Ev Bədii Dağılan hər otaq, dağılan hər ev… – Şeirlər

Dağılan hər otaq, dağılan hər ev… – Şeirlər

581

Valeh QOCA

Zəlzələ soyuğu

Ağac yoxmu yandırmağa İlahi?!
Buza dönmüş otaqların yanında.
Nə olar ki, bir dəfə də sən ağla,
O qurumuş dodaqların yannıda.

Nə gündüzüm təsəllidir, nə gecəm,
Körpələrə acıyaydın mən heçəm.
İçim yanır, əlim qalxmır su içəm,
Gözüm qalıb bulaqların yanında.

Nə qəzəbdir ilin, günün bu çağı,
Torpağının açılıbdır qucağı.
Necə yanır o zəlzələ ocağı?!
Hamı donur ocaqların yanında.

Bu nə zülmət, min gecənin şamı bir,
Ögeyin də, doğmanın da camı bir.
Səndən başqa hamı həmdəm, hamı bir,
Yaxınlar da uzaqların yanında.

Su tapılmır, hər yan qandır İlahi.
Bu əvvəldi, yoxsa sondur İlahi?!
Məni dondur, məni dondur İlahi,
Utandırma uşaqların yanında.

Zəlzələ

Dağılan hər otaq, dağılan hər ev,
Mənim ürəyimin dağım yeridi.
Orda hər qarışda məzar əkilib,
Hər addım başında toxum yeridi.

Daş şəhər bir anda nə günə düşüb,
Dağ heykəl şəhərin büstünə düşüb.
Min daş bir sinənin üstünə düşüb,
Hər sinə min daşın yığım yeridi.

Orda arzu ölür, ya kam doğulur,
Bəzən doğulan da nakam doğulur.
Orda yer altından adam doğulur,
Hər daşın arası doğum yeridi.