Rəsmiyyə Sabir “X Uluslararası İstanbulensis şeir Festivalı”nda Azərbaycanı təmsil edib. Bu haqda Dünya Gənc Türk Yazarlar Birliyindən məlumat verilib. Festival 25-27 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində Sultanbəyli bələdiyyəsinin təşkilatçılığı ilə keçirilib. Bu festival hər il müxtəlif ölkələrdən olan şairlərin iştirakı ilə keçirilir. Bu il Beynəlxalq şeir festivalında Azərbaycan, Türkiyə, Tunis, İran, Suriya, Fələstin, Seneqal, Mavritaniya, İordaniya, Bosniya və Hersoqovina və başqa ölkələrdən şairlər iştirak ediblər. Festivalın açılış tədbirində Sultanbəyli bələdiyyəsinin sədri Hüseyn Kəskin iştirakçıları salamlayaraq festivalın əhəmiyyətindən danışıb. O, Sultanbeyli bələdiyyəsinin mədəniyyət sahəsində göstərdiyi fəaliyyətlər haqqında festival iştirakçılarına məlumat verib. Açılış tədbirində Türkiyənin və xarici ölkələrin şairləri öz şeirlərini oxuyublar. Festival çərçivəsində müxtəlif liseylərdə məktəblilərlə şairlərin görüşləri keçirilib. Onlar şagirdlər üçün öz şeirlərini oxuyublar və şagirdlərin ədəbiyyatla bağlı suallarını cavablandırıblar. Rəsmiyyə Sabir məktəblilərə Azərbaycan şairləri, müxtəlif ədəbi birliklər (Dünya Gənc Türk Yazarlar Birliyi, Azərbaycan Yazarçılar Birliyi) ölkəmizdə nəşr olunan ədəbi dərgilər haqqında ətraflı məlumat verib.