Nakam gənc şairdən şeirlər…
***
Səndən sonra beləyəm mən
Ömrüm-günüm qarmaşadı
Bir quyunun içindəyəm
Gələn-gedən bir daş atır..
Nə gücüm var, nə hünərim,
Çıxdı getdi sevdiklərim..
Sən gedəli kirpiklərim
Yanaqlarıma yaş atır..
Həsrətin yanğısı sərtdir,
Dözmək olmur, qiyamətdir
Yoxluğun elə bir dərddir
Nə öldürür, nə yaşadır..
Səni bağışlayıram
Səni bağışlayıram
baharın gedişinə,
payızın gəlişinə.
Səni bağışlayıram
doğulacaq körpənin
balaca süd dişinə.
Səni bağışlayıram
yolunun üstündəki
qarışqanı əzməyən
insanın ürəyinə.
Səni bağışlayıram,
Məhəmməd peyğəmbərin,
İsanın ürəyinə.
Səni bağışlayıram
kimsəsiz məzarların
şəkilsiz baş daşına.
Səni bağışlayıram
oyuncağı qırılan
uşağın göz yaşına.
Səni bağışlayıram
bu yağışın səsinə,
bu torpağın ətrinə.
Səni bağışlayıram
elə sənin xətrinə.
Sütunsuz şeir..
Burdan aydınca görünür,
Yer kürəsi balacadı,
lap balaca, qollarını aç, qucaqla.
Burdan səni də görürəm,
dəli şeytan deyir ki,
elə indi ona tərəf qaç, qucaqla.
Amma…
Bütün gözəl cümlələrin “amma”sı var.
Ayrılığın izləri var əllərimdə,
bir də səni düşünəndə,
ürəyimin ağrıması, yanması var.
İndi ən az şimal qütb ulduzu qədər uzaq,
və şimal qütbü qədər soyuqsan.
Fəzalar arası boşluqdayam, gəzirəm…
Başqa planetlərdə yaşayış varmı?
Əlbəttə, yox! Hardan olsun?!
Başqa planetlərdə sən yoxsan.
Fəzalar arası boşluqdayam.
Yer kürəsini tapıram
və uşaqca bir ümidlə burdan
sənə əl edirəm.
Mənə görə narahat olma,
deyəsən, tapmışam unutmağın yolunu.
Hər gün Yer kürəsinə baxıb ağlayıram,
hisslərimi göz yaşımla həll edirəm.
Bu sütunsuz şeirdir
bir dəfə oxusan da yetər,
ürəyinin hər yerinə dağılacaq.
sən darıxma, inan mənə,
hər gün qopartdığın yaralar da
bir gün mütləq sağalacaq…
Qadın
Bəlkə də bu şəhərdə əsən bütün küləklər
Nə vaxtsa üzdüyümüz bir qadını nəfəsi.
Bəlkə də bu küləklər ora-bura sovurur,
Cırdığım şəkilləri…Bir küncdədir hərəsi.
Bəlkə də bu şəhərə vaxtsız yağan yağışlar,
Otağında ağlayan bir qadının göz yaşı.
Bəlkə də ayrılıqlar çoxaldı bu şəhərdə,
O yağışlı gecələr yalnızların yoldaşı.
Bəlkə ayrılıqları birdəfəlik unudub,
Bütün yaşanmışlara “oldu-keçdi” deməli.
Bəlkə də qadınlardan Allahın yox xəbəri,
Bütün gözəl qadınlar bir şeytanın əməli.
Gedəndə
Ayrılğa necə gedir hazırlıq?
Bəlkə məni dindirərsən gedəndə?
Son bir dəfə dalaşarıq səninlə,
Cin atına mindirərsən gedəndə.
Anlamadın məhəbbətin dadını,
Mənsə yazdım ürəyimə adını,
Ayaqüstü içimdəki qadını,
Baxışınla öldürərsən gedəndə.
Biraz köhnə şəkillərə baxarsan,
Nə vaxt çıxsan,səs salmadan çıxarsan,
Sənə zəhmət qapını da sıxarsan,
İşığı da söndürərsən gedəndə…
***
Mən gələn deyiləm bir də dünyaya,
Ölərkən unudun, yox sayın məni.
Bir köhnə paltarda,köhnə geyimdə.
Torpağa tapşırın arxayın məni.
Qayıdan deyiləm öz əvvəlimə,
Göz yaşı tökmədən ağlasın hamı.
Şəklimi divardan asmayın nolar,
Onsuzda asırlar ölmüş adamı.
Dünyadan əliboş əl üzmək çətin.
Bir ümid yeri var hər acizində.
Baş daşı qoymağa tələsin mənə,
Məndə bir daş olum,bu yer üzündə.
Adamlar unudur bu gün dünəni,
Ən sonda çevrilir,həyat daslara.
Üçümdə yaxınlar xatırlar məni,
Qırxımda düşmərəm heç yaddaşlara….
* * *
Məndən yaşlı şəkillər var evimizdə,
zaman-zaman baxır anam,
baxır atam..
Şəkillərin yaş fərqləri böyüdükcə
qocalmaqdan qorxur adam..
Həyatdı bu..
Uşaqlıqdan qocalığa axıb gedir,
axır hər gün..
Divardakı o tablodan iki nəfər
otuz ilin ötəsinə baxır indi,
baxır hər gün..
Çox hirsliyəm mən zamana..
Səni belə tez-tələsik
qocaltdığı üçün,ana.
Mən də bir gün qocalacam..
Sonra qalxıb göy üzünə
buludlara qoşulacam,
bu dağların qarı kimi.
Bir gün ağ günə çıxacam,
anamın saçları kimi..
* * *
Qorxunun əcələ faydası yoxdur,
bir gün ruh tərk edir bədəni,
azad olur bir bədənlik əsarətdən.
Ölüm son deyil,başlanğıcdır,
Bir az sevgidən ibarətdir,
Bir az da cəsarətdən.
Gedəndə tək getmirsən,
savabların yoldaşdı,
günahların yoldaşdı.
Bundan sonra bayramlar
il dönümü olacaq.
xeyrlə şər qardaşdı.
Həftələr aya dönür,
aylar gəlib il olur.
İllər də yarpaq kimi
tək-tək təqvimdən düşür.
Öyrəşir…Hamı öyrəşir..
Bir gün ruh tərk edir səni,
qalxır,göylərə üz tutur.
Zamanla yadırğayırlar
səsini də , sözünü də.
Sonra..
Bir gün sənin özünü də
unudur..
Hamı unudur…
Bir gün ruh tərk edir səni,
ruh səni,sən də hər kəsi.
Yaxınlıqdakı məsciddən
eşidilir azan səsi…
* * *
Bilirsən də, uman yerdən küsərlər,
sən gedəli mən də səndən küsmüşəm,
başqa da bir umacağım yerim yox.
Sən də getdin, hamı kimi əzizim…
Sən də getdin,qaldım özüm-özümə,
yıxılanda tutacağım yerim yox.
Sən gedəli veyl-veyl gəzirəm,
tərk etdiyin o küçəni hər gecə.
Darıxıram yavaş-yavaş,
bir az-bir az, əzizim.
Bircə Allah şahidimdir
gəlməyinçün hətta boyun almışam,
ocaqlara nəzir-niyaz, əzizim.
Səndən sonra hər gün bir az ölürəm,
sən gedəli xatirələr hər gün yeyir,
ürəyimi, hislərimi, düşüncəmi, beynimi…
Əşşi, nə isə, mənə fikir vermə sən,
bu gün-sabah payız gedir,qış gəlir.
Qurban sənə,
gəlməsən də qalın geyin əynini…
* * *
Axsayan tərəfim sənsən,
sənə tərəf çox getmirəm.
Gizlətməli nə qalıb ki?
Darıxıram, gizlətmirəm.
Sən məndən nələr apardın?
Öz-özümə bəs etmirəm.
Sözlər dilimin ucunda,
ruh bədəndə girinc qalıb.
Necə bəxti qarayam mən,
necə əlacsız insanam.
Bilirəm ki, dərdlərimi
gizli-gizli çəkir anam.
Anam məndən nigarandı,
mən də səndən nigaranam.
Keçdiyin tin dalanlarda
kim bilir neçə bic qalıb..
Sənsiz qala bilmək üçün
özümə dərman verirəm.
Damarımı doğramışam,
ümidimə qan verirəm.
Biz ayrılsaq ölərəm mən,
yavaş-yavaş can verirəm.
Məndən tamam qopmağına
neçə dənə kərpic qalıb?…
Tural Adışirinin təqdimatında