Ev Bədii Şuşa kimi sevirik! – Əkbər Qoşalıdan yeni şeir

Şuşa kimi sevirik! – Əkbər Qoşalıdan yeni şeir

1308

Əkbər QOŞALI

ƏZİZ ŞUŞA

(Şuşa uğrunda döyüşmüş Vətən oğullarının adına bağışlayıram)

Ayağımız toxunub,
Nəfəsimiz dəyincə
Torpağına gül-çiçək,
Göyünə quş qayıdan,
Kor olan bulağına
Dirilib su qayıdan
Canımın canı şəhər!

Mənim qədim ölkəmin
Hər şəhəri əzizdir.
Şəhərlər inciməsin,
ancaq bu söz elə bil,
Sənin üçün yaranıb,
sənin üçün biçilib:
Əziz Şuşa!
Əziz Şuşa!
Demirəm,
biz səni
ana kimi,
bala kimi sevirik,
Çəmənində göy ota,
göy üzündə buluda,
quşa kimi sevirik;
Əziz Şuşa,
biz səni
Şuşa kimi sevirik!

Hər yerdə ağ bulud var,
Göyüzünün quşları –
Quş varsa, qanadı var;
Su çoxdur, torpaq çoxdur,
Hər yerdə Şuşa yoxdur…

Əziz Şuşa,
keçmişdən sual vermirsən, sağ ol,
Əziz Şuşa, sən bizi qınamırsan,
çox sağ ol! –
Biz səni tərk etmişdik,
Sən bizi tərk etmədin,
Biz səndə olmasaq da,
Can Şuşa, sən bizdəydin!

Canımın canı şəhər,
insanlar bir şəhərə
necə aşiq olurlar? – necə tərif eyləyim.
Sevgi “niyə”siz olur,
Sevgi “necə”siz olur,
O “niyə”siz, “necə”siz sevgilərdi
and oldu,
inama qanad oldu
O and, o inam idi
Oldu – yolumuz oldu,
“Dərələrdən sel kimi,
təpələrdən yel kimi”
bizi sənə, bizi sənə gətirdi.

Sənə gələn yolumuz
Canımızdan başladı;
İlahi yazı varsa –
Alnımızdan başladı.
Yollar sənə gətirdi;
Yollar səndə qurtarmır –
Zəngəzurun,
Göyçənin,
İrəvanın yolları
səndən görünür, Şuşa!
əlini qəlbimə qoy,
gör bir necə döyünür…