Ev İctimai Komitə sədri görkəmli rumın şairəsi ilə görüşüb

Komitə sədri görkəmli rumın şairəsi ilə görüşüb

191

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa
görkəmli rumın şairi və ictimai xadimi Ana Blandiana ilə görüşüb. Mədəniyyət Komitəsində baş tutan görüşdə Rumıniyanın Azərbaycandakı
Fövqəladə və səlahiyyətli səfiri Vasile Soaren, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, şair-tərcüməçi Səlim Babullaoğlu və AYB üzvü, tərcüməçi Jalə İsmayıl iştirak edib.
Azərbaycan-Rumıniya mədəni əlaqələri və mental yaxınlıqlarımızın, ümumən qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunduğu görüşdə, ədəbiyyat, sənət mövzusunda ətraflı fikir mübadiləsi aparılıb.
Belə görüşlərin ədəbiyyatımızın, ümumən mədəniyyətimizin təbliği üçün faydalı olacağını vurğulanıb.

Ana Blandiana “İndi mən sənə ibadət edirəm” şeir kitabını Komitə sədri üçün imzalayıb.
Fazil Mustafa rumın qonağa xarıbülbül işləməli hədiyyə bağışlayıb və öz kitabını imzalayıb.

***
Məlumat üçün Ana Blandianianın özkeçmişini oxucularla bölüşürük:

Ana Blandiana
(rum. Otilia Valeria Rusan, doğ. Coman) – dünyaşöhrətli rumın şairəsi, yazıçı, ictimai xadim, insan haqları müdafiəçisidir.
O, 1942-ci il martın 25-də Rumıniyanın Timişoara şəhərində anadan olub. Din xadimi olsn atası George Koman (Gheorghe Coman) 1940-cı illərdə kommunist rejimi tərəfindən repressiyaya məruz qalıb, dəfələrlə həbsxanaya salınıb, “xalq düşməni” kimi damğalanıb. 1964-cü ildə sonuncu həbsdən azad olunandan bir neçə gün sonra evdə baş vermiş bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Ana Blandiananın əsərləri kommunist diktator Nikolae Çauşesku (Nicolae Ceauşescu) rejimi tərəfindən dəfələrlə qadağan edilib, özü və yaxınları təqib olunub. “Birinci şəxsin cəmində” (1964), “Üçüncü sirr” (1969), “50 şeir” (1970), “Oktyabr, noyabr, dekabr” (1972), “İşıldaquş gözləri” (1981), “Qum saatı” (1984), “Şikar ulduzu” (1986), “Ölümdən sonrakı səhər” (1996), “Günəşdən sonra”, (2000), “Mənim vətənim” (2010), “Məlum mövzuda variasiyalar” (2018) və başqa şeir kitablarının, “Güzgülü dəhlizlər” (1983), “Olmaq və görünmək” (2005), “Ədəbiyyat qorxusu” (2006), “İlin fəsilləri” (1977, 2001), “Keçmiş layihələr” (1982), “Qorxunun təqlidi” (1995), “Fantastik hadisələr” (2016) kimi esse və hekayə kitablarının müəllifidir.
Rumın dilində onun 28 kitabı nəşr edilib. Əsərləri 30-dan artıq dilə çevrilib, fərqli dillərdə 60 kitabı çap olunub. Ana Blandiana dünyanın ən məşhur ədəbiyyat və poeziya festivallarının daimi iştirakçısıdır. Onun əsərləri qardaş ölkələr Türkiyə və Macarıstanda, habelə ABŞ, Birləşmiş Krallıq, Almaniya, İtaliya, İspaniya, Belçika, Avstriya, Çin, Yaponiya, İsrail, Albaniya, Fransa, Hollandiya, Polşa, Bolqarıstan, Çex Respublikası, Slovakiya, Braziliya, Kuba, Suriya, Yunanıstan və b. ölkələrdə nəşr olunan nüfuzlu ədəbi dərgilərdə, antologiyalarda yer alıb.
Yaradıcılığı boyu Rumıniya Yazıçılar İttifaqının “Poeziya” (1969), Rumıniya Akademiyasının “Poeziya” (1970), Buxarest Yazıçılar Assosiasiyasının “Proza” (1982), Avstriyanın beynəlxalq “Qotfrid fon Herder” (1982), Rumıniyanın “Milli Şeir Mükafatı” (1997), “Opera Omnia” (2001), Sloveniyanın beynəlxalq “Vilenitsa” (2002), Polşanın beynəlxalq “Avropa Azadlıq Şairi” (2016), Kanadanın “Qriffin (2018), Quzey Makedoniya Struqa Poeziya Festivalının “Qızıl Çələng” (2019) mükafatlarına layiq görülüb.
“Yüksək ədəbi uğurlarına və milli mədəniyyətin inkişafındakı töhfələrinə görə” Rumıniyanın “Böyük xaç” ordeni (2000), Fransanın “Fəxri Legion Ordeni” (2009) ilə təltif olunub.
Ana xanım Babeş-Bolyay Universitetinin (Rumıniya), Salamanka Universitetinin (İspaniya) və İ.L.Karacale Milli Teatr və Kinematoqrafiya Universitetinin (Rumıniya) fəxri doktoru, Rumıniya Akademiyasının müxbir üzvüdür.
1990-cı ildə Rumıniya PEN Mərkəzini yaradan Ana Blandiana, hazırda bu qurumun fəxri başqanıdır.
O, Avropa Poeziya Akademiyasının, “Stefan Mallarme” Poeziya Akademiyasının və UNESCO Dünya Şeir Akademiyasının üzvüdür.
1993-cü ildə Ana Blandiana həyat yoldaşı, yazıçı Romulus Rusanla birlikdə Sigetu Marmatsia şəhərində yerləşən, öncələr siyasi həbsxana kimi tanınan yerdə “Kommunizm Qurbanları və Müqavimət Memorialı”nı yaradıb. Onlar, həmçinin, Rumıniyada vətəndaş cəmiyyətinin formalaşmasında xüsusi rol oynamış Vətəndaş Alyansının da qurucularıdır. (Romulus Rusan 2016-cı ildə Buxarestdə vəfat edib).