Ev Bədii Gözləri yoluna dikilən mənəm – Şeirlər

Gözləri yoluna dikilən mənəm – Şeirlər

149

Eldar Nəsibli SİBİREL – 70

Bura Qazaxdır, oğlum!

Gözünü aç bu elə, bu obaya yaxşı bax!
Damcılısında durul, Dəli Kürə qarış, ax!
Ərlər, ərənlər yurdu olub bu ulu torpaq!
Hər kaha, hər mağara sirli Azıxdır, oğlum,
Bura Qazaxdır, oğlum!

Burda “Kür qırağının əcəbdir seyrangahı” ,
Sahilində mat qoyub müdriklər Nadir şahı.
Əlağa Şıxlınski-dünyanın top allahı
Düşmənin başı üstə şimşək tək çaxdı, oğlum,
Bura Qazaxdır, oğlum!

Burdan qalxıb zirvəyə Vaqifin arzuları,
Vidadinin yanğısı dağda əridib qarı.
Osman Sarıvəllinin bənövşə misraları
Günəşdən nur içibdir burda yaz vaxtı, oğlum,
Bura Qazaxdır, oğlum!

İldırımlar Mehdinin kəsərinə oxşayır,
Burda Səməd Vurğunun ölməz ruhu yaşayır.
Misraları zülmətə gün işığı daşıyır,
Lalə tək çəmənlərdə ocaq-ocaqdır, oğlum,
Bura Qazaxdır, oğlum!

Qalxıb Avey dağından boylan Qarayazıya,
Bir ağ şırım çəkilər o dəm qara yazıya.
Bircə anda sinəsinə yağan qar ayazıyar,
Elə ki, köynəyindən telli saz çıxdı, oğlum,
Bura Qazaxdır, oğlum!

Əyil torpağından öp ata yurdun Şıxlının,
Arzusu müqəddəsin, ürəyi işıqlının.
Əsrin vüqar heykəli, bax, İsmayıl Şıxlının
Mərdlik üstə qurulub kişilik taxtı, oğlum,
Bura Qazaxdır, oğlum!

İgidlərin köksüylə qorunur bənd, bərəsi,
Koroğlunu andırır hər oğlunun nərəsi.
Düşmənlərə məzardır qədim İncə dərəsi,
Dostlarınsa yolunda bir şam çıraqdır, oğlum,
Bura Qazaxdır, oğlum!

Əksipara dağları dağ oldu sinəsində,
Ancaq qaçqın düşmədi əsrin kəshəkəsində.
Şəhidlərə yas tutdu bülbüllərin səsində,
Zamanın qarşısında bil, üzü ağdır, oğlum,
Bura Qazaxdır, oğlum!

Bu ağ saçlı tarixin yaşdaşıdır Göyəzən,
Bu dağlar dünyasının qaş-daşıdır Göyəzən,
Şəhid məzarlarına başdaşıdır Göyəzən,
Bu torpağı duymayan kordur, yazıqdır, oğlum,
Bura Qazaxdır, oğlum!

Bu yurdu qarış-qarış yaxşı gəz, yaxşı tanı,
Torpaq üstə gəzəni, torpaq altda yatanı.
Bu torpaq ürək verdi, şair etdi atanı,
Gülümsədi üzünə ömrün yaz baxtı, oğlum,
Bura Qazaxdır, oğlum!
Bura Qazaxdır, oğlum!

Mən köhnə kişiyəm

Mən köhnə kişiyəm, bala,
Nuh adlı sirdən gəlmişəm.
Hara türk ayağı dəyib,
Mən həmin yerdən gəlmişəm.

Bir az şaman duasıyam,
Bir az günəş şüasıyam,
Gələn əsrin havasıyam,
Ötən əsrdən gəlmişəm.

Dodağımda türkü, şərqi,
Dolanmışam qərbi, şərqi.
Ya cüt, ya tək, eh… nə fərqi
Hansı səbrdən gəlmişəm.

Bu dağlar tərs, avand yerim.
Qayalar sapand yerim.
Hər şəhid qəbri –and yerim…
Gör neçə pirdən gəlmişəm?!

“37” ağrım, acım.
Bu taledən hara qaçım?!
Qalmayıb özgə əlacım,
Adsız qəbirdən gəlmişəm.

Təbrizim arzum, murazım.
Taleyimdə qara yazım
Bir az səbr et, xan Arazım,
Mən dəli Kürdən gəlmişəm.

Sibirel, sənə yaxınam.
Gözündən qaçan yuxunam,
Sürgündə qalan ruhunam,
Qarlı Sibirdən gəlmişəm.

Nə bilsin

Bu dünyada dərd bilməzlər
Nə bilsin dərdimi mənim.
Biri gedir, biri gəlir,
Dərdlərim birdimi mənim.

Dağlarımdan qarım qaçqın,
Bağlarımdan barım qaçqın,
Yarım köçkün, yarım qaçqın –
Bu dərdim sirdimi mənim.

Qovğadan açılmır başım,
Haqq sayılmır haqq savaşım.
İndi suvarır göz yaşım
Ləkimi, kərdimi mənim.

Salma dünəni yadıma,
Getdi zamanın badına.
Bu gün qaçqın fəryadıma
Dünya hay verdimi mənim?

Sibirel, mağılsa dünya,
Nağıl de, nağılsa dünya.
Yenəmməz, dağılsa dünya,
Namərdlər mərdimi mənim.

Min il gəzsələr də…

Vallah, səni bir də sevə bilərəm,
Sənə də sirr olar bu “qəbahətim”
Bütün sərhədləri yarıb gələrəm,
Demə ki, qalmayıb buna taqətim.

Sənin məhəbbətin yağar dünyaya,
Həsrətlər, möhnətlər qırğına düşər.
Günəş pəncərəndən doğar dünyaya,
Hissim də, ruhum da yanğına düşər.

Gecə pəncərənə mələklər qonar,
Qaranlıq ağarar ay işığında.
Heyrətdən göylərdə fələklər donar,
Qolları açılar sarmaşığın da.

Bu qəfil sevincdən buludlar dolar,
Qərib durnalar da köçündən keçər.
Səni evinizə aparan yollar,
Gəlib gözlərimin içindən keçər.

Qovaram dünyadan kədəri, qəmi,
Çəkilər dağlardan dumanlar, sislər.
Elə gizləyərəm sinəmdə səni,
Min il gəzsələr də tapa bilməzlər…

Mənəm

Sənli günlərimi yadıma salıb,
Fikri çözələnib, sökülən mənəm.
Gəlmirsən, ümidim yaman azalıb,
Gözləri yoluna dikilən mənəm.

Sevirdin, günahın, suçun mən idim,
Quşdan qanad alıb uçan mən idim,
Yazdın, çiçək-çiçək açan mən idim,
Qışsan, ləçək-ləçək tökülən mənəm.

Qəlbinə hamıdan yaxın da məndim,
Gözlərindən qaçan yuxun da məndim,
Onda yollarına çıxan da məndim,
İndi yollarından çəkilən mənəm.

Oldum

Endi bu sevginin bəxti zirvədən
Qalıb quzeyində pərişan oldum.
Hər gün yelpikləyib xatirələri,
Közərən oduna alışan oldum.

Bilmirəm bu yolda günaham, suçam,
Daha bu düyünü tapılmaz açan,
Hər payız gələndə bahara uçan
Qərib durnalara qarışan oldum.

Dolan buludundan qəlbim nəm çəkir,
Dərdi olan bilər çəkən nə çəkir.
Sənli günlərimi bir nağıl təki,
Sənsiz günlərimə danışan oldum.

Çətin o günlərə biz qanad açaq,
İnanma təzədən yana o ocaq.
Döyüş meydanıdır bu həyat, ancaq
Mənsə öz-özümlə vuruşan oldum.

Adlayıb keçməkçün bu keşməkeşdən,
İşıq çəkəmmədim o nur gülüşdən,
Sənin işığını gündüz günəşdən,
Gecə ulduzlardan soruşan oldum.

Daha bu tərəfə əsməz yellərin
Dərin dərələri aşmaz sellərin,
Saçımda ağ cığır açan illərin
Axırda hökmüylə barışan oldum.

Tural Adışirinin təqdimatında