Ev Bədii Dünya sənin, dünya mənim, dünya heç kimin.. – Şeirlər

Dünya sənin, dünya mənim, dünya heç kimin.. – Şeirlər

4490

Məmməd Araz
Xalq şairi

Dünya sənin, dünya mənim…

Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…

Çevrəsindən çıxsa əgər sevda fırfıran,
Bir ümidin ətəyindən tutub da fırlan,
Eşidirsən: pıçıldayır yıxılan, duran,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…

Bu get-gəllər bazarma dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya.
Əbədiyə qoh-qəh çəkər əbədi dünya,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…

Ayaq saxla, dövrənə bax ötəri belə,
Min illərdir Araz belə, Həkəri belə.
Axşamların, səhərlərin təkəri belə,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…

Gülünclərə gülünc gələn bu ada güldüm,
Yüyəninə hər əl yelən bu ata güldüm,
Mən özümlə oynadığım şahmata güldüm…
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…

Salamat qal

Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.
Dalımca su səpir yoxsa buludlar? –
Leysan, salamat qal, yağ, salamat qal!

Qıy vuran qartallar yox oldu çəndə,
Nərgizlər saraldı şehli çəməndə.
Ey qaragöz pəri, dalımca sən də
Boylan, salamat qal, bax, salamat qal!

Gəldim, qarşıladı güllər-çiçəklər,
Gedirəm, əl edir boz biçənəklər.
Nidamı çaylara dedi küləklər:
Bulan, salamat qal, ax – salamat qal!

Dağların pələngi, şiri də sənsən,
Şairi də sənsən, şeiri də sənsən.
Varı, bərəkəti, xeyri də sənsən –
Çoban, salamat qal, sağ-salamat qal!

Yaşayır

Ana yurdum, hər daşına üz qoyum,
Hər dərəndə çaldığım saz yaşayır.
Kimi sənin çiynində,
sən kiminin…
Şöhrətini yaşadan az yaşayır.

Bu gileydən qəlbim yaman xallanır;
“Çox ünvanda qaçaq tərif yallanır”.
Bir ağılın budağından sallanıb,
Neçə-neçə ağlı dayaz yaşayır.

Gülüm, bir də görüşünə yubansam,
Adımı tut, harda dağlar dumansa.
Gözünü sıx,
Hansı daşda su yansa,
O daş altda Məmməd Araz yaşayır.

Qızlar

Eşqiniz olmasın çürük sap kimi,
Əllərdə gəzməyin bir kitab kimi.
Kimisə məst edən al şərab kimi
Axıb hər badəyə dolmayın, qızlar!

Oynar qəhqəhəniz şimşəklər kimi,
Ünvansız olmayın küləklər kimi.
Qar altından çıxan çiçəklər kimi
Vədəsiz göyərib solmayın, qızlar!

Siz bir qayıqsınız, tale dənizdir:
O bəzən bulanıq, bəzən təmizdir.
Tale ağlınızdır, düşüncənizdir,
Taleyin qayığı olmayın, qızlar!

Mən belə dünyanın nəyindən küsüm?

Söz verdim, söz adlı dəfinə verə,
Tək bircə ölümsüz qərinə verə.
Umdum nə verdi ki, küsdüm nə verə?
Mən belə dünyanın nəyindən küsüm?

İtirib özündə özünü dünya,
Toyların, yasların özülü dünya…
Əlim ətəyindən üzülü dünya…
Mən belə dünyanın nəyindən küsüm?

Ömrünə vay salar, vaydan utanmaz,
Saç yolub-hay salar,
Haydan utanmaz,
Günəşdən utanmaz, Aydan utanmaz,
Mən belə dünyanın nəyindən küsüm?

Çaydı dəhnəsində xırsız əjdaha,
Gecəsi salamat çıxmaz sabaha.
İti bazarında atından baha,
Mən belə dünyanın nəyindən küsüm?

Dağ olsan, istəsə qolunda saxlar,
Büküb bir hörümçək torunda saxlar,
Yüz illik odunu qorunda saxlar,
Mən belə dünyanın nəyindən küsüm?

Bir gözü işıqdı,
Bir gözü buzdu,
Məkrli qadındı, gülçöhrə qızdı,
Həlimdi, kövrəkdi, sərtdi, quduzdu…
Mən belə dünyanın nəyindən küsüm?

Ayağı altına yastıq qoyanlar,
Başının altına qumbara qoydu!
Nadanlar dünyanı qumara qoydu!
Mən belə dünyanın nəyindən küsüm?

Olsan öz haqqının köləsi belə,
Əri öz içində, öləzi belə,
Ondan inciyənin beləsi belə…
Mən belə dünyanın nəyindən küsüm?

Yaşadım

Öz ömrümü şum elədi öz əlim,
Yazında gül, payızında xəzəlim.
Gündoğandan günbatana mənzilim…
Bu da belə bir ömürdü, yaşadım.

Zarımağa ömür deyib ağlama,
Hər ölümə ölüm deyib ağlama,
Tale döyüb, haqlı döyüb, ağlama,
Bu da belə bir ömürdü, yaşadım.

Oğlun yoxdu – sonun yoxdu, dedilər,
Sağın yoxdu, solun yoxdu, dedilər,
Odun boyda suyun yoxdu, dedilər,
Bu da belə bir ömürdü, yaşadım.

Gah özümü özüm qovdum, yoruldum,
Öz diqtəmin buyruğuna qul oldum.
Vətən göyü göylüyündə duruldum,
Bu da belə bir ömürdü, yaşadım.

Zirvədəki əl çatmayan qala mən.
Ətəkdəki sinə – cığır tala mən.
Xudafərin harayından qalan mən…
Bu da belə bir ömürdü, yaşadım.

Ocaq oldum, ocaq daşı olmadım,
Hər çalaya axan naşı olmadım,
Arazımla yol yoldaşı olmadım,
Bu da belə bir ömürdü, yaşadım.

Unut məni

Dilim dinməz, kirpıklərim səs elər,
Necə xoşdu – ürəyimi kəs elə…
Qalan ömrə yarım ürək bəs elər,
Unut məni, aldat məni, at məni.

Enişi qar, yoxuşu qar bu yolun,
Yad nəfəsdən buz qayası su olu…
Yalan yolu beş addımlıq su yolu,
Aldat məni, unut məni, at məni.

Sən ömrünün atəşində yananda,
Kölgəndən də gərəksizdim yanında.
Qiymətli bir itik saxla yadında,
Unut məni, aldat məni, at məni.

Gözdən gözə körpü salmaq nər işdi,
Baxışların meylini tez dəyişdi.
Təzə addım özü təzə döyüşdü,
Aldat məni, unut məni, at məni.

Bu sevdadan nə yetirdik, nə üzdük?!
Dalğasına nə qərq olduq, nə üzdük.
Axır səni düzdə qoydu bu düzlük…
Unut məni, aldat məni, at məni.

Dünya düzəlmir

Böyük Mirzə Cəlilə

Ömür də tükənir, söz də tükənir,
Başımın altından yastıq da qaçır.
Əllərdir uçuran, əllər tikəni,
Çölümdən yaz qaçır, yazlıq da qaçır,
Dünya düzəlmir ki, düzəlmir, baba!

Kimdənsə tez durub kimin uşağı
İtinə daş atıb beş yüz il qabaq.
Kimin dəyirmanı, kimdən aşağı…
Bunları yerində kim oturdacaq?!
Dünya düzəlmir ki, düzəlmir, baba!

Tərəfsiz tərəfdə düz oğlu düzlər!
Tərəfgir tərəfdə silah, qan-qada!
Çayını itirən mavi dənizlər
Çırpınıb, boğulur göz qabağında.
Dünya düzəlmir ki, düzəlmir, baba!

Kiminsə dünəni qəbirsiz qalıb,
Kotançı babası dəmirsiz qalıb,
Körükçü atası kömürsüz qalıb,
Xəmrəsi, urvası xəmirsiz qalıb
Dünya düzəlmir ki, düzəlmir, baba!

Mən təkdim, cüt oldum: təkləndim yenə,
Özüm yük çəkərəm,
Özüm də yükəm!
Baxsam “döz” deyənə, “döz” deyilənə
Ağzımdan qapılar öz halal tikəm,
Dünya düzəlmir ki, düzəlmir, baba!

Gedir yal davası, sümük davası,
Gedir vurhavurla çəpik davası,
Gedir milyonçunun qəpik davası,
Çürük fikirlərin çürük davası…
Dünya düzəlmir ki, düzəlmir, baba!

“Mənəm” deyənlərin məni görünmür,
Əli tətikdələr, özü hədəfdə,
Azmış ağılların çəni görünmür,
İtmiş, itirilmiş başlar kələfdə!
Dünya düzəlmir ki, düzəlmir, baba!

Hələ bu dünyanın qeylü-qalı çox,
Bilməm zəhəri çox, yoxsa balı çox.
Ços verdim özümə bu sualı çox,
Ərzin nadanından ağsaqqalı çox!
Bəs niyə bu dünya düzəlmir, baba!

Vəsiyyət

Qara cilddə çap eləyin kitabımı
Məndən sonra.
Qara cilddə.
Tünd qara.
Qoy qara kağızım olsun
O kitab dostlara, tanışlara.
Mən o rəngi sevərdim;
Boynu bükülü dərdim,
Pardaxlı sevincim
O rəngdə geyinərdi
Mən o rəngi sevərdim.
O rəngdəydi varaqlarda
Fikrimin yazı geyimi…
O rəngə hörmətimdir,
Şəvəgözlülər, qarabuğdayılar.
O rəngli kirpiklərin kölgəsində
Əksim yaşardı.
O rəngin bir ev dolusunda
Vəslim yaşardı.
O rəngin ən durusu,
Safıdır
Məni oxşayan ağılar.
Qızlarımın gözündə
O rəngin özü ağlar.
Qara cilddə çap eləyin kitabımı,
Məndən sonra
Tünd qara.
Fəqət soy – adımı
Süd rəngiylə həkk edin ora.
Daha nə deyim,
Qoy mən
Qara torpaq üstündə
Üfüqə doğru gedən
Ağ yola bənzəyim.

Müharibə olmasa

Əridib silahları
Biz marten sobasında,
Körpü yarada billik
Yerlə Mars arasında, —
Müharibə olmasa!

Yer min illik barını
Bircə gündə yetirər,
Alim ayı, ulduzu
Dartıb yerə gətirər, —
Müharibə olmasa!

General gözündə də
Bu hissi duyur adam:
“Tullayıb çinlərimi
Bir kənddə sədr olaram, —
Müharibə olmasa!”

Bəşərin qapısından
Vaxtsız ölüm gen düşər,
İnsanın saçlarına
Yüz yaşında dən düşər, —
Müharibə olmasa!

Sevənlər aləmində
Nə qəm, nə həsrət olar,
Bəşərin gülləsi — söz,
Sözü — məhəbbət olar —
Müharibə olmasa!

Tural Adışirinin təqdimatında