Ev Bədii Bol edin sevgini, xeyirxahlığı – Kalmıkiya Xalq şairindən şeirlər

Bol edin sevgini, xeyirxahlığı – Kalmıkiya Xalq şairindən şeirlər

162

Şair-tərcüməçi Eldışev Erdni Antonoviç – 1959-cu il noyabrın 28-də Kalmıkiyanın Yaşkul rayonunun Yaşkul kədində anadan olub. Kalmıkiya Yazıçılar İttifaqının sədri, Kalmıkiya Respublikasının Xalq Şairi, Kalmıkiya Respublikasının Əməkdar Mədəniyyət işçisidir. Kalmıkiya Respublikasının bir çox nüfuzlu mükafatlarının laueratıdır (Erdni Delikov adına mükafat, “Ulun Zala” Milli mükafatı, Nomto Oçirov mükafatı). Rusiya Yazıçılar İttifaqının, Rusiya Jurnalistlər İttifaqının, Beynəlxalq Yazıçılar Birliyinin və Qafqaz Yazıçılar Klubunun üzvüdür. Ali təhsillidir. Rusiya, Buryatiya, Monqolustan və Qafqaz xalqlarının şairlərinin şeirlərini doğma kalmık dilinə tərcümə edib.

Dilimizvarlığımız.az şair Nurafiz Hüseynovun çevirməsində Kalmıkiya Xalq şairi Erdni Eldışevin şeirlərini təqdim edir:

Kalmıkiya

Yolun tikanlıdır, Kalmık diyarı!..
Artır saçlarında ağ tüklər dən-dən…
Oxşayıb sən qədim təsbeh-günləri,
Duayla getməyə cəhd eləyirsən.

Səthini qarsalar isti küləklər,
Dönər üz qırışın fikirdən dağa.
Baxışın qaralar, yaddaşın qoymaz
İz salan oğullar unudulmağa.

Ot üstə səpilər qum yığnaqları,
Ətini qoparar çəyirtkələr də…
Qoca yalquzağın tutular səsi,
Çölün genişliyi oxumaz bir də.

Bu nəhs, bu amansız tale gecəyə
Qovub tələsdirir Anarzalını*.
Dırnağı altınd qum da vəfasız,
Köpük lopasının istidir qanı…

Kalmık diyarımı, çətin olan an
Mavi Göy, sən saxla, qoru sonacan!

Ana dili

Doğma dil, nəğməsən – möcüzə dolu,
Canlı su sayağı sən o quyudan
Budda tarixini, həm hikmətini,
Pay kimi alırsan hər zaman, hər an!

Doğma dil – elə bil, köbək bağısan,
Daim doğma yurdla oldun bir yerdə.
Kalmık taleyinə bağlanıb qalan,
Əbədi qalayıq xeyirdə-şərdə.

Doğma dil, neynəyək? İndi cavanlar
Səni yad dillərə eləyir yamaq.
Sadə həqiqəti necə anladım:
Xalqı yaşatmaqdır səni qorumaq!

Doğma dil, rəhm elə, qoyma yanmağa
Küfr atəşində gənc nəslimizi.
Günəşli Bumbanın* yolunda kömək
Ol, tapım otluqda yox olan izi!

*Bumba (kalm.) – “Canqar” dastanının vaqe olduğu günəşli ölkə

Yovşan

Bütün yer üzünün ot-əncərindən
Acı çöl yovşanı xoşdur daha çox.
Mən nəfəs aldıqca ruhum canlanır,
Ondan daha gözəl, doğma qoxu yox.

Özünə çəkibdir çölün şirəsin,
Çölün havasıyla dəm verir dada.
Sevirəm yovşanı, ətri bir ümman,
Heç nəylə ölçülməz dadı dünyada.

Sevirəm yovşanı, ətri yaz dadır,
Uzaqdan xışıltı eşidirəm mən.
Çölün ürəyinə yovşan doğmadır,
Bütün yerin-göyün ot-əncərindən.

Namaz saatında..

Könül namazında, nur məqamında
Bərəkət diləyin, dualar seçin.
Bol edin sevgini, xeyirxahlığı,
Xoşbəxtlik diləyin doğmalar üçün.

Dualar oxuyun ölənlər üçün,
Bir də yaddaşlarda yaşayanlara, –
Gözündə siması canlanan zaman
Səssizcə duaya verməyin ara.

Diz çöküb önündə Ağ Ağsaqqalın,
Xeyir-duanızı diləyin ondan.
Qorxmayın tərifli sözlər deməkdən,
Könüldən edilən dua anında.

***
Şaxta, küləyi qınayıb,
Havaya lənət oxudum.
Sənlə gələcək görüşə
Çöldə xəyallar toxudum.

Cavan ağactək yellənib,
Keçdim tufandan, zülmətdən…
Ay süzülən gecələrdə
Heç cür yata bilmədim mən.

Görüş üçün dua edib,
Vüsal gününü saymışam…
Amma məni gəlib çöldə
Tapdı yenə tənha axşam.

Qar tufanı əzab verdi,
Boğdu dözülməz hərarət.
Yağışdan sızladı üzüm…
Eşidildi səsim fəqət, –

Oy, möcüzə! – gəlib çıxdın,
Gəl, ruhumu isit, görək…
Hər şey dəyişdi, durmuşam
Çöldə doğma evdəkitək.

Qoy şər çovğun fəryad etsin,
Qoy günəş lap od ələsin, –
Tufandan, bəladan məni
Sədaqətin hifz eləsin.

Getdi..

Heç nəyə marağı yoxdu,
Qaldırmadı heç gözünü,
Ayrılmağa tələsirdi,
Zorla eşitdi sözümü.

Getdi… O, tələsik getdi,
Və yenə də mən qaldım tək.
Amma, bəlkə bunlar da heç
Məhəbbət deyilmiş demək.

Bu an tale əl uzadar,
Günahlardan saxlar Qədər.
Düşünmədən ikisini
Ehmallıca ayıraraq,
Sevdiklərinə hifz edər?

Bax, yenə də yalqız qaldım,
Tale verən payım busa, –
Bəxş etdiyi sevgi idi,
İndi getdi… Hüzursuzam…

Təsəvvürüm od içində,
Çaşqınlıqla etdim təqib:
Yeni bədxah qələbəni
Qeyd eləyir yoxsa rəqib?.

Toy mahnısı

Bu kəndi başına alıb toy səsi,
Uzaqdan musiqi hay-haray salır…
Sevinc cingildəyir quştək havada,
Sevən könülləri xoşbəxtlik sarır.

Gəlin dədə-baba adətləriylə
Doğma çöllərinin adına xətir,
Qızıl şəfəqində sübh günəşinin,
Ata-anasına dualar edir.

Qürurla oturan ahıl xanımlar,
Gözümüz önündə cavanlaşırlar.
“Yolyarlar”* deyirlər uzun-uzadı,
Çölün adətinə xas danışırlar.

Bayram geyimində qonaqlar gəlir,
Ən gözəl bəzənən bəylə gəlindir.
Onların eşqiylə isinir hamı,
Onların şəninə badələr dinir.

Qonaqlar əylənir, rəqs eləyirlər,
Kalmık dombrası toyun hakimi…
Toy səsi altında şadlanır hamı,
Uzanır mərasim səhərə kimi.

Sağ çiyni üstünə atıb paltarı,
Adətdir, elçiyə bəxşiş vermək də…
Ən qoca, hörmətli elçi qalxaraq,
Çeşmətək süzülür nitqi ürəkdən.

Çölün nəğməsitək süzülüb gedir…
-Qoy sevgi sizlərdən olmasın kənar.
İlahi xoşbəxtlik indiki kimi
Sizinlə yol varsın, qoşa cavanlar…

*Yolyar – xoş arzular diləmək (Bu günədək gəlib çatan qədim folklor janrı)