bir gözünlə gül,
Bu dünya əzabına dözənlərindi…

Hicranın yolları bitməz, tükənməz,
Vüsal yollarına qar ələnibdir.
Ömrünü eşqinə qurban deyən kəs,
Xəyanət əliylə güllələnibdir…

Nədəndi

Gah ağlatdın, gah güldürdün sən məni,
Hikmətini bilmək olmur, nədəndi?
Selə – suya qərq elədim cahanı –
Göz yaşımı silmək olmur, nədəndi?

Nə biləydim, xəzan vurmuş gülmüşəm,
Öz ömrümü sənin ömrün bilmişəm,
Fələk məni ağladanda gülmüşəm –
Sən ağlatsan gülmək olmur, nədəndi?

Yaşamağa nə inam var, nə güman.
Başım üstdən heç əskilmir sis – duman,
İstəyirəm həsrətinlə verim can,
Həsrətindən ölmək olmur, nədəndi?

***
Yenə gəlir üzü qara ayrılıq
Səni məndən ayrı salar əzizim.
İnsafı yox, mürvəti yox, qanı yox.
Ürəyimdə ocaq qalar, əzizim.

Nə qədər ki bu dünyada mən varam,
Gecə-gündüz yollarına baxaram.
Sənsiz gülüm, olarammı, heç aram,
Sevinc mənə haram olar, əzizim.

***
Sənsiz hicranına dözmək çətindi,
Sənsiz keçən anlar ömürmü, gülüm.
Məni inildədən bu həsrətindi,
Ürəyim poladmı, dəmirmi, gülüm.

“Sən” deyib sızlayır qəlbimin başı,
Fəryadım yandırır toprağı, daşı.
Əzizim, qurudu gözümün yaşı-
Yanıb külə döndü, kömürmü, gülüm.

***
İnan ki, namərdəm səni unutsam,
Səni ömrüm boyu anar ürəyim.
Sənsiz bir an belə yaşaya bilməz,
Sönər bir şam kimi, donar ürəyim.

Fələk çox oyunlar açıb başıma,
Heç kim rəhm etməyib axan yaşıma.
Talemi çıxardı səni qarşıma?
Səni bir xilaskar sanar ürəyim.

Tural Adışirinin təqdimatında