Ev Bədii Öpdüm gözlərindən ayrılıqların.. – Şeirlər

Öpdüm gözlərindən ayrılıqların.. – Şeirlər

1307

Əlisəmid KÜR

Nə ola-ola

Çölün dumanında azıb qalasan,
Bir qoyun sürüsü otlayan yerdə.
Əlini dizinə çırpıb qalasan
Ürəyin buz kimi çatlayan yerdə.
Sonrası… sonrası nə ola-ola.

Ocağın da sönə, düşəsən dərdə,
Yanasan, öz tüstün başından çıxa.
Bıçağın sümüyə dirənən yerdə
Cibindən pas atmış bıçağın çıxa.
Sonrası… sonrası nə ola-ola.

Əynində quruya nimdaş köynəyin,
Tənhalıq içində canın sıxıla.
Görəsən sinəndə bir daş göynəyir,
Qəfildən bir quzu sənə qısıla…
Sonrası… sonrası nə ola-ola.

Quru çörəyini böləsən yarı…
İllah da bir yandan duman, çən ola.
Qurbanlıq quzusan, quzu qardaşım!
Bıçağımdan qorxma…
Sonrası… sonrası nə ola-ola.

Adam cibindən üşüyər

Nə baxırsan yoxsul bəyə,
Nə gülürsən bu kişiyə?!.
Ağac içindən oyular, –
Adam cibindən üşüyər…

Pul əl çirkidi… Yalandı.
Malın verən canın verər.
Ağac içindən sıyrılar,
Adam canından çürüyər.

Kasıb qəribdi Vətəndə, –
Qalıb yollarda tövşüyər.
Adam canından sıyrılar,
Adam cibindən üşüyər.

Sən – dərzi qız …

Ömrü parça-parça dağılmış,
misraları yetim,
balaları dərbədər.
Bu yalquzaq ömrümə
hardan gəlib çıxdın,
dərzi qız?..

Baxıb bu dünyaya
nəğmələr oxuyurdun,
təzə-təzə söz tikirdin
köynəklərin yaxalığına.
Ürəyində ev tikirdin,
ev qururdun
yalqız-yalqız
Bu yalquzaq ömrümə
hardan gəlib çıxdın,
dərzi qız?!

Mənə çox şeyləri öyrədib şəhər,
qızdırma içində,
“narkoz” altında.
Mənim ürəyimin çiçək yerindən
bir kafe sökülüb “Nərgiz” adında.
Sən ki, ürəyində ev tikirdin,
ev qururdun yalqız-yalqız.
Bu yalquzaq ömrümə
hardan gəlib çıxdın, dərzi qız?..

İndi buyur,
dağılan taleyi təzədən qur.
Ömründən təzə parça kəs,
cala ömrümə.
Həsrətimi qayçıla,
dərdlərimi yama.
Mən yalquzaq,
Sən – dərzi qız.
Yana-yana, dərzi qız, yana-yana.

Alo, mən səni görürəm

Yuxarı mərtəbədən gələn mahnı
Ürəyimi göynədən vaxtda
əllərim qoynumda
uzanmışam çarpayıda.
Tavandan,divarlardan
Kədərli üzlər,
Dilxor maskalar asılır
Səni düşündükcə, qızım!
Hər oxunan nəğmə
Bir doğma anı yada salar,
Hər tanış səs bir doğma üzü
Canlandırar gözlərimizdə…
Telefon zəngi.
-Alo, Bakıyla danışın.
-Al-lo! Qızım, sənsənmi?!
-…

-Al-lo!
…2400 kilometrlik həsrətin içində
Qatar keçdi deyəsən.
Bir zahı bulud
Silkələdi telefon xətlərini.
Yüz saniyəlik sükutun arxasına
Sığdı bir insan ömrü.
-Alo! Alo!!
-A-ta! A-ta!
…Üzün yadımdan çıxır,
İlğım axır dalğa-dalğa
Yaddaşımın dörd olmuş gözündən.
Yuxu da yalanmış, fotoşəkil də yalan…
-Alo! Alo!
-Ata, məni eşidirsən?
-Al-lo, mən səni görürəm, qızım…

Adamlar dəyişir havalar kimi

Çəkilib uzaqdan baxdım özümə, –
Gördüm görkəmim dəyişib,
Üst-başım tamam köhnəlib,
Dabanı yeyilib çəkmələrimin…

Tanrının gözünə dik baxdığımdan
Xəbərim olmayıb üzümə düşən qırışdan
Yaman inanmışam arvad sözünə:
«- Dağa bənzəyirsən sən bu duruşda».

Güzgüdə özünə baxıb göz vuran
O şux, o kür adam mən deyilmişəm.
Adamlar dəyişir havalar kimi
İlahi, mən niyə dəyişməmişəm?!

Dünyaya piyada gəlib-gedənlər
Odu eee… yanımdan atlanıb keçir.
Ürək qızdırdığım, çörək kəsdiyim
Qəfildən üstümdən atdanıb keçir.

Mən koram… Sən hara baxırsan, Tanrım!
Sənin də oyunun yamannan-yaman.
Haqqın tərəzisi qurulan vaxtı
Kiminə taxt verdin, kiminə palan.

Çəkilib uzaqdan özümə baxdım, –
bir də üzə gülüb,
arxamca daş atanlara…
Yol üstə ilantək qıvrılanlara…
Başımın üstündə qovğalar kimi
Bu yağış adamlar, külək adamlar –
Bu payız oğlanlar, bu qış gözəllər,
Bu külək oğlanlar, kələk oğlanlar,
Bu payız gözəllər, bu xəzəl qızlar,
Dayanıb yolumda qovğalar kimi, –
Adamlar dəyişir havalar kimi, –
Niyə dəyişmədin, Cəfərin oğlu?!

Bir anda yüz il yaşadım

Hamını yadıma saldım
bir gün ata ocağında.
Bir anda yüz il yaşadım,
Bir anda yüz il qocaldım
həsrətin künc-bucağında.

Titrədi atamın baş daşı,
ürpəndi anamın əlləri.
İndicə qırılıb dağılacaq
baxdığın güzgü –
Titrəyir yanağında
göz yaşları –
titrətir qızımın telləri.

Bir anda yüz il yaşadım.

Gördüm vaxt geri fırlanır,
önümdə zaman dillənir.
Köhnə divar saatında –
kəfkirdə qızım yellənir.

Titrəyə-titrəyə qalxdım ayağa,
Dilimdən bir kəlmə
söz də çıxmadı.
Öpdüm əllərindən xatirələrin,
öpdüm gözlərindən ayrılıqların…

Bir anda yüz il yaşadım
həsrətin künc-bucağında.
Bir anda yüz il qocaldım
ilin-günün bu çağında.

Gecələr sən yatandan sonra

Gecələr sən yatandan sonra
Öpürəm alnından,
Keçirəm yan otağa –
Bir ağ varağa yoldaş olmağa.

Ürəyim atlanır varağın üstə
Sənə xəyanətim – yuxusuz gecə
İndi bax, indi bax,
Məni silkələyən səs qoşulub
Unudub özümü çıxıb gedəcəm.

Gecələri yatmadığım günlər artır –
Sözlərim bir yandan.
Hansı misram oyaq deyilsə,
Yatır mənim əvəzimə.

Üstü açıq yatır narahat sözlər,
Səksənib ayılsan
Üstünü örtərsən misralarımın..

Gecələr sən yatandan sonra
Öpürəm alnından,
Keçirəm yan otağa –
Bir ağ varağa yoldaş olmağa.

Atamın ayaqları

Hara getdim dara düşdüm
Atamın ayaqları süründü arxamca
İndi
Atamın ayaqları Sibirdi
Özü kimi ayaqları da yuxusuz…
Üz sürtdüm ayaqlarına,
Qəlpə giziltisindən
Diksindi qulaqlarım.
Çəliyi ayaqlarına başdaşı Atam!
Səcdənə gəldim,
Ayaqlarını suya qoy,
Dirilik suyu kimi ayağının suyunu içim Atam oy!
Əlimdən nə gəlir daha
Ayaqlarımı verim, yeri, Atam!
Laylay atam, ayaqlarına laylay!
Ayaqları yuxusuz, əlləri oyaq, ürəyi dipdiri Pir Atam!

Tural Adışirinin təqdimatında