Ev Bədii Mən özümdən Sözə atdım ömrümü – ŞEİRLƏR

Mən özümdən Sözə atdım ömrümü – ŞEİRLƏR

1812

NURAFİZ

Şəkil çəkir ruha sözün edamı

Müsahibə götürməyə gəlmisən,
Mənim balam, otur çözək həllini.
Sevgi haqda sualını boşa ver,
Yaşım ötüb min ildir ki, əllini.

-Nə yazırsan? Yazdıqlarım ortada,
Nə yazıram, Allah bilir bu sirri.
-Necə olur daşı deşir damlalar,
Açıq qalır indiyəcən su sirri?

…nəyim varsa saxlamışam şeirdə,
Neçə-neçə ağrı, acı, itgimi.
Ömrü-günü döyür dabanbasaraq,-
Ayrılıqlar şans güdür it kimi.

Çatıldımı fikirlərin qaşları,
Şəkil çəkir ruha sözün edamı.
Nə yaşadıq-qazanc budu, sonrası…
Ta qorxutmur dar ağacı adamı.

Daha deyəmmirəm

Daha deyəmmirəm qayıdım geri,
Çırmanıb kül töküm, ev tikim kənddə.
Şəhərdə adına yazdığım şeiri,
Görəsən oxuyub kim sevdi kənddə.

Yenə kim əndərdi gileylərini,
Qınağa bələdi getdiyim yolu;-
İldə üç-dörd dəfə kəndə gəldiyim,
Qırx ildir şəhərdə itdiyim yolu?!

Ağac olammadım yol qırağında,
Kölgəmə sığmadı bir qarışqa da.
Uzaqdan-uzağa salam yolladım,
Heç dadı qalmadı bir qarışda da.

Çıxıb öyəcəyim nəyim qaldı ki…
Öyüddən, danlaqdan keçibdi daha.
Adına yazdığım bircə misramı
Son dua biləydi kaş ki, Allaha.

Uçan quşun sağ qanadı başıma

Sınıq körpü, vaxt ölürdü havayı,
Bu kömrükdə sınanırdı inadım.
Vizasını alammadı həsrətim,
,,Bir özümü, bir baxtımı qınadım”.

Gecənin də qulaqları kar imiş,
Mən susduqca eşitmədi heç məni.
Yalvarası deyildim ki, dözürdüm,
Qanan deyil, başa düşər gec məni.

Dil-dodağı təpimişdi səbrimin,
At çapırdı sükutumun ağrısı.
Mən özümə qayıdırdım anrıdan,
Qulağımda anamın ,,Gəl” çağrısı…

Bir səs boyu yolum qalır Təhləyə,
Xəyalımda min yol gedib, qayıtdım.
Qəm öpdükcə inadımın gözündən,
Yalan yerə vaxt itirib say uddum.

Uçan quşun sağ qanadı başıma…
Götürülər aramızdan qadağa.
O tərəfdən bir meh vurdu üzümə,
Döz, a kəndim, canım sənə sadağa…

Cəllad kötüyünə salam verən baş

Cəllad kötüyünə salam verən baş,
Baltanın ağzında sükut ağlayır.
Səbrimin içində ocaq çatılıb,
Ruhmda kor qorxu sakit ağlayır.

Hıçqırıq boyuna dilim hamilə,
Qanımın astarı nağıl tamında.
Silir gümanımın göz yaşlarını
Sevincin ögeyi qəm limanında.

Sərt yönü bəllidi qara sevdamın,
Səmt yönü oxşasa bəyaz telimi,
Bəxtim ağ çıxarsa qış qarasından,
Öpər də , inşallah, bu yaz telimi.

 

***
Daha oxşamıram özümə , payız
Yenə də bayırda qalacaq yağış,
Döyəcək, döyəcək pəncərələri…
Arif Mustafazadə

Çöldə yağış yağır külək qarışıq,
Hərdən pəncərəmi döyüb qayıdır.
Elə bil kimdənsə qorxub çəkinir,
Qırıb budaqları ,,söyüb” qayıdır.

Ağaclar utanır çılpaqlığından,
Yarpaqlar bir küncə yığılıb qalır.
Üşüyür payızın rəngləri altda,-
Sərçələr səsinə sığınıb qalır.

Hər üzü payıza yönədir ömrün,
Gileyi qəm dadır qərib axşamın.
Hələ də səhərə ümid bağlaram,
Üstünə fikrimi sərib axşamın.

Hələ ki, qar yağıb, soyuq düşməyib,
Səni toplayacam gözümə, payız.
Daha doğmalığın mənə xoş gəlir,
Daha oxşamıram özümə, payız.

İçini söykəyib ayrılıqlara

Arif Mustafazadəyə

İçini söykəyib ayrılıqlara,
Ruhu ovunurdu kədərlə, qəmlə.
Səsini isladan könül nisgili
Gözünün qorunu silirdi nəmlə.

Üzünü sürtməyə utandığından,
Ahıyla öpürdü daşı-divarı.
İlləri su kimi axıb gedirdi,
Köhnə xatirələr-dövləti, varı.

Əlindən küsmüşdü bəyaz saçları,
Nağıla dönmüşdü ərki, inadı.
Sevincin tamını yadırğamışdı,
Səsinə hopmuşdu payızın dadı.

Zamanı geyinib ağrılarına,
Siminə çəkmişdi tavar sazının.
Ömrünü əridib söz eyləmişdi
Qara sevdalısı Qarayazının.

Bir misra o yana başqa havadı

Bir misra o yana başqa havadı,
Orda itirmişik ömrün dadını.
Vaxtı səbrimizin cibinə qoyub,
Ayrılıq qoymuşuq hələ adını.

Sevincin tamını yadırğamışıq
Daha yaşımızın dərd ölçənində.
Ayağa durammır xatirələr də,
Yolunu azıbdı fikrin çənində.

İllərin yel döyən payız vədəsi,
Qismətin sonuncu payıdır yollar.
Daha əvvəlki tək vaxt çapammırıq,
Daha üzümüzə qayıdır yollar.

Öz içimdə yer tapmadım dözməyə

Nə gizlədim, yelə verib bu ömrü,
Əllərində yesir qaldım təkliyin.
O baxdığım güzgülər də yad oldu,
Yeri yoxmuş sərt olmağın, bərkliyin.

Çıxarını bilməsəm də qismətin,
Nə qaldısa ömrə-günə yazıldı.
Əl tutduğum savablarım anıldı,
Uğuruma dönə-dönə yazıldı.

Dadar-doymaz bir ümidə sığındım,
Yalan-doğru, çox aldatdım özümü.
Öz içimdə yer tapmadım dözməyə,
Mən özümdən Sözə atdım ömrümü.

Ayrılıq qəzaya düşüb, deyələr

Tamarzı gözlərim yenə yol çəkir,
Hələ də yollara sığışammıram.
Səbrimi lal xiffət pələsəng salıb,
Ləliyib özümə yığışammıram.

Yağan yağışları ,,geyib” əynimə,
Gərək qəm eydirib dözəm yenə də.
Fikrimi teyləyəm vaxtın boyuna,
Ruhum gecələyə çöldə, binədə.

Gecənin bağrını yara it səsi,
Ayrılıq qəzaya düşüb,- deyələr.
O gecə doymayaq nağıl payından,
Lampa işığında qıza dəyələr.

Fikirlərim yol göyərdir dalınca

Yollarımmı yenə səkkiz yazmada,
Ya səyriyən gözlərimmi çəp idi?
Bu gedişin havasına susadım,
Udqunduqca dil-dodağım təpidi.

Dil yanıldan gecəgözlü ağrılar
Səbr səpir səhərəcən balınca.
Görüm vermir sən gedən yol gözümə,
Fikirlərim yol göyərdir dalınca.

Duyğularım ağrı geyib təklənib,
Ayırammır doğmasını, yadını.
Mən dilimin duasına bələyib,
Dodağımda böyüdəcəm adını.

Tural Adışirinin təqdimatında