Ev Bədii Yaddaşımın alt qatında mina kimi xatirələr…

Yaddaşımın alt qatında mina kimi xatirələr…

1205

Gücündə türkün qanı var

Qarı dünya, aç gözünü,
ovcunda TÜRKÜN qanı var.
Qan qurudan oxların da
ucunda
TÜRKÜN qanı var.

Qılınclar diksinir qında,
qan iyinə sınır qın da,
bütün dünyanın taxtında,
tacında
TÜRKÜN qanı var.

Bəsdi,
dondan dona girmə,
ağlını şeytana vermə,
gücünü mənə göstərmə,-
Gücündə
TÜRKÜN qanı var!..

Ürəyimin ağrısını

Bir həkim, münəccim bilməz,
Qaraçıya açım bilməz,
Yaxın, uzaq – heç kim bilməz
Ürəyimin ağrısını.

Hansı qara daşa çırpım,
Taca çırpım, başa çırpım?
Üzü qarlı qışa çırpım
Ürəyimin ağrısını?

Yollar ömürdən uzundu,
Bəxt-tale tanrı yazandı.
Mən elə bunu qazandım –
Ürəyimin ağrısını.

Coşub-daşsa da arazlar,
Dərdə toy tutan bu azlar
Qapılardan buraxmazlar
Ürəyimin ağrısını.

Atın torpağın çatına,
Yer kürəsinin altına.
Yazın bu yurdun adına
Ürəyimin ağrısını.

Sözü gülləyə çevirdim,
Həm vuruldum, həm sevildim.
Üzü qibləyə çevirdim
Ürəyimin ağrısını.

Yoxumsa da dinar-dirhəm,
Yenə də həmən Sabirəm.
Mən girov qoyub gedirəm
Ürəyimin ağrısını…

 

***
Çıxıram hamının borcundan bir-bir,
Çıxıram Allahın borcundan belə.
Çıxıram torpağın, daşın borcundan,
Bu canı, bədəni qaytarmaq ilə.

Başıma min oyun açan dünyanın,
Heç başım çıxmadı bu zərlərindən.
Çıxıram saralan ağ-qara şəklin
Ovcumu yandıran qız əllərindən.

Mən səni nə təhər sevdim, bilirsən?-
Yadına düşəndə səksənir Allah.
Çıxıram ömrümdən hamını bir-bir,
Tək səni çıxmıram, tək Səni, Allah.

 

***
Yaddaşımın alt qatında
mina kimi xatirələr.
Bundan sonra yaşasaq da,
buna kimi
xatirələr…

Bu dərd,
sevgi qucaq-qucaq,
de, hansından hara qaçaq?!
5,45 kimi qovacaq
sona kimi xatirələr.

Ömrün içi də soyuqdu,
çölündə əcəl duyuqdu.
Ondan sonra heç nə yoxdu.
ona kimi…
xatirələr!

 

***
Nə əlimdə daş-kəsək,
nə hürən o itlər var.
Nə arx boyunca keçən
sınıq-salxaq qatarlar.

Yenə bir səs-səmir yox,
yenə sakitçilikdi.
Üstündən illər keçən
ömrüm çilik-çilikdi.

Qapım-bacam bağlıdı,
köhnə divar yerində.
Bəlkə çıxıb gələsən
batan günün birində?..

Heç kim düşmür yadıma,-
axı, yenə niyə SƏN?!
Qapımı aç, soyuğdu-
qəlbim sınıb deyəsən…

 

***
Əllərinin beş addımlıq
həsrətində itir günlər.
Hələ ki sənsiz ömrümü
əlçim-əlçim didir günlər.

Ovcumun içi göynəyir-
saçlarına dənmi düşüb?!
Yoxsa əlimin izinə
yenə darağın ilişib?

Bu şəhərdə aramızdan
keçilməyən küçə keçir.
Mən tərəfdə yaz, qış birdi,
oralarda necə keçir.

Dəniz hansı rəngdə olur,
İydələr çiçəkləyəndə?
Dərdini kimə deyirsən
ulduzlar gözün döyəndə?

Kölgənə soyuq olmur ki,
taleyinə gün düşübmü?
Barmaqlarım sızıldayır-
saçlarına dən düşübmü?!

 

***
Kəsilə-kəsilə qalır
adam
öz imtahanından.
Bəxtin-taleyin təkbətək,
üzbəüz imtahanından.
…Hardan kəsilsən də qorxma,
axır keçərsən ölümün
kəfən-bez imtahanından…

 

***
Qorumağa nəyi var ki!-
olanı Vətəndi…
Kasıbın gedəni şəhid,
qalanı Vətəndi…

Bitmir “niyə”si, “necə”si,
bir candı- hər an keçəsi.
Qara günün dar küçəsi,
dalanı Vətəndi…

Ayağı altda səltənət,
çiyni üstdə ac məmləkət.
Ora yasaq, bura qürbət,
qalanı Vətəndi…

Köhnə kişiyəm

Sən mənə çox fikir vermə,
bir az könəlmiş kişiyəm.
Ağlına gəlməyən belə
dərdlə yüklənmiş kişiyəm.

Hər şey köhnəlmiş bayatı,
ümid cücərir, boy atmır.
Hər hava könlümə yatmır,
sözə köklənmiş kişiyəm.

Bir günüm bir ömrə yetər,
bu ömür də bir gün bitər.
Dünyada Allahdan betər
təkəm, təklənmiş kişiyəm…

Qara zolaq

Dualarım yan keçir,
məni hər qarğış tutur.
Hər dediyim baş tutmur,
hər atılan daş tutur.

Hər tələyə düşürəm,
tilov atsam boş gəlir.
Harda axmaq dərd varsa,
qaçıb mənə tuş gəlir.

Yollar hörümçək toru –
ilişib ayaqlarım.
Arzular göynən gedir,
ümidlər ayaqyalın.

Hansı tərəfə getsəm,
yel tutur, yağış tutur.
Dualarım yan keçir,
məni hər qarğış tutur.

Dünya ilə heç-heçəyəm

Məni yaxınlar öldürür,
qırağa ehtiyac yoxdu.
Biri də sənsən, ay zalım
yarağa ehtiyac yoxdu.

Heç bilirsənmi necəyəm?-
Dünya ilə heç-heçəyəm.
Ovcu günəşli gecəyəm,-
çırağa ehtiyac yoxdu.

Bu qara günlünü ağa
büküb verərlər torpağa.
Ölüdən xəbər tutmağa,
sorağa ehtiyac yoxdu.

 

***
Deyirsən ürəyim yoxdu,
bə burda göynüyən nədi?
Adam kimi yaşamağa,
ölməyə qoymayan nədi?

Ürəyimin tutduğu sən,
ürəyim tutub həb gətir.
Ürəyimin dərisini
soymağa gəl,
Hələb gətir.

Ürəyin yoxdu deyirsən,
bə bu saralan yarpağı,
oxşayıb ağrıyan kimdi?
Yol qırağındakı daşa
boylanıb ağlayan kimdi?!

Ömrüm- ürəyimin şəkli,
sevgi- tuşlanan bir oxmuş.
Deyirsən ürəyim yoxdu…
Deyəsən ürəyim yoxmuş!..

 

***
Ömrüm boyu yer elədim könlümə,
Külək vuran, yağış tutan yerləri.
Neynəsəm də uçuq qaldı, çat qaldı
Taleyimin qarğış tutan yerləri.

Ətəyində arzu, ümid bitirdik…
O dağları hardan hara gətirdik.
Ovuc-ovuc, qarış-qarış itirdik,
Boyumuza qamış tutan yerləri.

Son nəfəsim-
dimdiyimdə dən, qaldı,
Sinəm dağ-dağ,
bulud-bulud,
çən qaldı.
Kürəyimə dəyən daşdan rəng aldı,
Ürəyimin naxış tutan yerləri…

Yada düşdü,
yadın oldu, qız, nələr!..
Açıb desəm, dağ kişnəyər, düz mələr.
Dodağımın ürək sözün gizlədər,
Yanağının qırış tutan yerləri…

 

***
Bağışla, gülüm, sənsiz də
axşam olur, səhər olur.
Sənsiz yaşamaq budursa,
bəs ölüm nə təhər olur?!

Sənsiz dalğalanır dəniz,
sənsiz də küləklər əsir.
Bu küləkdə sənsizliyə
dözməyə ürək nə gəzir.

Səni gəzən fikirlərim
döngələrdə çaşıb qalır.
Gecələr bir mən oluram,
bir də küçə işıqları.

Nə varsa dəyişir dadı,
bu dünya birtəhər olur.
Bağışla, gülüm, sənsiz də
axşam olur, səhər olur.

 

***
Canımız bir xoş xəbərə,
sorağa çıxıb ağlayır.
Bədən adlı dar qəfəsdən
qırağa çıxıb ağlayır.

Qarışıb yalanım, düzüm
karıxıb özümdə özüm.
Qəhərdən boğulan sözüm
varağa çıxıb ağlayır.

Sualdı “ölüm-qalım”ız,
pisdən yaxşıdı halımız.
Arada batan qanımız
BAYRAĞa çıxıb ağlayır.

Tural Adışirinin təqdimatında