Ev Bədii İynəboyu böyük dünya – FAİQ

İynəboyu böyük dünya – FAİQ

1911

Son görüşümüzdə onun 28 yaşı vardı. İndi 59 yaşı tamam oldu. Aprelin 25-də isə anım günüydü.

Şeirlərini 17-26 yaşlarında yazıb tamamladı. Sonra yazmadı.
– Niyə yazmırsan?
– Yazmaqdan zəhləm gedir… Mən yazanda elə bil körpəyə acı dərman içirirlər… İçimdə bir şair can verir… Amma yaman yazmaq istəyirəm. Məni rahat buraxmayan misralar gəlir içimə. İçim sözlə doludu. Bir bal yeşiyi kimi içimdə arılar uçur. Bayıra çıxmağa yolları yox…
– Sən böyük şairsən…
– Mən indi şair deyiləm…
Beləcə yazmadı…
Amma özündən əvvəl məni uzaqlaşdırmışdı şeir yazmaqdan.
1982-ci il idi. O zaman 19-20 yaşlarımız vardı. Hər söhbətimizdən sonra bir-birimizdən başqa əhvalda ayrılardıq. Bu gün Vaqif Mustafazadə, sabah Əli Kərim barədə danışardıq. Ertəsi gün söhbətlərimiz şeirləşərdi. Bir-birimizə yeni şeirlərimizi oxuyardıq. Məsələn, Əli Kərimlə bağlı söhbətimizin ertəsi günü o belə bir şeir yazdı:

Əli Kərim,
Çatdımı özünə
ölüm xəbərin?
Çatdısa,
nə yazdın
bir parça ağ kağıza?

O elə yazdı, mənsə belə:

Daş atdım,
Qırçın ləpəli,
Bəyaz həsrətli gölə.
Sən demə, o daş
Gedib-gedib
Yosun altda dincələn,
Dincəldikcə incələn,
əti insan dişinə həsrət
su pərisinə dəyib.
Özü də düz gözünə.
Səni andım Əli Kərim.
Mən ki yarıvəhşi.
yarıçılpaq qədim insan deyildim.

19-20 yaşımız vardı. Onun poeziyadakı meyarlarını bilirdim. Elə buna görə də yanında şeirlərimi oxumağa çəkinirdim.
Yuxarıdakı söhbətə qayıdıram. Yazmadı, yazmadı. Son anda, lap ömrünün sonunda içində uçuşan arıların yolu açıldı. Son şeirlərini ölümündən bir az əvvəl yazdı…

Günlər səhra kimi gəlib keçmədə,
dəvəsiz yolçuyam, xəbərin varmı?
Gümanlar an kimi qərib köçmədə,
ovluyam-ovçuyam, xəbərin varmı?

Bilinmir ömürdür, ya da ki, oyun,
bir kor quyu kimi unudulmada.
Kədəri, sevinci bilinmir bunun,
bilmirəm səsləyim kimi son anda.

Sonra bu:

Kimin yadına düşəcəm
bir isti yay günü,
o ayna sularınmı?
– Üzümü özündə saxlamır.

Kimin yadına düşəcəm
yağışlı bir payız,
o asfalt yollarınmı?
– İzimi özündə saxlamır.

Kimin yadına düşəcəm
bir ağappaq gecə,
o qərib ruhlarınmı?
– Özümü özündə saxlamır.

1994-cü ildə onun barəsində yazdığım kitabın adını “Ölüm süvarisi” qoymuşdum…
Yenə də “Ölüm süvari”si.
Yenə də Faiq İsmayılov.
Dostluğumuzun ilk günündən indiyə qədər adı düşüncələrimdə sevgi və ürək sözləri ilə, çiçək ətri və ölümlə assosiasiya edir… Hər dəfə işıq sönür, şeir başlayır. Çiçəyə dair, ağ yağışlara, ürəyə, sevgiyə və ölümə dair…
Qərib və başdan-başa minor ovqatıyla fərqlənən şeirlərini yazanda 18 yaşı vardı. 26 yaşına qədər yazdı… Və dediyim kimi, sonra daha yazmadı. Susdu. “Sən də sus, pünhan böcək, / mən susantək”.
Onun çiçəkləri Orhan Vəlinin çiçəkləri kimi gurultuyla açılmırdı. Sükutla açılırdı. Amma çiçəklər çoxdan solsa da, bütün duyğularında çiçək ətri vardı…

Azər TURAN
29 aprel 2021

FAİQ

İynəboyu şeirlər

İynə boyu şeirlər yazıram,
misralarım quş balası kimi
yoluq-yoluq.
Misralarım şoranlıq otu kimi
qırıq-qırıq.
Bilmirəm oxuyan tapılacaq,
ya yox.
İynə boyu şeirlər yazıram.
Bəzən duzlusu olur,
bəzən duzsuzu.
Uğurlusu da olur,
uğursuzu da.
Oxusan da sağ ol,
oxumasan da.
1982

***
Günlərin bir günü
xatırlayıb məni,
oxumaq istəsəz
şeirlərimi,
Dişlərinizi dişlərinizə
sıxın oxuyun.
Dişlərimi dişlərimə
Sıxıb yazmışam.
1982.XII

***
Bir mənəm,
bir də ağ divarda
qara kölgəm…
Deyirəm nə yaxşı
tək deyiləm.
1982.VI

Bənövşə

Torpağın altında dözə bilmədin,
Ah çəkdin, ahından torpaq söküldü.
İstəyin, diləyin özgəydi sənin,
baxdın bu dünyaya, belin büküldü.
1982. VII

***
Ey,
çinar yarpaqları,
əvvəl başımın üstündən baxırdınız,
indi ayağımın altından.
Qəm eləməyin,
ömür heykəl deyil ki,
hamı düşür atından.
1982. I

***
Yarpaqsız ağaclar
Tunc heykəllərə bənzəyir…
Tunc heykəllərin qisməti
bir nöqtəymiş.
Bir nöqtədə nə qədər donasan,
qalasan,
bir nöqtəyə nə qədər boylanasan,
baxasan?..
Mənim ağaclara yazığım gəlir.

***
Ölən ağacları
tanımaq üçün
baharı gözləyək.
Dirilər göyərəcək…
Göyərməyənlərin qisməti
baltadır.
Göyərməyənlərin qisməti
daldadır, –
od qoxusu,
ocaq qoxusu…
görəsən, necə olur
ağacların yuxusu?
1982. II

***
Mənə bir xoş söz de,
xoş söz de,
ömrümə illər calansın.
Mənə bir qarğış de,
qarğış de,
gümanım Allaha qalsın…
Arxamca ya daş at,
ya da su!
1982. I

***
Sənə yazdığım məktubları
sənə göndərə bilmədim…
İndi açıb bir-bir özüm
oxuyuram.
Oxuyanda utanmadım, ölmədim,
Vallah arsızam!
1982.I

***
Baxmaq istəyirəm gözlərinə mən,
ancaq baxışların dönüb qaçır hey.
Əllərin üşüyür, gizləmə məndən,
verim ürəyimi əllərinə gey!
1982.I

***
İsti oldu ağladım,
“Tüstü” oldu ağladım.
“Bəsdi” oldu ağladım,
bu ki səbir olmadı.

Bir çiçəyə baxırdım, –
Bir ürəyə baxırdım.
“Öldüm” deyib yıxıldım,
bu ki qəbir olmadı…
1982.XII

***
İnsan özünü bircə dəfə
tapır bu dünyada.
insan özünü iynə kimi
salıb itirə də bilər.
Əgər özünü tapsan,
möhkəm yapış yaxandan.
1983.I

***
Ayağımın altında torpaq,
başımın üstündə bayraq,
bayraqdan yuxarı
ağ-ağ göyərçinlər.
Ağ-ağ göyərçinlərdən
yuxarı günəşdi, –
nurun çilər.
Nə ağrı var, nə acı,
nə sevinc həsrətlisiyəm,
nə də bir tikə
çörək möhtacı!

***
Hələ şirinliyi
pətək balına bənzədirlər,
insan dilinə yox.
Hələ təmizliyi
Dağ çiçəyinə bənzədirlər,
insan gözlərinə yox.
Hələ kövrəkliyi
kəpənək qanadına bənzədirlər,
insan ürəyinə yox…
1982.IX

***
Gözlərimin qabağında
sudan çıxarılmış
balıq kimi
çabalaya-çabalaya
ölür vaxt…
Bu dünyada ən böyük dərd
vaxtın ölməyini görməkdi.
1983.I

***
Tozlu küçələrdə
sürüdüm-sürüdüm,
ayaqqabılarım köhnəldi.

Soyuq gecələrdə
büründüm-büründüm,
paltarlarım köhnəldi.

Söz tapa bilməyəndə
oxudum-oxudum,
şeirlərim köhnəldi.
Təzə nəyim var daha,
qoyum qumara?!
1982.V

***
Alnım gümansızlığa dəyəndə,
arzularım yarpaq kimi tökülür
bir-bir, iki-bir.
Ağacların hardasa ümidi var
baharın gəlməsinə,
yarpaqların yenisinə.
Arzuların təkrarı olmur,
arzuların xəzan gördüsə
getdi fələyin çərxinə.
Yenidən doğulmur,
Yenidən doğulmur.
1982.II

***
Yarpaqların üzündə ölüm
kölgəsi
Azca yel əsdi;
bəsdi!
Budaqdan torpağacan uzanacaq
yarpaqların ömrünə əl yelləməsi.
Yarpaqlara təsəlli
vermək istəyirəm, –
təsəlli vermək
heç nəyimi vermək kimidi.
Neyləyim,
kasıbın olanından!
Çəkib nəfəsini içinə,
borcunu istəyən kimi,
astanada dayanıb xəzan!

***
Külək əsir,
yarpaqsız budaqlar
qəzəbli barmaqlar kimi
hədələyir payızı.
Hardasa cənubda,
köçəri quşların yuxusuna
bit daraşıb.
Dağılır quşların
Soyuqdan yox,
Yalqızlıqdan üşüyən
çör-çöp yuvası.
…Yarpaqsız budaqlar
qəzəbli barmaqlar kimi
hədələyir payızı.
1982.II

Yalqız evin nəğməsi

Ey, qapımı döyən,
Utanma, gəl içəri.
Bayırda soyuqdu,
mən də yalqızam.
İçəridə soba yoxdu,
soba üstə tava yoxdu.
Yalqızların yarasına
dərman yoxdu, dava yoxdu.
Ey, qapımı döyən,
bayırda soyuqdu,
mən də yalqızam.
Ya pişiksən, ya itsən, –
mənim üçün nə fərqi,
kimsənsə kimsəsizsən, –
Utanma, gəl içəri.
Ey, qapımı döyən,
bayırda soyuqdu,
mən də yalqızam.
1982.II

***
Korlar əsasının səsinə,
quşlar baharın nəfəsinə
tapır yolları.
Bir də hər işi
müşkülə düşən talesizlər,
ilıq, doğma
nəvazişdən xəbərsizlər
var bu dünyada.
Yolları insan mərhəmətində
gəzirlər.
Mərhəmət
it qabağına atılan sümük,
dilənçi camına atılan qəpik
deyil…
Korlar əsasının səsinə,
quşlar baharın nəfəsinə
Tapır yolları.
1982.V

***
Vaxtın yarpaq-yarpaq
töküldüyünü
saatlar istəmir
bizə bildirə…
saatlar gündüzlər
səssiz işləyir.
1983.II

***
“Böyük xoşbəxtlikdir,
xoşbəxt olmamaq”.
Kuşner

Xoşbəxtliyi
əlindən salmamaq üçün.
xoşbəxtlər dönürlər qorxağa.
xoşbəxtlik
yaş balıq kimidi, dostum…
heç vaxt tələsmirəm
xoşbəxt olmağa!
1983.II

Tanış nəğmə

Damcı pəncərədə sürüşən kimi,
sürüşür qəlbimdə bir soyuq kədər.
O tanış nəğməni kimdi oxuyan?
deyin oxumasın, mümkünsə əgər.

Ya da susdurmayın, qoyun oxusun.
Onunçün şirindi bəlkə bu nəğmə.
Ürəyim titrəyir… Yoxdu qorxusu,
Yumub gözlərimi dinləyirəm mən.
1983.I

***
Bir bəyaz gecədi.
adamlar çoxdan yatıb.
Mənəm səssiz-səmirsiz
pəncərənin önündə
göz qırpmadan oturan.
Sükut necə gözəldi,
lap həzin nəğmə kimi.
Çiçəklər çoxdan solub,
amma çiçək ətri var
bütün duyğularımda.
1983.XII

Təmizlənmə

Oturmuşam
Ay işığının,
ot ətrinin,
böcək nəğməsinin içində.
Qu tükütək yüngüləm.
Heç bilmirəm.
nə var, nə yox
Ay işığının,
ot ətrinin,
böcək nəğməsinin çölündə.
Mən də belə dəliyəm.
1982.XII

***
Sevgi adamın içində
çiçək kimi açır.
Səssiz-sözsüz
nəğmələr kimi,
kəpənəklər uçur
solumdan, sağımdan.
…Yaşım azdı,
boyum uzun,
xəbərim yoxdu ağlımdan.
Hərə öz ağlına görə
ağlımı ölçür…
Sevgi adamın içində
çiçək kimi açır!
1982.XII

***
Bir ildi
bu şəhərdən
getmişəm.
İndi qərib-qərib
gəzirəm küçələri.
Qapıları döyməyə utanıram,
gözlərimlə döyürəm pəncərələri.
Kimin ürəyində varamsa,
pəncərədən
baxacaq…
1985.II

İstəksiz

Meşədən,
kənddən-kəsəkdən uzaqda,
tənhalıqda bitən
tənha ağac,
gecələr yaman qorxar
qaranlıqdan,
Meymun balaları kimi
kədər sallanar budaqlarından.
Qarıyıb qalmış qız kimi
qısılar öz-özünə
istəyər qaça taleyindən.
Ömründən qorxar amma,
ölümündən qorxar amma,
keçər istəyindən.
…istəkdən keçəndən sonra
yandırılmış
kibrit çöpü kimi
diş qurdalamağa
yarayar ömür!
1982.XI

Vəfalı kədər

Sadiq köpək kimi,
yalmanar sağımda,
solumda,
qovaram-getməz.
Qol qaldırıb oynayaram,
oxuyaram qışqıra-qışqıra,
hirslənərəm üstünə,
getməz, yenə getməz.

Səssiz-səmirsiz
ya məndən irəlidə,
ya arxada,
ya divarlarda
ayaqları ayaqlarıma bağlı
kölgəm kimi
əyilə-əyilə,
uzana-uzana,
gödələ-gödələ
hara getsəm
düşər yanıma.
Qələbəlikdə
anasını itirməkdən qorxan
uşaq kimi
buraxmaz ətəyimi.
Sevdiyim qızdan, –
“tale” dediyim ulduzdan,
sirr verdiyim,
“qardaş” dediyim dostlardan
vəfalı kədər!
1982.XI

Güllüköynək kənd uşağı
Dostum Vüqara

Güllüköynək kənd uşağı,
arzuların göy qurşağı,
yüyürərsən, çatammazsan.

Güllüköynək kənd uşağı,
bitdi nənənin nağılı.
Qoy gözlərin böyüməsin,
nənən, vallah deyinməsin, –
burda keçmir kənd öyüdü,
kənd ağlı.

Güllüköynək kənd uşağı,
gözlərinin qorasını sıxdın bəsdi,
köynəyini çıxart, ağart.
Şalvarının balağını
apar kəsdir,
bir az daralt.

Ürəyin bir çiçək üzü,
ürəyin bir bulaq gözü.
belə olmaz.
Güllüköynək kənd uşağı,
Bir az hiylə
bir az biclik,
bir az kin at,
küdurət qat.
Lazımdırsa, qorxma, qaqaş,
yalan da sat.
Yekələrin qabağında
ala, qıllı itiniztək
bir az yalman.
Amma, qaqaş, qında dayan,
maska geyin,
baban deyən vicdan, qeyrət
burda çətin…
At bir yana.

Güllüköynək kənd uşağı,
göydən enib ayağının altındaca
xalı olar göy qurşağı.
Dünya, qaqaş, gör-götürdü,
Dünya, qaqaş, uşaq kosu,
dünya ötür-ötürdü…

Güllüköynək kənd uşağı,
bacarmırsan, heç bacarma, –
Səndən min yol savadsızı,
bir qanmazı,
bir arsızı,
öndə görsən,
dişlərini heç qıcama.
Güllüköynək kənd uşağı,
köynəyinin güllərinə qurban
olum,
qoru, qardaş, köynəyinin güllərini.
1982.III

Dünyada payızdı

Payıza baxıram pəncərələrdən,
yarpaqlar tökülür, bir-bir,
iki-bir.
Yarpaqlar tökülür,
örtür torpağı,
bir qarış yer hanı
addım atasan?

Payıza baxıram pəncərələrdən,
budaqlar cansızdır,
rəngi qapqara.
Budaqlar səmaya
mıxlanmış kimi,
ağaclar çarmıxa
çəkilmiş kimi.
Mələklər hardadı,
qeybə aparsın.

Payıza baxıram pəncərələrdən,
yarpaqlar hamısı
ürək şəklində.
Saralmış ürəklər,
Solmuş ürəklər
Son dəfə xırıldar
əgər tapdasan.
Alım ayağımı çiyinlərimə!

Nəğmə

Burda yağışlar yağdı,
burda yağışlar ağdı,
burda yağışa düşdüm,
görən yox, bilən yoxdu.
Bir əlcə məktubumu
yara yetirmədilər.

Quş uçdu, qayıtmadı,
daş yatdı, oyatmadım,
yaş döndü mirvariyə,
nə topladım, nə satdım.
Bir əlcə məktubumu
yara yetirmədilər.

Söz dedim gözlərinlə, –
nə bil, nə də əzbərlə.
Bu ay köhnəldi, getdi,
dönər təzə xəbərlə.
Bir əlcə məktubumu
yara yetirmədilər.

Ağ buludlar

Balaca-balaca, ağ-ağ buludlar,
O yelkən buludlar, dalğa buludlar,
O şeir buludlar, nəğmə buludlar
xoşbəxtliyin ayaq izləri kimi
uçurlar başımın üstündən.
Qoşulub buluda sevgili kimi,
çəməndə böcəyin, gülün, çiçəyin,
ağacın, cığırın,
daşın, kəsəyin.
Sevdalı gözəllər, nazlı gözəllər
ədadan kənarda, nazdan kənarda
şəkilə dönürlər bir göz qırpımında.

Durna boyunları qalır uzalı,
Göyərçin əlləri qalır üzündə.

***
Yağma qar!
Məni qarabuğdayı doğub anam,
çətin ağaram.
Tutaq ki, ağartdın saçlarımı,
ağartdın dabanları yeyilmiş
42 ölçülü ayaqqabılarımı.
Tutaq ki, ağartdın geyimimi –
kecimimi.
Ağarda bilməzsən bəxtimi,
özünü yorma qar,
yağma qar!
Çətin ağaram!

***
Gözlərimdə kədər, sifətim gülər,
– Mənim kədərimi bilən-bölən yox.
Lalların dilini anası bilər,
fağır oğlanların dilin bilən yox.

Deyirəm bir şəkil çəkdirəm gərək.
Vallah bu günlüyəm, sabah
bilmirəm,
bu qədər hicrana dözərmi ürək?
Mənim şeirlərim göz yaşlarımdı,
orda könül açan bir şey tapılmaz.

Mart ayı, göy dəniz adaşlarımdı,
həm isti olarıq, həm də ki, soyuq,
fağır oğlanların dilin bilən yox.

Soyuq gecələrin yalqızlığında
ulduzlar üşüyər, ürəyim yanar,
məni kim ağlayar, məni kim anar?
Deyirəm bir şəkil çəkdirəm gərək,
Vallah bu günlüyəm, sabah
bilmirəm,
Bu qədər hicrana dözərmi ürək?

***
Dəniz, görüşünə gəlmişəm sənin,
gəlmişəm göz-gözə dayanaq bir az.
Daş basaq ağzına zalım həsrətin,
Yeknəsəq günləri unudaq bir az.

Yusun dalğaların qırçın düzümlə,
qurtaraq sükutun kar olmağından.
Dəniz, aparıram səni özümlə,
Qorxma küçələrin dar olmağından.

1. Bahar

Bahar gəldi.
Yarpaqladı nar kolları
xırda-xırda.
Sonra uşaqların çəkdiyi
qırmızı ulduzlar kimi,
qırmızı çiçəklər açdı
balaca budaqlarda…
Ax, necə gözəldi dünya,
ax, necə gözəldi həyat!..

2. Yay

Ay işığında
Narın qırmızı çiçəkləri
ulduzlardan gözəldi.
Daha heç nə düşünmürəm,
unutdum payızda oxuduğum
o qəmli nəğmələri.
Sən də sus, pünhan böcək,
mən susantək.
Ax, necə gözəldi dünya,
ax, necə gözəldi həyat!..

3. Payız

Günəş şirədir başdan-ayağa.
arıların qanadı yanmasa,
uçarlar düz günəşə.
Budaqdan asılıb
günəşdən şirə çəkir
mələs, gülöyşə…
İçmişəm günəş şirəsi
və günəş kimiyəm.
Dilimdən düşməyir
sevgi nəğməsi…
Ax, necə gözəldi dünya,
ax, necə gözəldi həyat!..
1983

***
Qaranlıq pəncərəmdə
qara pərdə kimi –
nə mənim o üzdən xəbərim var,
nə o üzün məndən.
Divarlar nənəmin ağ kəfəni kimi, –
bilmirəm çitdəndi, ya bezdən.
Ən yaxın nöqtəyə söykənib
gözlərim dondu.
Bəlkə də ölmüşəm,
bəlkə də sondu?..

***
Ləçəksiz çiçək kimiyəm,
qayıqsız kürək kimiyəm.
Arısız pətək kimiyəm,
Küləklərə ney olmuşam.

Üzümdə şeytan tükü yox,
əynimdə xortdan kürkü yox,
çiynimdə fələk yükü yox,
hər işi giley olmuşam.

Nəğd deyilən yaxın durmur,
təxt deyilən yaxın durmur,
bəxt deyilən yaxın durmur,
bilməm niyə doğulmuşam.

Küləklərə ney olmuşam,
hər işi giley olmuşam
Bilməm niyə doğulmuşam,
bilməm niyə öləmmirəm.

Bizi kim apardı
Azərə məktub

Uca-uca dağ başından,
anan, atan, qardaşından,
qohumundan, tanışından
dostum, səni kim apardı.

Sakit axan çay qırağı,
çayın daşı, çay balığı,
qonşunuzun gülyanağı,
səni saxlaya bilmədi, –
dostum, səni kim apardı?

Aya baxdım, ay çəkmədi,
suya baxdım, su çəkmədi.
Sən gedən yollara baxdım,
yollar yaman çəkdi məni, –
dostum, bizi kim apardı?

***
Aylı bir gecədə oturub yalqız,
Qəmli bir nəğməni söyləyirsənsə,
Deməli, baş qoyub sənin köksünə
Xısınca ağlayıb nə vaxtsa bir qız.