Ev Xəbərlər “Xəzərin sahilindən…” – ekran yaddaşından kitab salnaməsinə

“Xəzərin sahilindən…” – ekran yaddaşından kitab salnaməsinə

62

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış telejurnalist, “Xəzərin sahilindən…” televiziya layihəsinin müəllifi və aparıcısı Fəxriyyə Lilparın eyniadlı kitabının təqdimat mərasimi keçirilib. Tədbir layihənin çəkilişlərinin aparıldığı, artıq bu televiziya salnaməsinin ayrılmaz ünvanına çevrilmiş “Yaxt Klub”da baş tutub. Məhz Xəzərin sahilində doğulan söz, fikir və düşüncə platformasının kitab halına gəlməsi təqdimata xüsusi rəmzi məna qazandırıb. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan 552 səhifəlik l cild, televiziya layihəsinin onillik fəaliyyətinin elmi-publisistik toplusu olmaqla yanaşı, milli aydınlıq mühitinin qiymətli sənədli salnaməsi kimi də diqqəti cəlb edir. Təqdimat mərasimində kitabda müsahibələri yer alan tanınmış elm, ədəbiyyat, mədəniyyət və ictimai-siyasi xadimlərin bir qismi iştirak edib. Tədbirə eyni zamanda ölkənin ictimai-siyasi həyatının görkəmli nümayəndələri, dövlət qurumlarının, ali təhsil müəssisələrinin, diplomatik korpusun, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, yazıçılar, şairlər, jurnalistlər, ictimai fəallar qatılıb. Tanınmış telejurnalist, sənətşünaslıq üzrə fəlsəfə foktoru Bəhruz Niftəliyevin aparıcısı olduğu gecədə çıxış edənlər vurğulayıb ki, “Xəzərin sahilindən…” bir televiziya verilişi olmaq etibarı ilə, Azərbaycan aydınlığının fikir xəzinəsini, mənəvi portretini və milli yaddaşını gələcək nəsillərə daşıyan önəmli mədəni layihələrdən birinə çevrilib. Kitab tədbirə qatılanlar tərəfindən maraq və rəğbətlə qarşılanıb. Televiziya müsahibələrinin sistemli şəkildə kitablaşdırılması Azərbaycan nəşriyyat təcrübəsində tez-tez rast gəlinən hadisə deyil; bu baxımdan nəşr televiziya ilə kitab mədəniyyətini bir araya gətirən yeni və uğurlu model kimi qiymətləndirilib. Nəşrin diqqətçəkən özəlliklərindən biri də onun interaktiv formatda hazırlanmasıdır. Kitabda yer alan hər bir müsahibənin önündə xüsusi QR kod yerləşdirilib. Oxucu həmin kod vasitəsilə birbaşa “YouTube” platformasına keçərək müsahibənin televiziya versiyasını izləyə bilir. Beləliklə, kitab həm oxu materialı, həm də audiovizual yaddaşla canlı bağlantı yaradan çağdaş informasiya resursuna çevrilir. Mütəxəssislərin fikrincə, bu yanaşma Azərbaycanda çap məhsullarının rəqəmsal imkanlarla zənginləşdirilməsi yönündə uğurlu örnəklərdən biridir və kitabı klassik nəşr çərçivəsindən çıxararaq çoxformatlı mədəni layihə səviyyəsinə yüksəldir. Kitabın daha bir önəmli cəhəti onun elmi statusudur. – Artıq vurğulandığı kimi – nəşr AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə gün üzü görüb. Kitabın elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, ön söz müəllifi filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı (Hüseynova), elmi redaktoru Almaz Ülvi (Binnətova), rəyçiləri isə Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Mətbuat Şurasının sədri Rəşad Məciddir. “NC Poliqraf”dan nəşr olunan bu kitab poliqrafik keyfiyyəti, rəng həlli, dizaynı, bir sözlə, nəfis tərtibatı ilə seçilir. “Xəzərin sahilindən…” layihəsi həm məzmun, həm də estetik baxımdan çağdaş kitab mədəniyyətinin uğurlu örnəklərindən sayılmağı haqq edir. Bir televiziya layihəsinin kitablaşdırılmış variantı olan nəşrə, əslində son onillik Azərbaycan ictimai fikrinin, elm və mədəniyyət mühitinin, aydınlıq düşüncəsinin, milli-mənəvi dəyərlərin, yaradıcı şəxsiyyətlərin həyat və yaradıcılıq fəlsəfəsinin sistemli şəkildə sənədləşdirilmiş salnaməsi kimi də baxmaq olar. Kitabın l cildi göstərir ki, efirdə yaranan söz zamanın axarında itib-batmır; o, kitab səhifələrində yeni ömür qazanaraq milli yaddaşın ayrılmaz hissəsinə çevrilir. Bu mənada “Xəzərin sahilindən…” layihəsi televiziya ekranından başlayıb kitab mədəniyyətinə uzanan uğurlu yolun, müəllif zəhmətinin və Azərbaycan aydınlığına sayğının sanballı təcəssümüdür. Yuxarıda vurğulanan düşüncələrin, fikirlərin də səsləndiyi təqdimatda professor Mahirə Nağıqızı, Mİlli Məclisin üzvü Jalə Əliyeva, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin eksperti Əkbər Qoşalı, filologiya üzrə fəlsəfə doktoru, dosent Şərəf Cəlilli, Pakistanın Azərbaycandakı səfirliyinin mətbuat attaşesi Rubab Kazmi, Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin sədri Ruslan İmanzadə, Əməkdar jurnalist, professor Qulu Məhərrəmli, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, “Sağlamlığın Qorunması” İB-nin sədri, tibb elmləri doktoru Yazgül Abdiyeva, Əməkdar jurnalist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Etibar Babayev, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və b. çıxış edərək ürək sözlərini bölüşüb. Azərbaycan və Özbəkistan Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artist Nuriyə Hüseynova, Əməkdar artist Şolə Səfərəliyeva, tanınmış müğənni Çilənay Hüseynova və başqalarının ifaları təqdimat gecəsinə xüsusi rəng qatıb. Sonda bütün iştirakçılara, kitabın və televiziya layihəsinin hazırlanmasında, uğur qazanmasında əməyi keçən hər kəsə təşəkkür edən müəllif kitabını oxucular üçün imzalayıb.