Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi əməkdaşlarının və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının nümayəndələrinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Dilimizvarlığımız.az xəbər verir ki, tədbirdən öncə Ulu öndər Heydər Əliyevin MAKA-nın inzibati binasında yerləşən büstü ziyarət edilmiş, önünə gül dəstələri düzülüb.
Tədbirin əvvəlində dahi şəxsiyyət Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan MAKA-nın baş direktoru, professor Natiq Cavadov tədbir iştirakçılarını və fəxri qonaqları salamlayaraq öz çıxışında ulu öndərin dövlətimizin yüksəlişi və rifahı üçün gördüyü işlərdən geniş söz açıb, daha sonra isə ölkəmizin uğurlu gələcəyi naminə təməlini qoyduğu inkişaf strategiyasını Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin respublikaya rəhbərlik etdiyi elə ilk aylardan uğurla davam etdirdiyindən danışıb.
Sonra isə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının prezidenti Prof. Dr. Hayrettin İvgin çıxış edərək Türkiyə Azərbaycan əlaqələrinin qədim tarixdən başlayaraq bu günədək qorunub saxlandığını və gün keçdikcə daha da möhkəmləndiyini vurğulayıb.
Tədbirin davamında MAKA-nın rəhbər əməkdaşları və digər fəxri qonaqlar da çıxış ediblər. Sonda MAKA-nın baş direktoru, professor Natiq Cavadov Milli Aerokosmik Agentliyi adından Akademiyanın prezidenti Prof. Dr. Hayrettin İvginə Təşəkkürnamə təqdim edərək kollektiv adından öz minnətdarlığını bildirib və belə görüşlərin mütəmadi təşkil olunmasının önəmli olduğunu vurğulayıb.