21.01.2021-ci Bakı vaxtı ilə saat 14:00-da Özbəkistanın Xalq Şairi, Özbəkistanın Qəhrəmanı Erkin Vahidovun adını daşıyan Yaradıcılıq Məktəbi kollektivinin təşkilatçılığı ilə Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşarla onlayn görüş təşkil olunub.
Tədbirdə Yaradıcılıq Məktəbinin 6, 7, 8 və 9-cu sinif şagirdləri iştirak edibilər. Ədəbi tədbirə Erkin Vahidov adına Yaradıcılıq Məktəbinin Mənəviyyat üzrə direktor müavini, şair Məhəmmədəmin (Tursunəli) Nurmatov moderatorluq edib. Tərcüməçi, şair və “Cəsur oğlan” Dövlət Mükafatı laureatı, Azərbaycan və Özbəkistan ədəbi əlaqələrində çevirmələri ilə uğurlu fəaliyyəti olan Rahmat Babacan da tədbirdə iştirak edib, müəllifdən özünün çevirmiş olduğu bir neçə şeiri səsləndirib.
İntiqam Yaşarın şeirlərinin onda böyük təəssürat yaratdığını dilə gətirib. Tədbirdə İntiqam Yaşar iştirakçılar üçün şeirlər oxuyub. Erkin Vahidov adına yaradıcılıq məktəbinin şagirdlərinin İntiqam Yaşarın şeirlərini öz ifasında dinləməklə yanaşı , müəllifin yaradıcılığından əzbərlədikləri şeirləri də böyük həvəslə səsləndiriblər.
Bundan başqa, 6-cı sinif şagirdləri Sərvinaz Mahmudova, Müslimə Kamalidinova, Bibixocar Abduqəniyeva, 7-ci sinif şagirdləri Səidxan Bahadırov, Kamalaxan Marupova, Bəhruz Möminov, 8-ci sinif şagirdləri Nigina Ergəşova, Nurulla Amanov, 9-cu sinif şagirdləri Avazbəy Əhmədcanov, Nilufər Ergəşova, Hacıəkbər Ziynatsev və başqalarının iştirakı ilə ədəbiyyat nümayəndələri arasındakı yaxın dostluğu daha da möhkəmləndirən ədəbi görüş şeirlə yanaşı, sual-cavablarla da zəngin olub. Onlayn yaradıcılıq görüşü yüksək əhval-ruhiyyə və səmimiyyətlə yekunlaşıb.
Qeyd edək ki, Erkin Vahidov adına Yaradıcılıq Məktəbi 2018-ci ildə yaradılıb. Bu məktəb Özbəkistanın Xalq Şairi, Özbəkistanın Qəhrəmanı Erkin Vahidovun adını əbədiləşdirmək üçün yaradılıb. Burada yaradıcı gənclər təhsil alır. Bu gün məktəbdə 135 yaradıcı gənc var. Şagirdlər üçün Erkin Vahidov adına təqaüd təsis edilib.