***
Daha sənin üçün
heç darıxmıram…
Heç bilmirəm
sevgim üçün gündüzsən ya gecəsən!
Daha şəkillərinə
düşən göz yaşlarım
üzünü silib artıq,
Üzündə baxışların yox olub,
görünmür daha necəsən…
Yox olursan,
yadlaşırsan yavaş-yavaş xəyalımda,
Cizgilərini birləşdirməyə çalışdıqca itirsən.
Son dəfə
hansı kəlməni işlətmisən deyə
çağırır qulaqlarım,
“Daha bitdi” –
sağollaşıb getdiyin kəlməndə bitirsən…
Getdiyin yollarına
çəkirəm gözlərimin şəklini,
Bir də fırçam boyayıb kölgəni:
qara rəngdədir.
Darıxmaq da körpü kimidir,
gah aparır, gah gətirir.
İtirib sən deyilən əmanətin izlərini,
bilmir hansı səmtdədir.
İnandığım inancımda
inanmıram sənli sənə ,
Daha örtüm pəncərəni
külək pıçıldayır mənə.
Yalan ümidlər nağılın
danışacaq şirin-şirin,
Mənsə aldanacam ona
gözlərimi döyəcəm yenə…
***
Sabah mütləq yazacam…
bu dəfə söz verirəm!
Sındırıb qürurumu
parça-parça sözlərlə
ağ gəlinlik geyinən
kağız vərəqlərinin sinəsinə sərəcəm…
Sabah mütləq yazacam…
Göz yaşımla isladıb
çəkdiyim darıxmağın
bütün şəkillərini,
Saatın əqrəbində tez sənə göndərəcəm…
Sabah mütləq yazacam…
Zaman qatarı keçir
evinizin yanından,
Qurban olum nə olar,
heç olmasa bu dəfə:
ünvanını dəyişmə!
Məktubumu al oxu –
söz verirəm sən oxu,
sonra özüm gələcəm…
***
Duyğularım dalğaların qoynunda
Günəşin dizləriylə
səcdə edər göy üzünə.
Mən səni də yer üzündən
göy üzünə yola saldım;
Hətta duaları da
səpələdim ardınca,
Özüm göndərdiyim ruhun
dönüşünə inanmaq
Şimşəyin çaxıb
yağışın yağmaması kimidir…
Onun kimi səni dinləyərlər,
amma susarlar astaca.
Arzular ləpələr,
ləpələrsə tənginəfəsliyim kimidir.
Çatmazsan,amma o səni qovar.
Və dənizdən küsdüyün an
üz döndərər səndən
alar səndən səni də,
onu da.
Boğulmaq üçün öncə
dabanların dənizin qumlarını ovar…
Və sonra….
dənizdən içdiyin su son şərbətin,
ruhun isə göyə qalxan badə olar…
***
Bir yağış yağa ki, külək islana,
Sığına saçımın çətirlərinə –
Günəşin bətnindən hədiyyə ola,
Ləbim ləblərinin sətirlərinə…
Bir yağış yağa ki, külək islana,
Coşub qisasını dənizdən ala –
Geyinib dalğanın qat-qat donunu,
Çılpaq yaxasını bənizdən ala…
Bir yağış yağa ki, külək islana,
Göy öz laylasını oxuya yerə –
Üşümüş küləyi bağrına basıb,
Torpaq qucağında yuxuya verə…
***
Və bir gün rastına bir qadın çıxa –
Təpədən dırnağa dərdini alıb,
ruhunu sevgiylə bağrına sıxa…
Və bir gün rastına bir qadın çıxa –
Gözündən dünyanın silib kədərin,
sevinci xalıtək qarşına yıxa…
Və bir gün rastına bir qadın çıxa –
Ötən günlərinin pəncərəsindən,
açıb pərdələri səninlə baxa…
***
Xəbərin var,
artıq dəli olmuşam?
Bezdim
divarlarla danışmaqdan,
Xəyalını pərdə kimi asdım,
gözlərimin önünə.
Alışdım bu yalançı həyata,
yalanların içinə
atılmış bir əşya kimi
qaldım həsrətimin küncündə.
Sənin kimi yalana qarışdım,
adı olmayan quru dənizlər kimi.
Yazın yağışını,
qışın qarını
sonra göz yaşlarıma qarışdırdım.
Yastığımın nəminə yapışdı üzüm,
sonra dəli kimi
yastığı sən əvəzi
bərk-bərk sinəmə çəkdim.
Boylanıram gecələr
pəncərədən ətrafa
Ay işığındakı
külək tərpədən ağaclara.
Mənə elə gəlir ki,
dəli oluram artıq,
yarpaqlar mənə gülür.
Sənli xatirələrdən
narın yağış tökülür…
***
Dərindən hər ah çəkəndə
əks-sədam gedib
sənə toxunurdu
“Kaş ki”lərlə sildimsə də,
sən dediyim nə vardısa
bəlkələrdə oxunurdu…
Damarlarla sərhədlənmiş ürəyimi
damarlardan
ürəyimin döyüntüsü
mərmi kimi
çalınçarpaz ayırdı.
Hər açılan mərmilər də,
səndən susub gizlətdiyim gerçəkləri
sorub-sormaz sayırdı.
Qəribədir,
səndən uzaq qəribliyi
ən yaxında yad edirsən
yadlar kimi,
Qulağına səslər gəlir
eşitdiyin səslərdə də
ad gəzirsən
addımlar kimi.
Qollarınla boş qucaqda
yoxluğundan yuva qurub
duyğuların körpəsinə sığınırsan,
Dən istəyər səndən
ac hisslərinə,
göz yaşından su versən də,
yoxluğunun tikəsiylə
ac qoyursan.
Acıqlanıb qəzəbini gözlərinə tökərsən,
gedərkən görmədi deyə,
Əllərin də bir-birini döyər
yenə bacarıb tutmadı deyə.
İzini itirər bir gün,
küsər ayaqların yerdən,
dizində taqətin qalmaz.
Mən ümid dediyim yolda,
gedib gəlməzlər üçün
ümiddən körpü salınmaz…