Ev Bədii Ayaqda saxladı tək, qələm bizi – Elman Tovuzun yeni şeirləri

Ayaqda saxladı tək, qələm bizi – Elman Tovuzun yeni şeirləri

543

Elman TOVUZ

***
Köynəyimdi boz rəngində,
Göynəyimdi köz rəngində.
Üstüm-başım göz rəngində,
Gözə gəlmişəm, bilirəm.

Yuvayam, damı sökülmüş,
Dərdi içinə tökülmüş…
(Uşaq ikən, bir bükülmüş
Belə gülmüşəm, bilirəm.)

Nə qədər günlər ələyib,
Gecəynən xəmir eləyib,
Saat-saat kündələyib –
Ömrü bölmüşəm, bilirəm.

Çıxmayıb fəryadım göyə,
Göylər mənim deyil deyə.
Xəlvət tapıb, çəkilməyə
Qəlbi bilmişəm, bilirəm.

Sarı simdə nə çalmışam,
Bircə onda kam almışam.
Bilmirəm kimə qalmışam,
Kimə ölmüşəm, bilirəm…

***
Bir “sevirəm” sözü ilə
gül bitirdim
yanağında –
qaragözlü lalə kimi…
Bir “sevirəm” sözü ilə
bax,
gətirdim dodağına
təbəssümü –
gülərüzlü jalə kimi…
Görürsənmi,
bircə kəlmə
sözdə yanan bu nuru sən!
Bilirsənmi,
sən özün də
bu söz kimi dumdurusan!
Bir “sevirəm” sözü ilə
qaranlığın yaxasına
düşən oddan
yarandı dan.
Bax, beləcə,
sən ətirli bir bağ oldun
mənsə bağban.
Üzümüzdə od yandırıb
dilimizi lal eyləyən,
özümüzü utandırıb
duyğumuzu bal eyləyən
bir sözdəki işığa bax,
qüdrətə bax!
Nə gözəldi sevmək, Allah!
Nə gözəldi sevgi, Allah!
Mən olmasam nə olardı

***
Ahımdırmı bu mələyən,
Qövr eləyir yaram, Allah.
Sızlamayan, göynəməyən
Haram qalıb, haram, Allah?!

Axı ömrüm şüç ömrümü?
Yolun azmış köç ömrümü?
Yaşamadım heç ömrümü,
Tapılmadı çaram, Allah…

Mən olmasam nə olardı,
Bir adamın azalardı?..
…Dərdin tökülüb qalardı,
Nə yaxşı ki, varam, Allah!

***
Nədən oxşar oldu talelərimiz…
Biz ki yaranışdan ayrı qütblərik.
Şaxta, ayaz geydi gecələrimiz,
Günlü gündüzlərə olmadıq şərik.

Bircə bizə düşdü bəlkə bu yazı,
Tənhalıq adına siftə biz olduq.
Qatdı başımızı Vətən sevdası,
Amma öz qapımız cəftəsiz oldu.

Özgə qızlarının öpdüm telindən,
Sən oğul əlindən tuta bilmədin.
Qoşulub saç yolan analara sən,
Oxşadın boyunu neçə şəhidin…

Azdıra bilmədi dərd-ələm bizi,
Dözüm mayak oldu qaranlıqlara.
Ayaqda saxladı tək, qələm bizi,
Hər könül verdikcə ağ varaqlara.

Uğur dediyimiz daşdan-daşadı,
Əzabın hər yerdə dadını bildik.
Bu fani dünyada nə gün yaşadıq,
Nə də yaşananın adını bildik.

Yandıq dirigözlü bu çataçatda,
Biri-birimizdən yox xəbərimiz.
Hərə vaxt keçirdi bir çatı altda,
Amma oxşar oldu talelərimiz…

***
Nə vaxtdır
qapının ağzında
bir cüt qəbir
ölmüş ayaqlarımı gözləyir…

İntihardan başqa yolu qalmayan
bir dəst nimdaş kastyumsa
ağ xallı qırmızı qalstukla
asmış özünü dolabdan…

gözümə dəymir
atdığım o, zəhrimarın külqabısı…
hansı küncə düşüb
məhbus ömrü yaşayır, nə bilim…
Bircə, burnumda qoxusu qalıb,
bir də, barmaqlarımda sarısı…

ümidinə kül olmuş arabamsa
sədaqətinə əsir düşəndən bəri
qalıb çarasız…
uzaq yol üçün hazırlanmış yük kimi,
çəkir ağırlığımı
evin içində o baş-bu başa,
pulsuz-parasız…

bəbəyinə tor gəlmiş gözlərimin
həsrətini çəkən
tozlu kitabları demirəm hələ…
qorxuram dindirməyə,
xatirələr dağılıb evlə bir olar deyə…

sazıma bax hələ bir…
çıxıb yapışıb divarın yaxasından,
itdən qorxan uşaq kimi…
bircə himə bənddir ki,
elə indicə hönkürə sarı simi…

qəribə məkandır burası, deyilmi?!
həm qorxunc edamı var,
həm zəhryaran məhbəsi;
həm səliqə-səhmanlı məzarlığı var,
həm də … eh, nə isə…

təkcə, qələmimdir dimdik ayaqda,
o da qapqara taleyimi
alın yazısı kimi,
ağappaq varaqlara yazmaqda…

və bir də, mən!
9.01.23

Mənim şeirlərim

Mənim şeir kimi balalarım var,
Anası pərimdi, atası mənəm.
Harda ki, xətalı misralarım var,
Elə onların da xətası mənəm…

Mənim şeirlərim – ikicə fəsil,
Gözümə yağışdı, başıma qardı.
Kəpənək misalı, ruhun diqtəsi,
Ağlın dediklərii daşdan ağırdı.

Sərbəst şeirlərim – qızımın teli,
Dağılır ağappaq varağın üstə.
Sərrast şeirlərim – oğlumun əli,
Gəzir əsgər kimi, torpağın üstə.

Fikrim hey yaralı şeirlərdədir,
Onlar da vətəntək bölük-bölükdü.
Ağrılı vaxtıma düşübdür, nədir,
Havası qaranlıq, odu sönükdü.

Özündən doğulur öz şeirlərim,
Yenə ilham pərim ikicanlıdır.
Nazlıdır, duzludur qız şeirlərim,
Oğul şeirlərim dəliqanlıdır.

Nə yaxşı, hələ də təbim, yerində!
Nə də ki ürəyim qorundan düşüb.
Özümə bənzəyir şeirlərim də, –
Elə bil, indicə burnumdan düşüb.
01.01.23

***
Yuxuda seyrinə çıxdım dağların,
Otlu cığırları pərişan gördüm.
Uçan kölgəsini boz buludların,
Çırpılıb daşlara qırışan gördüm.

Açıldı könlümün qaşı-qabağı,
Yox bu gözəlliyin ucu-bucağı…
Torpağın döşündə ulduzsayağı,
Qızıl ləçəkləri sayrışan gördüm.

Gəzdim aram-aram yamacı, yalı,
Yenə xonçalıydı dağlar maralı.
Nazlı dağ çayının meh atan şalı
Qayadan aşağı sürüşən gördüm.

Göz-gözə gəlincə sonalı göllə,
Çəkdi şəklimizi qırx incəbellə.
Hərə bir güşədə… bülbülü güllə,
Arını çiçəklə öpüşən gördüm.

Dolaşdım düzləri, endim dərəyə,
Şahidlik eylədim bir mənzərəyə:
Lilpar qədəhini süzüb hərəyə,
Suları qaynayıb-qarışan gördüm.

Oxşadı ruhumu göy biçənəklər,
Sıxıldı köksümə güllər, çiçəklər.
Gedib söylədilər ağzıgöyçəklər:
Elmanı çəmənlə görüşən gördüm.

***
Heç bilirsən ayrılıq nə? –
canı dişində ol, yetər.
Qar içində qaranlıq nə? –
ömrün qışında ol, yetər.

Viran edib könlü, qübar,
mənə qalan, bu divarlar.
Baş qatmağa ağrılar var,
sən get işində ol, yetər.

…Uça bilməz ki yerinən,
keyfi göylərdə sürünən.
Son qatarsa o, görünən,-
son gedişində ol, yetər.

***
Demə soyuq biriyəm…
soyutdun, deyə-deyə.
Bir ömür əridirəm –
bir canı isitməyə…

Beləcə, keçir günüm,
özümlə baş-başayam.
Sənin yayadır yönün,
mənsə üzü qışayam.

Səs gələr qulağıma,
dilində adım bitməz.
Buz dolar otağıma,
oduma odun yetməz.

Nə çağırar duyğular,
nə araya qan düşər…
Nə əllərin gül açar,
nə əlim güldan düşər.

Qəlbim sinəmi dələr,
sızladıqca sınıqlar…
Çölümdə vahimələr,
içimdə hıçqırıqlar…

Mənim üzüm axşama…
gözləyər səhər, səni.
Uzaqdan da oxşama,-
saçım üşüdər səni…

***
Bu sevdada nə sirr var,
yolu daş-kəsək oldu.
Biz açmayan cığırlar
amma bər-bəzək oldu.

Tanrı bəxti bölərkən,
unutdu yoxsa bizi…
Ümidimiz ölərkən,
tapdıq bir-birimizi.

Duyğumüz dağ olanda
bağlandı qollarımız.
Yaramız sağalanda
ayrıldı yollarımız…

Bu biçinlər bitməmiş,
bitdi göyərçin ömrün.
Əlim ələ yetməmiş,
keçdi ömür-gün, ömrüm.

Hərə bir yanda yenə:
mən burda,
sən uzaqda…
Bir gün çatacam sənə –
gedib yoxa çıxmaqda…

***
Əzəldən dunyaya qumardı dedik,
Bir ahlıq vaxtı da udan olmadıq.
Ömrü qara şumtək elə düzlədik,
Ağ günün aşıqı müdam olmadıq.

Yalan deyə-deyə boy-boy ucaldıq,
Qalxıb arsız-arsız çəpik də çaldıq.
Neçə “badamı”nın qadasın aldıq,
Özümüz bir quru badam olmadıq.

Üz tutduq dinsizə qalanda bekar,
Hacıya qul olduq, axunda nökər.
Bir tikə duz-çörək, bir ovuc şəkər,
Bundan artığını dadan olmadıq.

Elə hey məsləki xaraba çəkdik,
Haram yeyənlərə araba çəkdik…
Farsa, rusa çəkdik, ərəbə çəkdik,
Türk oğlu olmadıq, atam, olmadıq.

Nə canlar qovruldu ehtiyacından,
Kimi susuzluqdan, kimi acından…
Asıldıq həyatın dar ağacından,
Kim deyə bilər ki, edam olmadıq?

Beləcə, dünyadan olmadıq agah,
Bugün nə görürük, nə görək sabah.
Biz ki, insan kimi gəlmişdik, Allah,
Bəs niyə adamtək adam olmadıq…
23.07.22

Tural Adışirinin təqdimatında