Ev Xəbərlər Zəfər gününə həsr edilən tədbirdə “Sən azadsan!” kitabının təqdimatı keçirilib

Zəfər gününə həsr edilən tədbirdə “Sən azadsan!” kitabının təqdimatı keçirilib

87

Cəfər Cabbarlı adına Respublika GənclərKitabxanasının həyata keçirdiyi “Zəfər tarixinin şanlı 44 günü” layihəsi çərçivəsində noyabrın 5-də kitabxananın nəşrə hazırladığı “Sən azadsan!” kitabının təqdimat mərasimi və Zəfər Gününə həsr edilən tədbir keçirilib

Tədbirdə “Sən azadsan” kitabına yazıları daxil edilən gənc şair və yazıçılar da iştirak edib.
Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov uzun illər işğal altında olan ərazilərimizin geri qaytarılması, ədalətin Zəfər çalması ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini söyləyərək bütün tədbir iştirakçılarını 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. Bu gün Zəfərini qeyd etdiyimiz Vətən müharibəsində Qələbənin qəhrəman Azərbaycan oğullarının şücaəti və Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində qazanıldığını bildirərək Prezidentin yalnız hərb meydanında müzəffər bir sərkərdə kimi deyil, diplomatik cəbhədə də böyük strateji mövqe nümayiş etdirərək, informasiya müharibəsində ədalətin, dürüstlüyün simvolu olaraq, cəsarətli çıxışları ilə bütün təzyiqlərə üstün gəldiyini və Azərbaycanın haqq səsini bütün dünyaya çatdırdığını söylədi.
Təqdimatı keçirilən “Sən azadsan” kitabının ərsəyə gəlməsində iştirak edən hər kəsə öz dərin təşəkkürünü bildirərək, kitabın şanlı Zəfər tarixinin bir nümunəsi olduğunu, adının Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinə müraciətlə dediyi “Əziz Şuşa, sən azadsan!” sözlərindən götürüldüyünü vurğulayıb.
Kitabxananın İnformasiya təminatı və media ilə iş şöbəsinin müdiri Günay Həsənova “Zəfər tarixinin şanlı 44 günü” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər – “Zəfərimiz rənglərin işığında” adlı gənc rəssamların sərgisi, şanlı Zəfər tarixinə həsr edilən Azərbaycan, ingilis və rus dillərində hazırlanan videomateriallar, virtual və ənənəvi sərgilər, metodiki vəsaitlər haqqında məlumat verərək, kitabxananın gələcəkdə də bu istiqamətdə öz fəaliyyətini davam etdirəcəyini söyləyib.
Sonra kitabxana əməkdaşları tərəfindən hazırlanan Zəfər Gününə həsr edilən virtual sərgi nümayiş etdirilib.
Tədbirin aparıcısı, Yazıçılar Birliyinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin sədri İntiqam Yaşar kitabda poema, şeir, esse və hekayələri toplanan gənc şair və yazarlar haqqında məlumat verib. “Mən Şuşadayam” şeirinin yazılma tarixindən danışaraq, tədbir iştirakçıları üçün həmin şeiri səsləndirib.
Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi Şahanə Müşfiq hər sətrində Azərbaycan gəncliyinin Vətənə, doğma torpağa olan sevgisindən bəhs edən bu kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirərək, kitabda ən geniş Şuşa reportajının onun qələminə məxsus olduğunu söyləyib. O, uzun illər davam edən Qarabağ torpağının işğalı və Şuşa itkisinin ədəbiyyatımıza, mədəniyyətimizə vurduğu zərbələrdən, yaratdığı boşluqlardan danışıb, indi istedadlı gənclərin yaradıcılıqlarını məhz bu mövzuya yönəltməli olduqlarını bildirib.
Şair Səddam Laçın Vətən müharibəsi dövründə döyüş bölgələrində şahidi olduğu qəhrəmanlıq nümunələrindən, arxa cəbhədə isə xalqın bir yumruq kimi birləşməsindən, Qələbəyə qətiyyətli inam nümayiş etdirməsindən danışıb. Uzun illər istəsə də, ata yurdu olan Laçın rayonu haqda şeir yaza bilmədiyini, lakin müzəffər Azərbaycan Ordusunun xalqa yaşatdığı Qələbə sevincindən sonra nəhayət ki, “Laçın” adlı şeirini qələmə aldığını dilə gətirib və həmin şeiri tədbirdə oxuyub.
Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü və mükafatçısı Ramil Əhməd uzun illər valideynlərinin dilindən eşitdiyi Şuşa xatirələrinin, Şuşa mənzərələrinin Zəfərdən sonra, ora səfər edərək canlı şahidi olmasından, Şuşada olarkən keçirdiyi hisslərdən danışıb. Ali Baş Komandan İlham Əliyevin müdrik, uzaqgörən siyasəti, rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində qazanılan bu Qələbənin böyüməkdə olan nəslə bir örnək olduğunu söyləyib. Ramil Əhməd tədbir iştirakçılarına “Sən azadsan” kitabında yer alan müəllifi olduğu “Şuşa eşqi” reportajından bir parça səsləndirib.
Şair Elvin Əlizadə ata yurdu Zəngilan rayonunun Ağalı kəndində olarkən orada aparılan yenidənqurma işlərindən söz açaraq, atasına xitabən yazdığı “Zəngilan” şeirini oxuyub.
“Sən azadsan” kitabında yer alan “Ruhköçürmə stansiyası” hekayəsinin müəllifi Elmin Nuri kitabın janr və tərtibat baxımından çox nəfis hazırlanmasından, gələcəkdə də bu mövzunu əhatə edən şeirlərin, hekayə və oçerklərin ayrı-ayrılıqda toplum formasında nəşr edilməsinin vacibliyini vurğulayıb.
Vətən müharibəsi iştirakçısı Həsən Kür müharibə dönəmində şahidi olduğu xalqın, Azərbaycan oğullarının Vətən sevgisindən, qəhrəmanlıqlarından danışaraq, müharibədən sonra qələmə aldığı “Şükür” şeirini iştirakçıların diqqətinə çatdırıb.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, sözügedən kitabda Azərbaycanın şanlı Zəfər tarixi – 44 günlük müharibəyə həsr olunmuş 20-ə yaxın gənc yazarın qələminin məhsulu olan 30-dan çox ədəbiyyat nümunələri toplanıb. Kitabın layihə rəhbəri və ideya müəllifi Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov, “Ön söz” müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədr müavini “525-ci qəzet”in Baş redaktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid, tərtibçi və redaktoru Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyndir.