Ev Bədii Yanmış ocaq yeri var ürəyimdə sən gedəli – Şeirlər

Yanmış ocaq yeri var ürəyimdə sən gedəli – Şeirlər

1034

Paşa QƏLBİNUR -70

İşıq cərrahı

Əllərimin hakimiyyəti bərqərar olur
Əməliyyat vaxtı.
Qaranlıqla işığın radar tutmayan
sərhəddinə uçur əllərim.
Ürəyim kimidi,
Mən yatanda da
Oyaq olur əllərim…

***
Yanmış ocaq yeri var
Ürəyimdə
sən gedəli…
Bir xəncər sancı var
Kürəyimdə sən gedəli…
Qəhqəhələr, işvələr, nazlar
Payız yarpaqları kimi
Küləklərin ağzında
veyil-veyil.
Nə Günəş qızıl tellidi,
Nə dəniz mirvari deyil…
Dünyada
Sən adlı mələk var,
Mən adlı ürək.
İnnən belə
Qızıl-qızıl balıqlar
Dənizlərdə
Üşüyər də, ölər də,..
Bir bayatı çağırın:
– Mey qaldı şüşələrdə…

Mən sizə gələcəm

Mən sizə gələcəm, bir gün gələcəm
Bir qərib yuxunun dumanı kimi..

Mən sizə gələcəm vallah gələcəm
Gecikmiş eşqimin gümanı kimi..

Mən sizə gələcəm yağmurlu gündə
Üzümdə gözümdə kipriyimdə nəm..

Mən sizə gələcəm səssiz-səmirsiz
Səssiz-səmirsiz də çıxıb gedəcəm..

***
Mən sənə “mələk,” – demişəm,
Mələklər əfv etsin məni
Mən sənə “ürək”, – demişəm,
Ürəyim deşsin sinəmi…

Şimşəklərə kəmənd atın,
Məni gözlərimdən asın.
Gözlərim aldatdı məni…
Son baharda heyvaları,
Yaz ağzında çiçəkləri
Bir qara örpəklə örtün,
Qoy ətiri gəlməsin!..
Əllərimə dağ basın,
Şeir yaza bilməsin!..

Zəncirləyin bir qayaya –
Kötük üstə baş kimi…
Töksün göylər qəzəbini
Dolu yağsın daş kimi…

Günahlarım elə böyük –
Kəpəz boyda dağ qalanmış.
Mən sənə “mələk”, – demişəm,
Mən sənə “ürək”, – demişəm,
Mən sənə “çörək” – demişəm,
Hamısı da yalanmış!..

***
Sənsiz qalsam,
Sınaram
Min illik palıd kimi.
Ağ səs olar
Son harayım…

Sənsiz qalsam,
Göyərər, göyərər ürəyim!
Böyüyər, böyüyər, sən olar!
Sənsizlik sənə,
Yuxum aydınlığa qarışar…

Sənsiz qalsam,
Qolları kəsilmiş fədai kimi
Yuxularımdan qan sızar
gecələrimə…

Sənsiz qalsam,
Ölüm
Dadlı gələr mənə –
Ana südü kimi
…çataram
sənə…

Səssiz-səmirsiz

Yasəmən ətri qədər,
Çörəyin nəfsi qədər.
Darıxdım sənsiz…

Dəryada qarmağa
Balıq tələsən kimi,
Kəhrəba zəmidə
Küləklər əsən kimi,
Darıxdım sənsiz…

Bir ana bağrında,
Südün sancısı kimi,
Cadar-cadar torpaqda
Yağışın səsi kimi
Darıxdım sənsiz…

Ulduzlar axdılar,
Gecəmə neynim
Dənizlər axdılar
Küçəmə neynim…

Kəklik yumurtasında
Yavrumun səsi kimi –
Səssiz-səmirsiz
Darıxdım sənsiz…

Hələ nə yaşamışam ki

Ciblərimin ağzı,
parıldayan pencəyim,
Əllərim yağlı da dəyib sənə,
Xəcalətdən tərli də,
Bağışla məni.
Dizləri sürtülüb ağarmış, əynim.
Üzümüz üzlər gördü.
Mənim üzümün suyu,
Sənin dizlərinin gözləri töküldü.
Qələmim, bağışla məni.
Vaxt olub istəmədiyini yazdırmışam,
Vaxt olub özünə qəbir qazdırmışam,
Bağışla məni.
Ürəyim, bağışla məni.
Səndən xəbərsiz adından
danışdığım vaxt olub.
Xaqanidən Cavidə qədər
Bütün dahilərimin,
Qolları kəsilmiş
Babəkimin önündən
Əsgəri intizamla, ehtiramla,
Bir dəli sükutun
fırtınalı qoynunda keçmişəm.
Gecələri min illik şərab kimi içmişəm,
Ay işığında islanmışam
İliyimə qədər.
Və bir eşqin sazağında göynəmişəm
Sümüyümə qədər.
Hələ nə yaşamışam ki…
Bax bu balaca bıçaqla
zülməti doğramışam,
Özünü öyməklik olmasın,
Kimlərçünsə od oğurlamışam…

Tural Adışirinin təqdimatında