Ev Xəbərlər “Tariximizin dahiləri” Kitab Oxuma Müsabiqəsinin Mükafatlandırma Mərasimi keçiriləcək

“Tariximizin dahiləri” Kitab Oxuma Müsabiqəsinin Mükafatlandırma Mərasimi keçiriləcək

267

Hər bir xalqın və mədəniyyətin milli kimliyini formalaşdıran və gələcək nəsillərə istiqamət verən özünə xas düşüncə və fikir adamları vardır.

Bu dahi şəxsiyyətlər öz yaşadıqları dövrə fəaliyyətləri ilə töhfə verdiyi kimi sonrakı dövrlər üçün də qaranlıq yolları aydınladan çıraq olmağa davam edirlər.

Bunlardan Türk dünyasında Hüseyn Cavid, Əhməd Cavad, Məhəmmədhüseyn Şəhriyar, Almas İldırım, Bəxtiyar Vahabzadə, Məhməd Akif Ərsoy, İbn Xəldun, Məhəmməd İqbal, Hilmi Ziya Ülkən, Nəcib Fazil Qısakürək kimi insanlar hər zaman qürurla yad edilir və fikirlərinə böyük əhəmiyyət verilir.

Biz də, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu və Dünya Gənc Türk Yazarlar Birliyi olaraq tariximizin dahilərini gələcək nəsillərə tanıtmaq, milli kimliyimizin formalaşmasında əvəzsiz xitmətləri olan fikir insanlarımızın haqq yolunda haqlı mübarizələrini gənclərimizə çatdırmaq üçün gənclər arasında “Tariximizin Dahiləri” adlı kitab oxuma müsabiqəsi təşkil etmiş və həmin müsabiqənin təltifetmə mərasimini həyata keçirməyi nəzərdə tuturuq.

Qeyd edək ki, Ali Can, Dr. Abbas Qurbanov və Qoşqar Abbasovun həmmüəllifi olduqları “Tariximizin Dahiləri” kitabı Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə işıq üzü görüb və kitabda 17 fikir adamının həyat və yaradıcılığına yer verilib.

Tədbirdə gənclər, dövlət və hökumət nümayəndələri, QHT rəhbərləri və KİV nümayəndələri iştirak edəcəkdir.
Tədbir 02 fevral 2022-ci il, saat 11:00-da Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına konfrans zalında (Ünvan: Bakı şəh, Cəfərov qardaşları küç., 16, İçəri Şəhər metrosu, Təzə Bəy hamamının yaxınlığında ) keçiriləcəkdir.

Tədbirə giriş COVİD-19 pasportu ilə mümkün olacaq və pandemiya şərtlərinə ciddi riayət ediləcəkdir.