Ev Bədii Sizlərdən başlayır Vətən, şəhidlər – Yeni şeirlər

Sizlərdən başlayır Vətən, şəhidlər – Yeni şeirlər

728

Ədalət NİCAT

Döz, ay ürəyim

Bu çətin vaxtlarda, haqsız zamanda,
Uzun yol gəlmişik biz, ay ürəyim.
Yaman incidirsən son günlər məni,
Qəsdə durmusansa üz, ay ürəyim.

Dərdimin üstündən otuz il ötdü,
Minlərlə yurddaşım yurd deyib getdi,
Nə ağrı azaldı, nə həsrət bitdi,
Salaraq könlümdə iz, ay ürəyim.

Görünəntək deyil, çox şey bayağı,
Duyğular coşqundu sevda sayağı,
Ayrılıq çəkdikcə sinəmə dağı,
Basıram yarama köz, ay ürəyim.

Atamın ocağın qalasam bircə,
Ürəyimi orda qoyardım dincə,
Bi il yaşayardıq yurda dönüncə,
Demirəm yaşayım yüz, ay ürəyim.

Ədalət, arzular sonsuz ümmandı,
Sevdalı yollarım çisgin, dumandı,
Məni yarı yolda qoyma amandı,
Yurda qayıdınca döz, ay ürəyim.

Yurdum

Payıztək solmusan can ay, Qubadlım,
Bəs hanı baharlı çağların, yurdum?
Dağılıb yurd yeri pozulub nizam,
Viranə qalıbdı bağların, yurdum.

Yolunda çox igid keçib canından,
Torpağın yoğrulub şəhid qanından,
Hərtiz bir tərəfdən, Səngər bir yandan,
Çəkir keşiyini dağların, yurdum.

Torpaqlar azaddı, bəs indi niyə?
Nədən yurdumuza durmayaq yiyə?
Ölüb getdi çoxu yurd deyə-deyə,
Qoynuna gələnmir sağların, yurdum.

Sisyandan, Laçından qoparıb haray,
Arzuya qovuşur sonda iki çay,
Həkəri, Bərgürşad çəkərək halay,
Axır Araz boyu ahların, yurdum.

Həsrət eyləyiblər oğul, qızını
Qoymurlar ki gəlib çəkə nazını,
Gəlib göz yaşıyla yuya tozunu,
Ədalət Nicattək ağların, yurdum.

Sizlərdən başlayır Vətən, şəhidlər

Bu ana vətənin, ana torpağın,
Dar gündə dadına yetən, şəhidlər.
Sizə səcdə etmək and borcumuzdu,
Sizlərdən başlayır vətən, şəhidlər

İgidlər seçilir açandan gözün,
Döyüş meydanında deyər ər sözün,
Ən uca qatdadı yeriniz sizin,
Mələktək göylərdə ötən, şəhidlər.

Baxıb gül üzlərə tapamıram söz,
Di Ədalət Nicat oğulsansa döz,
Hərəsi bir qönçə qamaşdırır göz,
Gültək xiyabanda bitən, şəhidlər.

Şəhid anaları

Bilirəm ağırdı övlad itkisi,
Şəhid anaları, mərd anaları.
Nəqədər tutsazda göz yaşınızı,
İçindən əridir dərd, anaları.

Şahlıq məqamında şahlıq tacı var,
Böyük qəlbinizdə böyük acı var,
Saçın ağ darayan neçə bacı var,
Görmək çox ağırdı pərt, anaları.

Getdi yurd uğrunda gültək balalar,
Göyləri titrətdi yerdən nalələr,
Uçar bu fəryaddan ən bərk qalalar,
Qüruru saxlayır bərt, anaları.

Uca qalsın deyə Vətən bayrağı,
Analar çəkdilər mərd kimi dağı,
Döndü bayatıya içində ağı,
Zaman özü etdi sərt, anaları.

Söz adamıyam

Möcüzə bulvarda qoymuşam ürək,
Onunçün burada eyləyirəm ərk,
Bilən, bilməyənlər qoy eyləsin dərk,
Burda külüng vuran söz adamıyam.

Gözəllik harda var, mən orda varam,
Bir könlü göyçəyə sevdalı yaram,
Çünki qatılmayıb mayama haram,
Bu kirli dünyanın düz adamıyam.

Kiməsə tapşırdır özün kimisi,
Kiminsə dəryada batır gəmisi,
Kimin dayısı var, kimin əmisi,
Mən isə Allahın öz adamıyam.

Haqdan yansa sönməz ömrün çırağı,
Ucalsın daima Vətən bayrağı,
Alışsa yandırar milyon yaltağı,
Kül üstünü örtmüş köz adamıyam.

Ədalət heç zaman özünü öyməz,
Haqsız qarşısında boynunu əyməz,
Rəhbər çağırmasa qapısın döyməz,
Çünki deməsinlər diz adamıyam.

Öz canını verən türkəm

Gendən gələr vətən ətri,
Gülü şehli dərən türkəm.
Hər qarış torpaqdan ötrü,
Öz canını verən türkəm.

Sevgi iş açar başına,
Sevda hopub yaddaşına.
Gözəllərin qarşısına,
Səltənətlər sərən türkəm.

Dost olmaz ara qatana,
Sirrin verməz hər çatana,
Gün çıxandan gün batana,
Hökm eyləmiş ərən türkəm.

Ayaqdadı yarağıyla,
Qürur duyar bayrağıyla,
Qızıl alma sorağıyla,
Dörd qitəyə pərən türkəm.

Sahib çıxar öz dilinə,
Qoymaz xar dəyə gülünə,
Xəta gəlsə türk elinə,
Öz sinəsin gərən türkəm.

Azərbaycanım

Şimaldan küləklər yaman bərk əsir,
Ehtiyatlı dayan, Azərbaycanım.
Fitnə şaxta kimi dünyanı kəsir,
Qəflətdən tez oyan, Azərbaycanım.

Haçandan itlərlə dost olubki qurd?
İt ilə dostsansa çomağı bərk tut,
Təzəcə işğaldan azad olub yurd,
Yurdlardan ol həyan, Azərbaycanım.

Pakistan qardaştək, dost tək dayandı,
Doğma Türküyəmiz bizə həyandı,
Qarabağ, Zəngəzur Azərbaycandı!
Dünyaya et bəyan, Azərbaycanım.

Sənin bir parçandı Dərbənd, İrəvan
Borçalı, Təbrizə olarsan rəvan,
Haqla başa çatar sonunda davan,
Mənə olub ayan, Azərbaycanım.

Əsirlərdən gəlir bu qanlı izlər,
Qonşulardan gördük pisliyi bizlər,
Qanına susayan bu şərəfsizlər,
Deyil qandan doyan, Azərbaycanım.

Eşq

Sevgiyə qapıdı könlümün yolu,
Aşiqlər olurlar ürəyi dolu,
Sevda yolçuluğu əbədi, ulu
Gecə, gündüz ruhu yoranıymlş eşq.

Sevənlər bilərki necə yanaram,
Özümü yerdə yox, göydə sanıram,
Eşqin işığında aydınlanıram,
Qaranlığı sökən toranıymış eşq.

Sevən canın verər sevdiyi üçün,
Ürək həzm edənməz sevdanın köçün,
Elə sızladırki adamın için,
Ayrılıq gələndə boranıymış eşq.

Çağırar hərəni öz dilləriylə,
Bəzər ömrümüzü tər gülləriylə,
Varıb içimizə öz əlləriylə,
Sevgidən bir qala quranıymış eşq.

Daş bulaq

Otuz ildən sonra doğma yurdumda daş bulağı ziyarət elədim

Könlümdən süzülüb gəlir,
İçəndə baldı daş bulaq.
Bir gözəlin yanağında
Bərq vuran xaldı daş bulaq.

Həsrət yönü qəmdən lildi,
Neçə nəqarətin sildi,
Nəğmə oxuyur min ildi,
Kim deyir laldı daş bulaq.

Saxlayanmadım göz yaşın,
Suyun içib öpdüm daşın,
Silkələyib su yaddaşın,
Xəyala daldı daş bulaq.

Segahın sehrinə daldım,
Rahat rahat nəfəs aldım,
Fəxrəddini yada saldım,
Kövrəlib doldu daş bulaq.

Sevdam şimşək kimi çaxdı,
Saf su könlüm üstən axdı,
İlk sevgimi məktəb vaxtı,
Yadıma saldı daş bulaq.

Gəlginən

Könlümün intizar qalan qapısın,
Açmışam üzünə buyur gəlginən.
Nələr düşünürsən uzun gecələr,
Qəlbini bu qəlbim duyur gəlginən.

Eşqin payızına düşüb solmuşam,
Gözlərim yağacaq yaman dolmuşam,
Səndən ayrılanı kövrək olmuşam,
Hər söz ürəyimə dəyir gəlginən.

Bir xoş sözə bənddi sevda yaramız,
Taleyin hökmünə dustaq çarəmiz,
Nəfəsi soyuyan isti aramız,
Düzəlmək yerinə əyir gəlginən.

Bu könül dünyamda yox özgə kəsim,
Sənə yetişirmi eşqili səsim?
Sənnən yana gəlib gedir nəfəsim,
Bu qəlbim səninçün döyür gəlginən.

Eşqin özü gəlir imandan, dindən
Küsgün misram kimi dolanma gendən,
Ədalət sevdaya düşdüyü gündən,
Hər şeirində səni öyür gəlginən.

Sevdim mən səni

Bilmirəm eşqidi, ya divanəlik,
Vallah dəli kimi sevdim mən səni.
Yaxana yaraşan bir cüt parlayan,
Durna teli kimi sevdim mən səni.

Divanə dolannam obasız, elsiz,
Naləm ərşə qalxar bülbültək gülsüz,
Eşqili baxışdan anlayan dilsiz,
Ağızsız lal kimi sevdim mən səni.

Eşqin meydanında oldum çarpışan,
Hicran yarasından ürəyim şan-şan,
Aşiqə yaraşan ruha yapışan,
Qopmaz zəli kimi sevdim mən səni.

Səhərlər dünyama günəştək saçan,
Xoşbəxtlik ardınca bir ömür qaçan,
Ömrümün bağında ömürlük açan,
Təkcə gülü kimi sevdim mən səni.

Səcdəyə durduğum eşqimin xanı,
Qaranlıq dünyamın işıqlı danı,
Başqa bir dəsgahdı bəmdəki anı,
Şurun zili kimi sevdim mən səni.

Tural Adışirinin təqdimatında