Ev Bədii Yusif Nazim Ərəbsoy – Zəfər simvolu (ŞEİR)

Yusif Nazim Ərəbsoy – Zəfər simvolu (ŞEİR)

2263

Zəfər simvolu

(Şeir Mədəniyyət Nazirliyinin elan etdiyi “Vətənvərpərlik mövzusunda ədəbiyyat müsabiqəsi”ndə Poeziya janrı üzrə 1-ci yerə layiq görülüb)

Sən ey mənim yurdumda güldən gözəl bayrağım,
Sən ey müqəddəs əldə əldən gözəl bayrağım!
Ey mənim Dövlətimdən qoca olan bayrağım,
Sancıldığı zirvədən uca olan bayrağım!
Dalğalan zirvələrdə, dalğalara örnək ol,
Namuslu gözəllərin qon başına örpək ol!
Başım üstə papaqsan,
Torpaqsan gözüm üstə.
Sən şerimin içində,
Olmusan sözüm üstə.
Mən sənə baş əymişəm,
Qarşında dizim üstə.

Bayraqların içində, ey mənim vəsf etdiyim,
Şeirlərin bayrağı, qəzəllərin bayrağı!
Ey uğrunda şərəflə şəhadətə getdiyim,
Bayraqların gözəli, gözəllərin bayrağı!
Gör sənin sancıldığın neçə kənd var, şəhər var,
Zəfər varsa, sən varsan, sən varsansa, zəfər var!

Ürəkdə can da sənsən, Azərbaycan da sənsən!
Balaca otağımda böyük cahan da sənsən!

17 noyabr 2020

Yusif Nazim Ərəbsoy