Ev Bədii Səni kim unudar?! – Mikayıl Müşfiq

Səni kim unudar?! – Mikayıl Müşfiq

1959

Yenə o bağ olaydı

Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi ?
Söylə ürəyincəmi ?

Yenə o bağ olaydı, yenə sizə gələydik,
Danışaydıq, güləydik.
Ürkək baxışlarınla, ruhumu dindirəydin,
Məni sevindirəydin.
Gizli söhbət açaydıq, ruhun ehtiyacından,
Qardaşından, bacından.
Çəkinərək çox zaman söhbəti dəyişəydin,
Mənimlə əyişəydin.
Yenə bir vuraydı, qəlbimiz gizli-gizli,
Sən ey əsmər bənizli.

Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha mə’sud.
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı, tələbi daha yüksək,
Yolumuzdan daş, kəsək,
Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,
Bu yaz, bir başqa yazdır!

Yenə o bağ olaydı, yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın kimi qıvrılan, dalğalara dalaydım,
Dalıb ilham alaydım.
Əndamını həvəslə, qucaqlarkən dalğalar,
Qəlbimdə qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
Məni hirsim boğaydı.
Cumub alaydım səni dalğaların əlindəni,
Yapışaydım belindən.
Xəyalımız üzəydi, sevda dənizlərində,
Ləpələr üzərində,
İlhamımın yelkəni, zərrin saçın olaydı,
Sular xırçın olaydı.

Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,
Gəlin baxın Xəzərə.
Çıxalım Buzovnada kiçik qayalıqlara,
Seyrə dalım bir ara…
Gecələr sayrışarkən, ulduzlar lalə kimi,
İşıqlar jalə kimi.
Çilənib dağılarkən ətrafa damla-damla,
Ən yaxın bir adamla.
Nə gözəldir dinləmək suların nəğməsini,
Təbiətin səsini!
Nə gözəldir dolaşmaq, isti yay fəsilləri,
Bu sərin sahilləri!

Nə gözəldir səhərlər bizim böyük ruhumuz,
Aşıb-daşan duyğumuz.
Şəklindəki sulara, baxaraq ləzzət almaq,
Bu mavi şe’rə dalmaq.
Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək,
Bə’zən hürküb çəkinmək.
Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi,
Bizim bu həyat kimi!

Yenə o bağ olaydı sevdalar ölkəsində,
O söyüd kölgəsində.
İnci qumlar üstündə yenə verib baş-başa,
Yayı vuraydıq başa.
Günlərimiz keçəydi qızğın fərəhlər kimi,
Dolu qədəhlər kimi.
Yarpaqlar arasından uzadaraq əlini,
Oxşayaraq telini.

Gecələr darayaydı saçlarını ay gözəl!
Sən gözəlsən, ay gözəl?
Əllərində əllərim, gözlərində gözlərim…
Asılaydı sözlərim.
Könlünün qulağından bir qızıl tana kimi,
Günəş doğana kimi.
Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar,
Can-ciyər olacaqlar.
Bir az da uzaqlara açacaqlar yelkəni,
Ruh yeni, höyat yeni…
Çıxacaqlar göyləri aşaraq dönə-dönə,
Buludların fövqünə.
Uçacaqlar sabaha, uçacaqlar yarına,
Efir boşluqlarına.
Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən,
Bu insan oğlu bilsən.
Azadlıq ölkəsində daha şad olacaqdır,
Dünya dad alacaqdır.

Yenə o bağ olaydı, yenə yığışaraq siz,
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim.
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər-axşam.
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?

Qurban olduğum

Bilməm, məni neçin atmış, unutmuş,
Cövri-cəfasına qurban olduğum?
Yoxsa özgəsinə üzünü tutmuş
Yeni sevdasına qurban olduğum?

Mən Dilbəri sordum gəlib-gedəndən,
Dedilər, barışmaz, küsmüşdür səndən,
Mən iltifat etdim, o qaçdı məndən,
Qaçqın ədasına qurban olduğum!

O mənim sevgilim, o mənim anam,
Onsuz üzüm gülməz, açılmaz aynam.
Bilməm harda qaldı o nazlı durnam,
O xoş sədasına qurban olduğum?

Ayrılıq oduna könül dayanmaz,
Eşq oduna yanan bir daha yanmaz,
Çəkdiyim nalədən neçin oyanmaz,
Şirin röyasına qurban olduğum?

Sənin gülüşlərin

Qarşımda nazlanıb yenə gülürsən,
Bilsən gülüşlərin nəyə bənzəyir?
Mən desəm artıqdır, özün bilirsən,
Lalə yarmağında şehə bənzəyir.

Sənin gülüşlərin bir ruzgar kimi
Əsərkən arzumun gülü açılır.
Gülsə dodaqların ulduzlar kimi
Ruhuma bir sənin işıq saçılır.

Söylə, gözəllərin dodaqlarından
Bu oynaq gülüşlər umulmuşmudur?
Sənin hər qəhrəman ay kənarından
Keçən buludmudur, uçan quşmudur?

Sənin gülüşlərin yaz səhərindən
Hissimə, fikrimə sanki rəng alır.
Gül ki, şeirlərim gülüşlərindən
Qırılmaq bilməyən bir ahəng alır.

Sən güldüyün zaman bu şad günümdə
Açılır qarşımda, canlanır bahar,
Bə`zən baş ucumda, bə`zən önümdə
Şimşəklərim çaxar, sularım axar.

Cahan ki, solmayan bir bağça-bağdır,
Burda rəvamıdır gülmədən ölmək!
Yazıq o şəxsə ki, qaraqabaqdır,
Nə qədər yaraşır insana gülmək!

Gözünə qurban

​ Bu qədər baş vermə, səməndər, yaza,
Düşərsən ayağa, başına qurban.
Yazığam, ömrümü vermə güdaza,
Qəmzəli gözünə, qaşına qurban…

Bir qara buludam uca göylərdə,
Bu qara baxtımla bizim ellərdə
Sən neçin ağlarsan mən duran yerdə,
Nərgiz gözlərinin yaşına qurban…

Sinən billur kimi, altında daş var,
Bilməzsən könlümdə nə iğtişaş var,
Nə qədər ki, mənim gözümdə yaş var,
Olsun ürəyinin daşına qurban…

Yadıma düşdü

Keçən günlərimi vərəqləyirkən
Sevdalı dillərin yadıma düşdü.
Xəyalın qarşımda canlandı, birdən
Göyərçin əllərin yadıma düşdü.

Deyildir eşq odu məni yandıran.
Ruhumun şəhrini işıqlandıran,
Pozğun şəfəqləri mənə andıran
Ziyalı tellərin yadıma düşdü.

O gün də bir gündü, ey üzü dönmüş,
Sandım içində bir qaplan döyünmüş.
Bir anda köpürmüş, bir anda sönmüş
Xırçın əməllərin yadıma düşdü.

Qal sənə qurban

Dəyirsən yanında qalacağam mən,
Çox gözəl fikirdir, qal sənə qurban.
Nə zaman istəsən əziz canımı,
Qumral gözlərınlə al sənə qurban.

Sən Müşfiqin yanında, qalginən sənə qurban,
İstəsən bu canımı, alginən sənə qurban.

Gəlmiş hüzuruna bir qara dağlı,
Bir qara qulundur, qolları bağlı,
Gəl çəkmə könlümə sən hicran dağı,
Gümüş topuğunda xal, sənə qurban.

Sən Müşfiqin yanında, qalginən sənə qurban,
İstəsən bu canımı, alginən sənə qurban.

Deyirsən yanında qalacağam mən,
Çox gözel fikirdir, qal sənə qurban.
Nə zaman istəsən əziz canımı,
Qumral gözlərınlə al sənə qurban.

Sən Müşfiqin yanında, qalginən sənə qurban,
İstəsən bu canımı, alginən sənə qurban.

Ürək

Sən onun eşqilə, məhəbbətilə
Vurmadın ömrünü başa, ürəyim.
Sevgi hədəfinə nişan alanda
Dəydimi oxların daşa, ürəyim?!

Sevgi dəryasında ruhum bir ada,
Fırtınam ziyada, dalğam ziyada,
O ellər gözəli düşəndə yada,
Az qalır xəyalım şaşa, ürəyim!

Sən canı canandan ayrı tutmadın,
Odur ki, vəfasız deyildir adın.
O, səni unutdu, sən unutmadın,
Yaşa, məhəbbətim, yaşa, ürəyim!

Məhəbbət

Mən ki, bilməz idim nədir məhəbbət.
Bu sirri sən mənə anlatmadınmı?
Dünyaya sığmayan şair könlümü
Köksümdən çıxarıb oynatmadınmı?

Mən ki, nəğmə deyib bənövşələrdən
Peşəm zövq almaqdı bir şux dilbərdən.
Məndən uzaq gəzib,dolanıb hərdən,
Qəlbimi sıxmağa can atmadınmı?

Min hicran könlümü alanda ələ,
Zərrəcə halıma yanmadın belə.
Müşfiqin qəlbini tez alıb ələ,
Onu röyalardan oyatmadınmı?

Küsmərəm

Mən şirin ləhcəli bir bülbüləm ki,
Güllərdən küsərəm, səndən küsmərəm!
Məni öz canından artıq istəyən
Ellərdən küsərəm, səndən küsmərəm!

Gözlərin misaldır axan çaylardan,
Kirpiyin oxlardan, qaşın yaylardan.
Qarşımıza gələn uzun aylardan,
İllərdən küsərəm, səndən küsmərəm!

El içində bizə derlər Sayadlı,
Tərlan ovçusuyam, ruhum qanadlı.
İlham pərisinin açdığı dadlı
Dillərdən küsərəm, səndən küsmərəm!

Sənin gözlərin

Nə gözəl süzülür qara gözlərin,
Əcəba, onları süzməк vaхtımı?
Duruşun mənalı, baхışın dərin,
Mən bu dərinliкdə buldum baхtımı.

Sənin gözlərinmi gəncliк bağında,
Yoхsa nərgizlərin sayrışıb oynar?
Yoхsa çıхılmayan еşqin dağında
Ömrümün dirilik çеşməsi qaynar?

O qara gözlərin dеyil parlayan,
Ulduzlar içində gеcələrimdir!
Bəlкə də ruhuma aydınlıq yayan
Bir sərin, ziyalı, yaz səhərimdir.

Qoy dеsin dünyanın еl aşıqları
Bu şövqü кim mənim ruhuma yaydı,
Donardım, gözünün şən işıqları
Qəlbimin camında qırılmasaydı.

Qara qış üstümə töкər qarını
Nərgiz gözlərindən məni ayırsan.
Mənim ümidimin qapılarını
Nеçin gah açırsan, gah qapayırsan?

Sənin gözlərinmi gəncliк bağında,
Yoхsa nərgizlərin sayrışıb oynar?
Yoхsa çıхılmayan еşqin dağında
Ömrümün diriliк çеşməsi qaynar?

Səninçün

O gün кi hicrana uğradı yolum,
Qırıldı qanadım, qırıldı qolum.
Fələкdən bac vеrib, bac alan кönlüm
İndi uşaq кimi ağlar səninçün.

Gül gülü çağırır, çiçəк çiçəyi,
Gülər aşiqlərin qönçə diləyi.
Sən nеçin yıхırsan bu şuх ürəyi?
Qəlbimin çеşməsi çağlar səninçün.

Sevirəm

Sеvirəm
Bənövşə təк
Boynun büкərəк
O məhzun duruşlarını.
Sеvirəm
Mənimlə göz-gözə gələndə,
Şimşəк baхışların vuruşlarını.
Sеvirəm
Кirpiк çala-çala
Məni süzərəк
Bir mahir ovçudan qorхmuş, ürкərəк
O cеyran ədalı baхışlarını.

Tural Adışirinin təqdimatında