Ev Bədii Ömrü şam müəllimlər

Ömrü şam müəllimlər

607

İlahə Ümidli

Zaman keçir… insanlar dəyişir, həyat dəyişir, hətta təbrik edəcəyimiz ünvanların insanları da dəyişir.
Gün oldu mən öz müəllimlərimi təbrik etdim, gün oldu tələblərim məni təbrik etdi, indi gün o gündür ki, övladlarımın müəllimlərini təbrik edirəm. O müəllimləri ki, onların hər birini öz müəllimlərimdən daha çox sevirəm, çünki onlar gözlərimin nuru Altunay və Tuqayımın müəllimləridir.  Uşaq baxçaları ilə bağlı cəmiyyətimizdə birmənalı fikir yoxdur, bu hər kəsə aydındır, xüsusilə dövlət baxçaları haqqında eşitdiyimiz və gördüyümüz neqativ fikirlər hər bir valideyinin ürəyində sıxıntı yaradır. Bu gün yazmaq istədiyim bu yazı nə özəl baxçaları aşağılamaq, nə də hər hansı dövlət baxçasına reklam deyil. Bu, sadəcə bir ananın minnətdarlıq və könül rahatlığının ifadəsidir. Özəl baxçalar daha yaxşı olur, yoxsa dövlət?! Çətin sualdır elə?! Vicdanın özəli dövləti olmur axı. Hələ söhbət azyaşlılardan gedirsə yəqin mənimlə razılaşarsınız ki, bu məqamda vicdan və mərhəmət insanlarda daha pik həddə çatır. Müəllimlərin “ayaqaltı” edildiyi bu dönəmlərdə istədim hər zamankı kimi insanların qulaqlarına yaxşılıqları eşitdirim, gözlərinə yaxşıları gördürüm.  Bu gün Sizlərə əkizlərimin baxça müəllimlərindən danışmaq istəyirəm. Öncə onu deyim ki, çox baxçalar gəzdik, ən çox da özəl baxçaların şəraiti və müəllimləri ilə görüşdüm. Ən başdan yoldaşıma bildirdim ki, mənimçün əsas müəllimdir, tərbiyəçidir, amma əlbəttə ki, balıqların başdan iyləndiyini də bilirik. Niyə bu misalı çəkirəm, bilirsiniz idarəedilən hər kadr rəhbərinin əsəridir. Əvvəldən nə özəl təhsilin, nə də özəl baxçanın tərəfdarı olmamışam, amma gözümüz bir dövlət baxçasından elə qorxdu ki, məcbur özəllərə üz tutduq. Özəl baxçaların heç birini pisləmək niyyətində deyiləm, lakin özəl baxçaların fəaliyyətinə heç ürəyim qızmadı. Elə uşaqların dili ilə desək, çox gəzdik, çox dolandıq axırda 159 nömrəli uşaq baxçasında dayandıq, gördüyümüz ilk müəllim, Aygün xanımın sayəsində. Müəllim deyil bu xanım, sanki ipək, sanki nur, sanki Vətən insan. Görən kimi, yoldaşıma dedim aha bu xanıma uşaq etibar etmək olar. Sonradan öyrəndik ki, sən demə müəllimimiz şairə imiş, ruhu o dəqiqə fərqini duyurmuşdu. Gözəl uşaq şeirləri var onun: “Axı, kimlə oynayım? Çıxış yolu mən tapım, Səhər tezdən oyanım, Mən baxçaya yollanım, Orda çoxlu dost tapım, Həm oynayım, həm yatım. Daha niyə darıxım?!”  Artıq uzun müddətdir əkizlərim baxçaya gedir, hər gedişlərində sevindiklərinin şahidi oluram, özüm də çox sevinirəm. Müəllimlərini görən kimi “Mənnimə” deyib onlara sarı qaçırlar, sevirlər, əylənirlər.  Bu yazını ona görə paylaşdım ki, gənc analar üçün faydalı ola bilər. Bu yazını ona görə paylaşdım ki, cəmiyyət Müəllim haqqında ehtiyatla danışsın. Bu yazını ona görə paylaşdım ki, gözəllikləri eşidək, gözəlliklər çoxalsın. Əziz Aygün və fədakar Rəna müəllimimizə, eyni zamanda hələ də bezlərdən istifadə edən əkizlərimin əziyyətini çəkən dayəmiz Kifayət xanıma könül dolusu təşəkkür edirik. Və əlbəttə ki, vicdan və mərhəmətlə, eyni zamanda tələbkarlıqla baxçanı idarə edən Nərgiz xanıma öz minnətdarlığımızı sunuruq.  “Bilmirəm mən səni kimə bənzədim, Bənzərin heç yerdə yoxdur, müəllim! Haqqında danışsam, bitməz sözlərim, Ən uca zirvədir yerin, müəllim! Oxuyub yazmağı səndən öyrəndim, Sözü sözə qoşub cümlə düzəltdim, Haqqında nə yazdım təhlil eylədim, Hər dəfə mübtəda oldun, müəllim! Qocalmaz heç zaman adın MÜƏLLİM! Gününüz mübarək olsun, ömrü şam müəllimlərimiz!

Manevr.az