Ev Araşdırma Azərbaycan dilinin inkişafında Məmməd Səid Ordubadinin rolu

Azərbaycan dilinin inkişafında Məmməd Səid Ordubadinin rolu

550

Ruhəngiz Əliyeva Naxçıvan şəhərində anadan olub. Təhsilin bakalavr, magistatura, doktorantura pilələrində təhsil alıb.  2003- cü ildə  “Həsrət çiçəyi”, 2005-ci ildə “Dərsliklərdəki bədii nümunələrdə tərbiyə məsələləri”, 2008 -ci ildə “Tərbiyə ruhun özülüdür”,  2012-ci ildə “Poeziya, səni aparacağam” 2018-ci ildə “Səssizliyin səsi” adlı kitabların müəllifidir. Məqalələri yerli və xarici mətbuatda dərc olunub. 42 elmi, 123 publisistik məqalənin müəllifidir. Türkiyədə, Rusiyada məqalələri çap olunub.

“Qızıl Qələm” və “Dövlətçilik ənənələrinin qorunub saxlanılması və təbliği sahəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rolu” mövzusundakı dövri mətbuatdakı çıxışlarına görə Azərbaycan Kütləvi İnfarmasiyalar Vasitələrinin Həmkarlar İttifaqının “Azərbaycan bayrağı” mükafatına layiq görülüb.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Ailəlidir, üç uşağı var.

 

Azərbaycan maarifçilərinin yaradıcılığında ana dilinin saflığı, bu dilin yad təsirlərdən qorunması, ana dilli məktəblərin yaranması, ana dilinin tədrisi kimi məsələlərin mühüm yer tutması izlənilməkdədir və bu, tamamilə təbii hal idi. Çünki maarifpərvər ziyalılar cəmiyyətin inkişafını zəka kultunun qələbəsində, yəni dünyəvi elmlərin insanlara çatdırılması yolu ilə ictimai-milli təfəkkürün yüksəldilməsində görürdülər. Ömürlərini doğma xalqının maariflənməsi işinə, həmvətənlərin elmsizlikdən, cəhalətdən xilasına həsr edən bu fədakar zəka sahibləri qəti şəkildə bu fikirdə idilər ki, dünyəvi elmlər xalqa doğma ana dilində çatdırılmadan, məhz bu yolla ağlın qələbəsinə nail olmadan cəmiyyəti təhkimçilik buxovlarından, ictimai zülmdən, mənəvi və fiziki köləlikdən, cəhalət zindanından xilas etmək mümkün deyildir.

Əlbəttə, XX əsrin  əvvəllərində ana dilinin saflığı uğrunda mübarizənin önündə mollanəsrəddinçilər getmişlər. Cəlil Məmmədquluzadə və onun mübariz məslək dostları doğma dili yad kəlmələrlə korlayan qələm sahiblərini daim tənqid atəşinə tutmuşlar. Eyni mübarizədə M.S.Ordubadi də yeri gəldikcə öz sözünü demiş, göstərmişdir ki, ana dilini bilməyən ziyalıların xalqına xeyir verməsi inanılası deyil. Maarifpərvər yazıçı ilk əvvəl ictimai diqqəti dövlət tərəfindən açılmış məktəblərdə ana dilinin tədris olunmaması  faktına yönəltmiş, göstərmək istəmişdir ki, yeni nəsil ziyalıların doğma dildə təhsil almamaları prinsipcə ruslaşdırma siyasəti ilə bağlıdır. Bu mənada “Molla Nəsrəddin” jurnalının 27 oktyabr 1906-cı il tarixli sayında çap olunmuş “Millətpərvər intelligent” başlıqlı miniatür felyeton ibrətamiz bir səhnənin canlandırılması ilə maraq doğurur. Felyetonda özünü xalqına bağlı bir ziyalı kimi tanıdan şəxsin ana dilində təhsildən kənarda qalması təsvir olunsa da, yazıçı bu vəziyyətin kütləviləşməsinə qarşı çıxaraq yazır: “Qiraətxanada oturmuşdum, onda gördüm, poçtdan qəzetləri gətirdilər. Hər çinovnik, hər rəiyyət bir ruz qəzeti götürüb oxumağa başladılar. Bizim yanımızda bir abrazovannı müsəlman cavanı ilə bir Tamara adlı məhbus qız oturmuşdu. Haman qeyrətmənd müsəlman cavana dedim: Ağazadə, siz nə üçün qəzet oxumursunuz? Buyurdu, rus qəzetlərindən boş yoxdur. Dedim, eyib deyil, götür “İrşad”, “Vəqt”, “Vətən xadimi” və qeyri… qəzetlərdən oxu! Buyurdu, bu qəzetləri mən çürük qəpiyə almaram. Dedim, nə üçün? Bu sözə güldü və dedi: – Ay Hərdəmxəyal! Sən necə fitbaz adamsan. Bax, əvvəl budur ki, müsəlman qəzeti oxuyan adamı ruslar dost tutmurlar.  İkinci, müsəlman qəzetləri heç bir şey yazmırlar: hey yazırlar, müsəlman belə gəldi, tərəqqi elə getdi. Doğrusu, adamın zəhləsi gedir!..

Mən bir qədər fikir elədim, sonra əyildim cavana tərəf və qulağına dedim: – Mən ölüm, lotuyana de görüm, niyə müsəlman qəzeti oxumursan? Cavan mənə tərəf çönüb qulağıma yavaşcxa pıçıldadı: – Sən öləsən, müsəlmanca savadım yoxdur.” (1, s. 255)

M.S.Ordubadinin “Ana dili” adlı balaca felyetonunda (“Molla Nəsrəddin”, 27 yanvar 1907, № 4) üç surət qələmə alınmıdır. Bunlardan biri universitet təhsilini başa vuraraq vətəninə qayıdan gənc, digəri şəhərin qazisi Axund Molla Səbzəli, üçüncüsü isə Anadır. Axund Molla Səbzəli ilə universitet təhsili alaraq vətəninə dönmüş gəncin görüşü əsl faciədir. Çünki axundun nitqi ərəb və fars sözlərindən ibarət olduğu kimi, gəncin də istifadə etdiyi kəlmələr rus dilinə məxsusdur. Beləliklə, bir xalqın iki övladı qeyri-milli məktəblərdə təhsil aldıqlarından bir-birlərini başa düşməkdə acizdirlər. Daha doğrusu, axundun işlətdiyi cümlə “əhval”, “şərif”, “ənasir”, “lətif”, “əxəvizadə”, “müddət”, “müntəzir”, “vücud”, “zicud”, “müştaq”, “didar”, “məcazi”, “mübarək” sözlərindən düzəlmişdir. Bu sözlərin mənasını başa düşməyən universitet məzunu görüşün sonundan belə bəhs edir: “Mən bir şey başa düşməyib dedim: Da.

Cənab qazi bir qədər baxdı mənim üzümə və genə başladı: Əxəvizadə, təhsili-fünununuzu əncama yetiribsiniz, ya dübarə təkmili-nöqsan üçün darülelmə övdət etməlisiniz?

Mən genə bir şey başa düşməyib dedim ki, cənab axund, yaxşı panimat eləmirəm ki, nə ərz edirsiniz.

Axund soruşdu: necə?

Mən dedim: çto?” (1,  s.355)

Faciənin daha kədərli məqamı ondan ibarətdir ki, bir-birlərini başa düşmədən ayrılmaları nə Axund Molla Səbzəlini, nə də universitet məzununu narahat etmir. Əksinə, onlar özlərinin elmli olduqlarını təsdiqləməkdən ötrü nitqlərinə yenə də alınma sözlər əlavə etməyə hazırdırlar. Bu vəziyyətin qeyri-normallığı təhsil görməyən ananı daha çox düşündürür. Ana narahatdır ki, doğma dil bu qədər unudulmuş, yaddan çıxarılmışdır. Budur, axun ilə rus təhsili almış gənc arasındakı danışığın sonu: “Söhbətimiz elə bu cür qurtardı və axund başmaqlarını geyib çıxıb getdi. Anam girdi içəri və mənə dedi: – Balam, mollaynan nə dil danışırdınız ki, mən heç başa düşmədim?

Dedim: – Ana, mollaynan biz ana dili danışırdıq. Anam başını saldı aşağı və bir qədər fikrə gedib dedi: “Yazıq ana dili”. (1, s. 355 )

M.S.Ordubadi bu fikirdə olmuşdur ki, hər bir xalq öz doğma dilinə sonsuz məhəbbət bəsləməli, bunun üçün yeni nəsillərdə ana dilinə sevgi hissi aşılanmalıdır. Bu ideya ədibin bir çox əsərlərində, o cümlədən “İki çocuğun Avropaya səyahəti” səyahətnamə-povestində aydın şəkildə qələmə alınmışdır. Daha doğrusu, müəllif alman xalqından bəhs edərkən almanların öz doğma dillərinə sonsuz sevgisindən də ayrıca söz açmışdır. Yazıçı öz oxucusuna belə bir ideya təlqin etmişdir ki, insanın ən üstün mənəvi keyfiyyətlərindən biri də doğma dilə bağlılığıdır. Əlbəttə ki, doğma dilə sevgi özgə dillərə nifrət demək deyildir.  Avropanın ən mədəni xalqlarından sayılan  almanlar başqa xalqlara məxsus məşhur əsərləri alman dilinə tərcümə ertməklə  öz dünyabaxışlarını zənginləşdirməkdədirlər. Lakin bu, onların ana dilinə sevgisinə zərrə qədər də təsir göstərmir. Əslində M.S.Ordubadi “İki çocuğun Avropaya səyahəti” əsərində almanların doğma dillərinə məhəbbətini qələmə almaqla öz həmvətənlərinin də eyni hisslərlə yaşamalarını arzulamışdır: “Yevropalıların, xüsusən almanların böyük bir diqqətini mövcib olacaq yerləri, məşğul olacaq mövqeləri varsa, o da mehmanxanalardır. Almanların milli qeyrət tərəfdarı və vətəndust  (vətənpərvər) olmaları buradan qiyas edilsin ki, almanların öz lisanlarından başqa sair dil ilə danışmağa əsla rəğbətləri yoxdur…

“Berlin cəmiyyəti” ayrı bir heyət milli dillərinin ədəbi tərəqqisinə (inkişafına) xidmət üçün mühüm bir vəzifə ilə müvəzzər olurlar.” (2, s. 280-288)

M.S.Ordubadinin fikrincə, Avropa xalqları həm də ona görə hörmətə layiqdirlər ki, doğma ana dillərinə hədsiz sevgi bəsləməkdədirlər. Yazıçı  “İki çocuğun Avropaya səyahəti” əsərində fransızların öz ana dillərinə xüsusi həssaslıqla yanaşmalarını ehtiramla qələmə almışdır. Bu səyahətnamə-povest ilə müəllif sanki üzünü ana dilinə biganə münasibət bəsləyən həmvətənlərinə tutmuş, onları fransızlardan ibrət almağa səsləmişdir: “Müxtəsər, söylənməlidir ki, bugünkü gündə bir dil, bir kitab yoxdur ki, Parijdə uşaqlara təlim və tədris edilməsin. Beş qitənin şəhərləri deyil, 6-7 evli kəndində də bir nafe (lazımlı) kitab yazılmışdırsa da, fransızlar onu əldə etməkdə, tərcümə edib övladlarına verməkdədirlər…

Fransa camaatı dillərinə elə asanlıq vermişlər ki, hər yerə gedilsə orada firəng dili söyləməkdə bir çox adamlar görmək olar.” (2, s. 297-299)

“Molla Nəsrəddin” jurnalının 27 oktyabr 1908-ci il tarixli 43-cü sayında getmiş “Çox lazımdır” felyetonunda müəllifi düşündürən əsas məsələ bir çox mətbuat orqanlarında mövhumat və cəhalətin daha da güclənməsinə xidmət edən yazıların geniş yer tutmasıdır. Digər tərəfdən, M.S.Ordubadi din nümayəndələrinin öz məqalələrini ərəb dilində yazmalarına da etirazını bildirmişdir. Əslində XX əsrin əvvəllərində bəzi qələm sahibləri guya müsəlmanların birliyinə çalışır, bu səbəbdən din qardaşlarının məhz ərəb dili vasitəsilə birləşəcəkləri arzusu ilə yaşayırdılar. Beləliklə, “Çox lazımdır” felyetonu həm mövhumat və xurafat yayanlara, həm də ana dilini ərəb-fars sözləri ilə korlayanlara qarşı mübarizə aparan yazıçının növbəti etirazlarından biri olaraq qələmə alınmışdır. M.S.Ordubadi Rusiyada yaşayan və ruslaşdırma siyasəti nəticəsində bir-birlərini anlamayan türk-müsəlmanların ərəb dili ətrafında birləşəcəkləri ideyası ilə özlərini və xalqı aldadanları beləcə gülüş hədəfinə çevirmişdir: “Mən hələlik bu qisim qələm sahiblərimizə və xüsusən Hafiz Məhəmmədəmin Şeyxzadə cənablarına belə məsləhət görürəm ki, məsciddə söylədikləri moizəni əgər çap etdirmək istəsələr, genə çarəsizlikdən haman “Məlumat” məcmuəsinə göndərsinlər və heç kəs ehtiyat eləməsin ki, bəlkə Rusiya tatarları bizim dilimizi yaxşı başa düşmədilər. Çünki Şeyxzadə cənablarının və bütün Qafqaz yazıçılarımızın yazdıqları ərəb dilindədir və məlumdur ki, yer üzündə olan cəmi müsəlmanlar ərəb dilinə aşnadırlar.

Doğrudan, məhz indi mən duyuram ki, bunlar niyə ərəbcə yazırlar. Ondan ötrü yazırlar ki, üç yüz milyon müsəlmanın hamısı oxusun və burada ittihadi-müslimin mülahizəsi də var, yəni “dil birliyi”. Doğrudan, nə “zalım”dırlar. Mən heç bunu bilmirdim.

Hələ mətləbdən uzaq düşmüyək.

Bəli, elə sözüm buru ki, ərz elədim.” (3, s. 344)

M.S.Ordubadi ana dilinin korlnmasına təsir göstərən amillər haqqında da düşünmüş, bu qərara gəlmişdir ki, müstəmləkəçilik şəraitində azərbaycanlılar çorək pulu qazanmaq məqsədilə Rusiya  şəhərlərinə üz tutur, orada məskunlaşırlar ki, bu da ruslaşdırma siyasətinin daha asanlıqla həyata keçirilməsini şərtləndirir. Düşdükləri yeni mühitdə azərbaycanlılar məcburən hətta məişət dilində rus dilinə məxsus sözlərdən artıqlaması ilə istifadə edir, adlarının, övladlarının ruslaşdırılmasına bilərəkdən və könüllükük əsasında göz yumurlar. Görkəmli maarifpərvər “Var” rədifli felyetonunda məhz Rusiya şəhərlərində yaşayaraq azərbaycançılığı unudan, doğma dil haqqında fikirləşməyən azərbaycanlıların tipik surətini yaratmışdır. “Babayi-Əmir” jurnalının 3 iyun 1915-ci il tarixli 7-ci sayında çap olunmuş felyetonda azərbaycançılıqdan uzaqlaşmış vətən övladının həyat fəlsəfəsi belə qələmə alınmışdır:

Pul yoxsa  nə qəm, işvəli Polyalarımız var,

Seyrət yox isə, seyri-tamaşalarımız var…

Adı Maşadi, məzhəbi islam, özü şiə,

Evladı Simon, övrəti-Lizalarımız var.

Bəh-bəh, nə gözəl din, nə gözəl məzhəbi-ayin,

Hər qövmlə layiqcə müdaralarımız var

Bir yanda ikon taxçada, bir səmtdə təsbeh,

Bir evdə ikiyanlı müsəllalarımız var. ( 4, s. 234)

M.S.Ordubadi bir qayda olaraq əsərlərində xalqın taleyüklü problemlərindən söz açmış və bu səbəbdən onun əsərləri çap olunduğu andan ədəbi ictimaiyyətin diqqətini səfərbər etmişdir. Yazıçının belə əsərlərindən biri də “Dil birliyi” adlı felyetondur. Bu felyetonun ədəbi gəncliyə təsirini Cəfər Cabbarlı xüsusi səmimiyyətlə vurğulamışdır. Daha doğrusu, M.S.Ordubadinin  “C.Cabbarlı” məqaləsindən oxuyuruq: “Mən 1914-cü ildən başlayaraq 18-ci ilə qədər Saritsın şəhərində sürgündə yaşadığım zaman rəssam Əzimzadənin yazdığı dostanə bir məktubun vasitəsi ilə gənc Cəfər ilə tanış oldum. O Əzimzadənin məktubunun haşiyəsində yazırdı: “Möhtərəm Səid! Bu gün “Tuti” məcmuəsi idarəsinə getmişdim. Orada möhtərəm rəssamımız Əzimzadəni gördüm. O sənə məktub yazırdı. Mən də haşiyəsində bir neçə cümlə yazmağa cəsarət elədim. Mən məcmuədə yazdığınız felyetonları sevə-sevə oxuyuram. Xüsusən öz xalqına yuxarıdan baxan ziyalıların üstünə gülərək yazdığınınz:

“Əlminnətülillah, bizim oğlan radikaldır,

Başdan aşağı fikridir, hər yan idealdır”, –

mətləli felyetonunuz çox xoşuma gəldi.  Sizin “”Əndəlisin son gnləri” sərlövhəli teatr əsərinizi oxuduğum zaman ağlamışdım, çünki mən özüm də bu temalar ilə maraqlanıram.” (5, s. 291-292)

“Dil birliyi” felyetonu ciddi bir səbəb əsasında qələmə alınmışdır. Məsələ ondadır ki, XX əsrin əvvəllərində Rusiyada yaşayan türk-müsəlman xalqlarının ziyalıları bu xalqlar üçün ortaq ədəbi dilin yaradılması məqsədilə səylər göstərmişlər. Ortaq ədəbi dil məsələsində ziyalılar arasında kəskin fikir ayrılıqları olmuş, bu yeni yaradılacaq ədəbi dildə türk xalqlarından hansına məxsus dilin ağırlıq təşkil etməsi dəqiqləşdirilərkən söz sahibləri əsasən subyektiv mövqe nümayiş etdirmişlər. Müzakirələr zamanı xalqdan uzaq düşmüş bəzi oxumuşlar doğma Azərbaycan dilini bəyənmədən üstünlüyün digər dillərdə olduğunu bildirmiş, bir daha doğma dildən, eləcə də xalq ruhundan uzaq düşdüklərini təsdiqləmişlər. Bu təfəkkürün daşıyıcıları radikallar kimi tanınmışlar. “Azərbaycan dilinin izahlı lüğəti”ndə şəxsin müəyyən partiyada təmsil olunmasını bildirən  “radikal” sözünün mənasına belə aydınlıq gətirilmişdir: “Radikal2 (lat. radicalis). 1. Radikallar partiyasının (sol burjua siyasi partiyalardan biri) üzvü, yaxud onun tərəfdarı olan şəxs (bu partiyanın proqramında burjua dövləti çərçivəsində və onun mənafeyinə uyğun olaraq demokratik islahatlar irəli sürülür).

  1. İfrat siyasi görüşlər, qəti hərəkət və tədbirlər tərəfdarı.” (6, s. 525)

Azərbaycan radikallarının ən böyük nöqsanı dil probleminə münasibətlərində olmuş, bu isə qabaqcıl dünyagörüşlü ziyalıların haqlı tənqidi ilə nəticələnmişdir. M.S.Ordubadi də “Dil birliyi” felyetonunda doğma dili aşağılayan, ana dilində danışmağı özlərinə ar bilən, digər dillərlə müqayisədə Azərbaycan dilinin kobud olmasını bildirən, bu dilin elmi və ədəbi əsərlər üçün yaramadığı fikrinə tərəfdar çıxanların gülünc surətini yaratmışdır:

Nöqsanını hazırkı dilin qandı cəmaət,

Dərk etdilə, yox türk lisanında fəsahət,

Arif də bilir, yoxdu bizim dildə ləyaqət,

Dama harada olsa, dil ol səmtə miyaldır,

Əlminnətülillah, bizim oğlan radikaldır.

 

Ən doğrusu, birövnəqi-mənadı bizim dil,

Yox zərrə əhəmiyyəti, rüsvadı bizim dil,

Qanmaz onu kimsə, müəmmadı bizim dil,

Millətdə lisan məsələsi boşca xəyaldır,

Əlminnətülillah, bizim oğlan radikaldır. ( 7, s. 245)

Bütün varlığı ilə maarifçilik hərəkatına bağlı olan M.S.Ordubadi inqilabdan sonra da dil probleminin həllini vacib saymış, “Dil bəlası” məqaləsi ilə Azərbaycan dilinə dair o zaman mətbuatda, eləcə də türkoloji qurultayda aparılan müzakirələrə münasibətini bildirmişdir. Düşünürük ki,  “Dil bəlası” məqaləsi  müəyyən mənada həm də “Molla Nəsrəddin” jurnalını  qorumaq məqsədilə yazılmışdır. Qulam Məmmədlinin “Molla Nəsrəddin” salnaməsindən oxuyuruq: “5 mart (1926-cı il – R.Ə.). “Yeni yol” qəzeti türkoloji qurultayının axşam iclasında çıxış edən H.Terequlovun çıxışından misal gətirib yazır: “…Bakıda çıxan “Kommunist” qəzeti ilə “Molla Nəsrəddin” jurnalını alın. Bunlar xalq ziyalılarına eyni dərəcədə anlaşılmır. Azərbaycan işçi-kəndli kütləsinə “Molla Nəsrəddin” “Kommunist”dən daha yaxşı anlaşılır.” (8, s. 437)

Bolşevizmin iç üzünə daha yaxından bələd olan M.S.Ordubadi “Molla Nəsrəddin”lə “Kommunist”in müqayisəsində üstünlüyün birinciyə verilməsinin nə kimi fəsadlarla nəticələnəcəyini də bilməmiş deyildi. Bu cəhəti nəzərə alan yazıçı “Dil bəlası” məqaləsini çap etdirməklə, demək olar ki, qarşıdurmanı bir qədər səngitmək istəmişdir. Bununla belə, kommunistçilər “Molla Nəsrəddin”i məhv etmək istiqamətində artıq sistemli işə balamışlar. Məsələn, təxminən bir il sonra Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi üzvlüyünə namizəd seçilən Mirzə Cəlilin adı və soyadı “Kommunist” qəzetinin 27 mart 1927-ci il tarixli sayında “Cəlil Məmmədzadə” kimi yazılmışdır.  Yaxud eyni mətbuat orqanının 23 noyabr 1927-ci il tarixli sayında Məmməd Zəki adlı müəllif “Ədəbiyyat dərsləri” məqaləsində “Quzu” hekayəsinin dil baxımından bərbad şəkildə qələmə alındığını  göstərmişdir  və s.

“Yeni yol” qəzetinin 11 mart 1926-cı il tarixli 60-cı sayında dərc olunmuş “Dil bəlası” məqaləsi prinsipcə tənqiddən ibarətdir. Məqalənin əvvəlində göstərilir ki, müəllif Azərbaycan dilinin inkişafı ilə bağlı ölkədə bir o qədər də irəliləyişlərin olmamasından narahatdır. Beləliklə, yazıçı bu sahədəki müvəffəqiyyətsizliklərin səbəbini axtarır, Azərbaycanda dil məsələlərini nizama salacaq təşkilatın yoxluğunu qeyd edərək yazır: “Mətbuat və yazılarımızda mövcud olan bəla yeni deyildir. Bu kimi bir çətinlik çoxdan bəri hiss edilsə də, onun rəf olunması üçün qəti qədəm atılmamışdır. Bu qədəm beş ildən bəri Azərbaycanda atılmış, dilimizdəki çətinlikləri ləğv etmək işlərinə başlanılmış isə də bu yolda qazanılan müvəffəqiyyət başqa cəbhələrdəki müvəffəqiyyətlərə nisbətən o qədər də gözə çarpacaq deyildir. Bu müvəffəqiyyətsizliyin başlıca səbəbi dil məsələlərindəki işlərin təşkilatsızlığıdır.” (5, s. 334)

Doğrudur, məqalədə müəllif vurğulayır ki, Azərbaycanda dilin saflığı uğrunda mübarizə əsasən mətbuat vasitəsilə aparılmışdır. Lakin M.S.Ordubadinin fikrincə, bu sahədə mətbuatın istinad edəcəyi vahid prinsiplər olmadığı üçün bütün məsuliyyəti qəzetlərin üstünə atmaq doğru deyil. Yazıçı qəti şəkildə bildirir ki, dil məsələləri ilə məşğul olacaq elmi təşkilat yaradılmalı, həmin təşkilatın çıxardığı qərarlara hər bir mətbu orqan, eləcə də hər bir qələm sahibi əməl etməlidir.

Maraqlıdır ki, M.S.Ordubadi dil məsələsində, bəlkə də, mətbu orqanları  məsuliyyətdən uzaqlaşdırmaq üçün cəmiyyətdə cavadsızlığın aradan qaldırılması problemini, yəni savadlı oxucu problemini də gündəmə gətirmişdir. Bu fikrin təsdiqi üçün  “Dil bəlası” məqaləsindən aşağıdakı cümlələrə diqqət yetirmək kifayətdir: “Hazırda hər kəs qəzetənin dilinin çətinliyindənn şikayət edir. Burası doğrudur. Qəzetələrin dilində çətinlik yox deyildir. Lakin bir dəfə orasını düşünməlidir ki, bu çətinliyin ikinci tərəfi də vardır. O da qəzetə oxucularından bir çoxunun savadsızlığıdır.

Bizcə, bu son ağırlığı, bu son qüsuru da qəzetə və mətbuatın üzərinə qoymaq doğru deyildir. Zira bizim asanlıq vücuda gətirmək təşəbbüsümüz mütəqabil bir surətdə irəliləməlidir. Nə qədər qəzetlərin dili yüngülləşdirilir, bir  o qədər də qəzetə oxucularının savadlanması işləri irəli aparılmalıdır. Əksinə olaraq, qəzetəni xalq danışan dildən də xaricə çıxarmaq, onun tərbiyəverici xasiyyətini itirmək deməkdir. Bununla bərabər, qəzetə idarələri dili yüngülləşdirmək işlərindən boyun qaçırmırlar.” (5, s. 334)

“Dil bəlası” məqaləsi deməyə əsas verir ki, artıq 1926-cı ildə M.S.Ordubadinin dillə bağlı konkret konsepsiyası olmuşdur. Bütün ömrü boyu ana dilinin saflığı haqqında düşünən yazıçı artıq müasir dövrdə orijinal əsər yazanların azaldığını, daha çox tərcümə yaradıcılığına üstünlük verildiyini də xatırlatmış, təklif etmişdir ki, mətbuatda dil xətalarını aradan qaldırmaqdan ötrü lüğətlər hazırlanmalı, dil daşıyıcıları vahid qaydalara əməl etməlidirlər. Bu məqamda yazıçı hazırda qələm sahiblərinin faydalandığı Şəmsəddin Sami lüğətinin qüsurlarından da söz açmış, bu lüğətdən istifadə etməklə Azərbaycan ədəbi dilinə gətiriləcək nöqsanların nəzər nöqtəsinə çəkilməsini də gərəkli saymışdır: “Qəzetə işçiləri, kitab mütərcimləri hər bir kəlmənin mənasını tapmaq üçün bir qamusa möhtacdır. Əcaba, dil çətinliyi üzərində qəzetə və mətbuatdan şikayətdə bulunanlar yeni düzəlmiş bir qamusun yerini göstərə bilərlərmi? Şübhəsiz, bunu göstərən olmaz. Zira onu indiyə qədər düzəldən olmamışdır.

Buna görə də qəzetə işçiləri Şəmsəddin Sami bəyin qamusuna müraciət etməli olurlar. İş belə olduqda Şəmsəddin Sami qamusunun düzəldiyi mühiti və onun dilinin vəziyyətini nəzərə almalıdır. O kimi qamuslar bizim içərisində boğulduğumuz İstambul türküsü, İstambul ədəbi şivəsi həyatına uyğun bir surətdə yazılmışdır.

Qəzetə işçilərimiz bir istilahı türkcəyə çevirmək üçün əvvəlcə Şəmsəddin Sami bəyə müraciət edir, sonra Şəmsəddin Sami bəydən aldığı istilaha dəxi xalqımızın anlayacağı qaydada bir qarşılıq tapmaq istər. Bu hal bizdə daha da bir dil və istilah qarşılığı yaratmaqdadır.”  (5, s. 335)

Ümumiyyətlə, dil məsələsi M.S.Ordubadini daim məşğul etmişdir. Məsələ ondadır ki, XX əsrin əvvəllərinə qədər azərbaycançı ziyalılar əsasən ana dilimizin gərəksiz fars-ərəb sözlərindən təmizlənməsi uğrunda mübarizə aparırdılarsa, yeni yüzildə vəziyyət bir qədər də mürəkkəbləşmişdi. Daha doğrusu, indi qə oxumuşlar öz nitqlərində rus dilinə məxsus sözləri işlətməklə öyünürdülər. Hər iki halda zərər çəkən Azərbaycan xalqı və dili idi. O da var ki, XX əsrin 30-40-cı illərində artıq elmi, yaxud bədii-publisistik əsərlərimizdə rus dilindən alınma sözlərin işlədilməsinə qarşı çıxmaq da bolşevik təqibləri ilə nəticələnə bilərdi. Qüdrətli yazıçı ana dilinin saflığı uğrunda mübarizəsinin bir qədər başqa istiqamətdə aparmış, bəlkə də, diqqətdən yayınmaq üçün irihəcmli əsərləri daxilində yeri gəldikcə ana dili məsələlərindən söz açmış, bu yolla da müasiri olduğu şair və yazışıları doğma dilə həssaslıqla yanaşmağa səsləmişdir. Budur, yazıçı “Qılınc və qələm” əsərində  Əbül-Ülanın və Nizaminin dili ilə deyir: “Hər bir xalqın ruhunun ifadəini ancaq onun öz dilində vermək olar. Ata və babalarımız: “Şairlər öz xalqının dilidir” sözlərini əbəs yerə deməmişlər. Xalqın içərisindən doğulan şairin hər bir şeiri öz xalqının iradəsini ifadə etməlidir. Şairin şeiri işərisində yaşadığı xalqın simasını göstərən bir güzgü olmalıdır.

…Şair həm şairdir, həm də öz xalqı danışan dilin müdafiəçisidir, dilin varlığını qoruyan əsgərdir.” (6, s. 29)

M.S.Ordubadi qəti şəkildə bu fikirdə olmuşdur ki, ana dilinin saflığı uğrunda mübarizədə bütün qələm sahibləri eyni mövqedə dayanmalı, hər bir şair-yazıçı doğma dilin saflaşdırılması işinə öz töhfəsini verməlidir. Yazıçının qənaətincə, dil daima inkişafda olmalı, lakin bu inkişaf doğma dilə bütün varlığı ilə bağlı görkəmli şəxsiyyətlərin əsərləri vasitəsilə gerçəkləşdirilməlidir. M.S.Ordubadi dövrün yazıçılarından sadəcə yaradıcılıq proseslərinin qanunauyğunluqlarına deyil, həm də dilin inkişaf qanunauyğunluqlarında vaqif olmağı tələb etmişdir. Beləliklə, “Şeirimiz haqqında bir neçə söz” məqaləsində (“Ədəbiyyat qəzeti”, 23 fevral və 9 mart 1946-cı il) yazıçı Azərbaycan şairlərini əsərlərində özünü göstərən dil hərcmərcliyinə, əsər müəlliflərinin ədəbi dil normaları ilə hesablaşmamalarına qarşı çıxmış, göstərmişdir ki, hər bir yeni nəsil yazarın ümdə vəzifələrindən biri də doğma dilin inkişafı naminə çalışmasıdır: “Sənətkarlarımız ədib və şairlərimiz bilməlidir ki, hər bir dilə, öz tarixinin hansı dövründə olursa-olsun, “ikmalə varmışdır” demək olmaz. Dil ümumi qayda üzrə həmən dili danışan xalqın inkişafı ilə bərabər inkişaf edir. Həyatımızda hakim olan inkişaf və tərəqqi qanunları dilimizin çərçivə arasına alınmasına zidd olduğu üçün dil get-gedə zənginləşməli və bədiiləşməlidir. Təəssüf olsun ki, şairlərimiz həyatımızın başqa sahələrində mövcud olan tərəqqi və inkişafın əleyhinə olaraq şeir dilimizə nəzəri cəlb edə biləcək yeni zənginliklər gətirmək işində az işləyirlər.” (5, s. 346)

M.S.Ordubadi dil məsələsinə tamamilə kompleks yanaşmış, bu nəticəyə gəlmişdir ki, dil probleminin həllində xalq, ziyalı və dövlət eyni səviyyədə həmrəy və maraqlı olmalıdır. Əlbəttə, bu gün çox sevindirici haldır ki, M.S.Ordubadinin Azərbaycan dili haqqındakı arzuları bu gün Azərbaycan Respublikasında tamamilə həyata keçirilmişdir.

 

Ədəbiyyat siyahısı

 

  1. Molla Nəsrəddin 12 cilddə. I cild Bakı : Elm.1988
  2. Ordubadi M.S. Həyatım və mühitim: Naxçıvan: “Əcəmi” NPB 2012
  3. Molla Nəsrəddin 10 cilddə. II cild Bakı. Azərnəşr. 2002
  4. Mir Cəlal. Azərbaycanda ədəbi məktəblər. Bakı: Ziya Nurlan, 2004
  5. Ordubadi M.S. Əsərləri 8 cilddə VII cild. Bakı Azərnəşr. 1967
  6. Azərbaycan dilinin izahlı lügəti 4 cilddə. IV cild Bakı: Elm, 1987
  7. Mollanəsrədinçi şairlər. Bakı: Yazıçı 1986
  8. Məmmədli Q. İmzalar.Bakı: Azərnəşr 1977