Ev Bədii Kövrək yaddaşımda bir eşq nağılı – Yeni İmza

Kövrək yaddaşımda bir eşq nağılı – Yeni İmza

121

Dilimizvarlığımız.az “Yeni İmza” layihəsində gənc şair Aygün Fikrətqızının şeirlərini təqdim edir:

Ağrı

Elə qərib-qərib dalğalanıram,
Gözümün içindən bir dəniz keçir.
Mənim sahilimdə duran bu həyat,
Nə sənli adlayır, nə sənsiz keçir.

Bu ömrün içində azca durmağa,
Bircə bəhanə də qalmayıb daha.
Həmişə belədir sevən ürəyin,
Harayı heç zaman çatmır Allaha.

Əlləri qoynunda son görüş yeri,
Ağrıdan dişləyir öz dodağını.
Deyirəm, taleyim, güzgüyə bir bax,
Qan axır, doğrayıb söz dodağını..

Lal şəhər

Mən çıxıb gedəndən bu lal şəhərdən,
Qəlbimdə bir eşqin xətri var idi.
Yollarda kəssə də qışın soyuğu,
Mənim ürəyimdə ilk bahar idi.

Xatirə mehi tək əsirdi inan,
Saçımda əlinin həzin sığalı.
Almışdı ovcuna dəli könlümü,
Kövrək yaddaşımda bir eşq nağılı.

Ümid bürünmüşdü vüsal ətrinə,
Ayrılıq xəbərsiz, dərd uyuyurdu.
Yollar su içmişdi baxışlarından,
Atdığım hər addım eşq qoxuyurdu.

Özünü öyrətdin

Bir darıxmaq qədərsən…
Əsgər yuxusu kimi şirindir sevgin.
Desəydim sənə möhtacam
bir əsgərin susuzluğutək –
inanardın?
Məni sıxan xatirələr səngərin
soyuqluğuna bənzəyir.
Özüm-öz səngərimdə
ürəyimlə vuruşmaqdayam…
Ac quşların yem axtardığı qədərdi
sənin gəlişinə boylanmağım…
Üşüdür duyğularımı inamsızlığın
bütün hərfləri,
bir az da külək kimi qarışdırırsan.
Gözlərimdə ləpələnən
kipriklərimin ucunda
görünməyəcək yuxularımı …
Sevgi bu idimi…
vaxtsız öz dünyandan
köçürsən, yaşasan da.
Dar ağacı kimi xatirələrdən asılırsan…
İndi sinəmə çəkilmiş dağların ətəyində
bir əsgər yuxusu göynəyir
boş qalmış səngərə sarı…
Yadındamı,
özünü öyrətməyəsən demişdim…
Mən elə ilk gündən öyrənmişəm
itirənlərin əşyalarını axtarmağa!

Yağış yağır

Pəncərədən küçəyə boylanır xatirələrim
İslanır elə bil
Yaddaşımın küçələrində yeriyən
xatirə-xatirə adamlar
yeriyir küçələr bu yağış altda …
və mən islanıram xatirələrimin içində …

Yağış yağır
üşüyür ağaclarda …
üşüyür ömrümün budağında yarpaqlayan ehtiyaclar da…
təbiət təəccüblə baxır mənə ….

Mən də üşüyən adam …
Məni üşüdən havanın soyuğu deyil
adamların içində buz bağlamış arzulardı…

Yağış yağır
bir cüt misranı geyib ayaqlarıma
addımlayıram
bir parça buz bağlamış ümidin üstündə…
addımlayıram varaqların
və maraqların üstündə…

Köynək

Xəyallarım uzaq səfərə çıxıb…
Ona aldığım yol biletini də
unutmuşam
nimdaş ümid köynəyimin cibində…
Zəng vurub könlünü almaq istədim:
-Darıxma,
sən gedən qatarda
nəzarətçi olmur-dedim…
-Bəs vaqonumda, qapımın ağzında
kaktus kimi bitən adamı
necə inandırım
yol biletlərinin vəfasızlığına…

Dedim:-Vaxtın var hələ…
Morze əlifbasını öyrənməyə çalış,
Öyrən, reyslər niyə tunellərdə,
qaranlığın gülümsədiyi yerlərdə
məktublaşır…

Unutma, qatarı daşlayan uşaqların əynindəki
təptəzə ümid köynəkləri
sən qatardan düşənədək göz oxşayacaq…

Mənim də bir köynəyim vardı
Sənin yol biletini cibində unutduğum köynək.

Tural Adışirinin təqdimatında