Ev Bədii Hər şeydə bir sən varsan – Şeirlər

Hər şeydə bir sən varsan – Şeirlər

1698

Vətən

Mənə icazə ver, bir gün bir axşam,
Bir gəlim qapını pusum, ağlayım.
Bilirəm, dinməyə haqqım yox, Vətən,
Qoynunda lal olum, susum ağlayım.

Yoxdur dəyərini ölçən tərəzi,
O uca boyunu biçən tərəzi.
Sənin torpağını dərman əvəzi,
Yaramın üstünə basım, ağlayım.

Çiçəyin bir körpə, qarın bir bələk,
Torpağın bir xəlbir, torpağın ələk.
Dağında yaşaya bilmədim, gərək,
Dərəndə özümü asım, ağlayım.

Darıxa

Götürüb qaçasan baharı kəndə,
Şəhərdə səninçün payız darıxa.
Ömründə bir dənə gecən olmaya,
Səninçün ay ölə, ulduz darıxa.

Ömrünü yaşaya yerdə bu dünya,
Tapıla xeyirdə, şərdə bu dünya.
Bir tək sən olasan, bir də bu dünya,
Qoyasan dünyanı yalqız, darıxa.

Neçə küçələri şəhər edəsən,
Neçə axşamları səhər edəsən.
Bir qızın qəlbini dəftər edəsən,
Bir az qələminçün kağız darıxa.

Sən də tək öldüyün gün darıxasan,
Darıxsan bir az da şən darıxasan.
Hardasa bir qızçün sən darıxasan,
Hardasa səninçün bir qız darıxa.

Sənli bir xatirəyəm

Səni xatırladacaq,
Nəyin varsa gəl apar.
Bu sönmüş ocağımdan,
Bir ovuc da kül apar.

Götür apar nəyin var,
Qoy qalmasın səndən iz.
Varlığıma toz salır,
Bu toz basmış cer-cehiz.

Mənə bir göz dağıdır,
Bu eşqin ev eşiyi.
Səssiz, küysüz bir otaq,
Bir də uşaq beşiyi!

Hər şeydə bir sən varsan,
Götür apar səni də.
Sənli bir xatirəyəm,
Qoyma qalım məni də!

Keçdi

Ağarıb qara günlərim,
Anamın saçından keçdi.
Mənim etdiyim savablar,
Kiminsə suçundan keçdi.

Tapammadım hər cavabı,
Göy sualdı, yer cavabı.
Min sualın bir cavabı,
Bir ipin ucundan keçdi.

Bu nə yuxu, bu nə yozu?!
Bu nə həyat, bu nə yazı.
Heyif ayağımın tozu,
Başımın tacından keçdi.

Bir gün doğru, bir gün yalan,
Bu dünyanın özü talan.
Ağlımln ucunda qalan,
Ömrümün içindən keçdi.

Olmur

Bəzən bir eşqin ömrü,
Bir görüş qədər olmur.
Bir həyatın sevinci,
Bir gülüş qədər olmur.

Hər gedişin bir adı,
Hər ürəyin bir odu.
Bəzən bir eşqin dadı,
Bir öpüş qədər olmur.

Sevgi də ömrün biri,
Gedər, qayıtmaz geri.
Min gedişin dəyəri,
Bir dönüş qədər olmur.

Düşür

Burdan bir çay axır, sənli başımdan,
Xəyalım sürüşüb bu çaya düşür.
Bütün arzularım bu tayda qalır,
Bütün ümidlərim o taya düşür.

Nə olar gözümdən eşqimi dərsən,
Dərdimi ayaqlar altına sərsən.
Bilirəm hardasa gülümsəyirsən,
Hardansa bir işıq düz aya düşür.

Bu nə ömür deyil, nə də ki yuxu,
Keçdi sirr içində ömrümün çoxu.
Mən səni gizlincə sevirdim axı,
Bəs niyə bu sevgim səs-küyə düşür.

Neçə ki sən yoxsan ömrüm tam deyil,
Əriyən şam deyil, yanan şam deyil.
Bu gələn nə gecə, nə axşam deyil,
Kölgəndi bu yerə, bu göyə düşür.

Səni yaşayıram günün yerinə,
Düşürəm saçıma dənin yerinə.
Səni gözləyirəm, sənin yerinə,
Hardansa qarşıma bir qaya düşür.

Valeh QOCA