Ev Bədii Eşqin nə boydasa, osan – Ehtiram İlhamdan yeni şeirlər

Eşqin nə boydasa, osan – Ehtiram İlhamdan yeni şeirlər

652

***
Gəlib bu yaşa da çatdım,
Nə ağır yaşdı, İlahi.
Şükür verdiyinə…dərdlərin
Başımdan aşdı, İlahi.

Vardım soluna, sağına,
Uydum şirin nağılına.
Çıxammadım axırına –
Yarıdan qaçdım, İlahi.

Haqq axtardım, doğru gəzdim,
Dözdüm, hər ağrına dözdüm.
Bə mən də adamam… bezdim,
Yolumu çaşdım, İlahi.

Baxdım, könüllərə baxdım,
Yaxdım, bir könülü yaxdım.
…Ehtiramda ilham yoxdu –
Nə varsa, boşdu, İlahi.
22.1.22

 

***
“Mən səni deyib gəlmişdim,”
Sən kimi deyib gedirsən.
Mən bir haqqın yolundayam,
Sən nəyi öyüb gedirsən.

Hər şey nə ağdır, nə qara,
Nə hamı sərsəm, avara…
Bu Vətən hara, sən hara?
Haranı söyüb gedirsən.

Ruhumuzun içindəki
Tək bu məmləkətdi…de ki!
Belə sınmayaydın təki –
Sən haram yeyib gedirsən.

Canım dostum, gözüm qardaş,
Bu günə düşməyəydin kaş.
Gah bərkdən, gahdan da yavaş
Xətrimə dəyib gedirsən.

Bu öz seçimin, o da sən,
Bay olmaynan heç özündən.
Mən heç… sən özünə düşmən –
Özünə qıyıb gedirsən.
01.01.22

 

***
Eşqin nə boydasa, osan,
Hərdən odsan, hərdən susan.
Ruhtək bir könüldə susan –
İtən, bal kimi, bal kimi.

Dərdini halından bilən,
Ağrını gözündən görən,
Nə xoş yoluna hər gələn,
Gedən, bal kimi, bal kimi.

Millət uca, torpaq ulu,
Günü günün, ili ilin.
Ehtiramın son mənzili –
Vətən, bal kimi, bal kimi.
22.12.21

Tural Adışirinin təqdimatında